Sultangazidə çantasında təxminən 1 kilo qızıl olan zərgər M.M.-nin ardınca iki silahlı şəxs düşüb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə saat 20.45 radələrində 2202. Yıl məhəlləsində baş verib. İddiaya görə, zərgər M.M. mağazadan çıxandan sonra iki silahlı şəxs onu evinə qədər təqib edib. Şübhəlilər M.M. evinə girərkən yanında olan 1 kiloya yaxın qızılı oğurlamaq istəyib.
Çantanı verməyən M.M. bir müddət müqavimət göstərib. Daha sonra şübhəlilər əllərində olan silahla ona atəş açıblar. M.M. Ayaqlarından və başından güllə yarası alıb. Soyğunçular qızılları götürüb qaçıblar.
Qonşuların məlumatı üzrə hadisə yerinə təcili tibbi yardım və polis sövq edilib. Təcili tibbi yardım əməkdaşları ağır yaralı M.M-ni xəstəxanaya çatdırıb. Lakin edilən bütün müdaxilələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Hadisədən sonra polislər çanta ilə qaçan şübhəliləri tutmaq üçün istintaq başladıb. Axtarışlar davam edir.