İllər ötür, dövrlər dəyişir, millimiz Avropa və dünya çempionatlarının seçmə mərhələsində və yaxud Millətlər Liqasında sadəcə iştirak etməklə kifayətlənir. Müstəqilliyimizin ilk illərində yerli məşqçilər, daha sonra əcnəbilər komandamıza uğur qazandırmağa çalışsalar da, bundan heç bir nəticə əldə olunmur. Hər nə qədər ümidimizi millimizdən üzsək də, Tanrının ətəyindən əl çəkmirik. Elə fikirləşirik ki, yeni tsikllərdə bəlkə bir qədər irəliləyiş görərik.
Elə indi də yarımcan vəziyyətindəyik. Komandamızın yarıtmazlığını bildiyimiz halda, yenə də möcüzəyə ümid edirik. Yeni məşqçi gələndə arzularımız daha da cuşa gəlir. Hərçənd bu dəfə də özümüzü aldadırıq. Əvvəla, portuqaliyalı mütəxəssis Fernandu Santuşun Polşa millisi və “Beşiktaş”da uğursuzluqları nikbinliyə əsas vermir. İkincisi də ki, ötən Millətlər Liqasında Slovakiya yığmasına, AÇ-nin son seçmə mərhələsində İsveç və Estoniya millilərinə vurduğumuz zərbənin əvəzindən qorxuruq. Əslində, məğlub edə bildiyin rəqibdən qorxmağa heç bir əsas yoxdur. Amma pirimizin kəramətinin az olduğunu nəzərə alıb ehtiyat etməyə əsasımız var.
Hər nə qədər ötən Millətlər Liqasında Qazaxıstan, Slovakiya və Belarusun əhatəsində 2-ci pilləni tutmağı bacarsaq da, bu dəfə işimiz daha çətin olacaq. Ötən il noyabrın 16-da Bakıda 3:0 hesabı ilə məğlub etdiyimiz İsveçlə yenidən hesablaşmaq yerinə düşməsə də, bu haradasa nəyə qadir olduğumuzu bir daha göstərəcək. Doğrusu, rəqib bizə tanış olduğundan, ötən seçmə mərhələdə hər iki oyunda onları təhlil etdiyimizdən, bu rəqib haqda təqdimat hazırlamaq onlarla yenidən oynamaq qədər çətindir. Amma bizdə məşqçi dəyişdiyi kimi onlar da yeni çalışdırcısına qovuşub. Bu haradasa qarşımızda yeni komanda görəcəyimizdən xəbər verir.
Amma Yon Dal Tomassonun gəlişindən sonra “Tre Krunnur”da inkişaf meyllərini sezmək olmur. Danimarka millisinin sabiq hücumçusunun başçılığı altında skandinaviyalılar keçirdiyi 4 oyunun 3-də məğlub olub. Yalnız bu müddət ərzində Albaniya seçməsini 1:0 hesabı ilə udublar. Portuqaliya (2:5), Danimarka (1:2) və Serbiya (0:3) ilə oyunlarda isə imkanlarından aşağı səviyyədə çıxış ediblər.
Göründüyü kimi, son 4 oyunda həm məhsuldarlıqları aşağıdır, həm də müdafiədə ciddi problemləri var. Son iki nəhəng turnirdən kənarda qalan bu komanda üçün qarşıdakı Millətlər Liqası DÇ-nin seçmə mərhələsi ərəfəsində sınaq meydançası olacaq. Elə millimizlə ilk oyun psixoloji böhrandan çıxmaq üçün əla imkan olacaq.
İsveç millisinin heyətinə nəzər salanda, komandada tam olaraq da nəsildəyişmə prosesinin getdiyini söyləmək olmur. Hər halda, bu komandanın heyətində Aleksandr İsak, Deyan Kuluşevski və Viktor Gyökereş kimi Avropanın ən potensiallı hücum triolarından biri var. Müdafiəçiləri arasında “Atalanta”, “Lill”, “Selta” klublarının nümayəndələri varsa, orta xəttdə “Volfsburq”, “Brayton”, “Tottenhem” və “Ayntraxt”ın üzvlərini görürük.
Əslində, son 10 ayda heyətdə elə də ciddi dəyişiklik yoxdur. Həmin vaxt bizə qarşı oynayan komandanın əsas qapıçısı Robin Olsen, Viktor Lindelöf və Emil Forsberq Bakıya gəlməyəcək. Hər üçü hazırda zədədən əziyyət çəkir. Amma noyabrda zədə səbəbindən Bakıya gələ bilməyən “Nyukasl”ın hücumçusu Aleksandr İsakı bu dəfə iş başında görəcəyik.
Bəs, Yanne Andersonu əvəzləyən Yon Dal Tomasson bizə hansı sürprizləri hazırlaya bilər? Əslində, Santuşla ilk oyununa çıxacaq millimizin özü Tomasson üçün sürpriz olacaq. O, komandamızın Canni de Byazi və Arif Əsədovun dövrlərindəki oyunlarını təhlil edə bilər, amma Santuşun hansı taktikaya üstünlük verəcəyi nəinki İsveç millisinin baş məşqçisi, hətta bizim üçün də aydın deyil. Təbii ki, yoldaşlıq oyunlarında rotasiyalara əl atan, taktiki düzülüşləri sınaqdan keçirən Tomassonun da ilk rəsmi oyunda hansı taktikanı işə salacağını bilmirik.
Ən böyük müəmma danimarkalı mütəxəssisin Bakıda hansı qapıçıya şans verəcəyidir? Belə ki, “Derbi Kaunti”nin qolkiperi Yakob Videl Zetterströmlə “Stok Siti”nin “çərçivə qoruyucusu” Viktor Yohansson yığmada yalnız 1 oyunda meydana çıxıb. AİK-dən Kristofer Nortdfeltd 18 dəfə millinin qapısını qorusa da, onun 35 yaşının olduğunu nəzərə almaq lazımdır. Amma o da vaxtilə “Herenveen”, “Suonsi” və “Gənclərbirliyi” kimi komandalarda top qovub. Bəlkə də təcrübə amilinə görə ona şans verilər.
Müdafiə xəttinə gəlincə, Lindelöfün zədəli olması haradasa işimizə yarayar. “Mançester Yunayted”in mərkəz müdafiəçisi İsveç millisinin arxa xəttinin dirəyi sayılır. Onun yoxluğunda Tomasson yaxınlarda “Qarabağ”a qarşı oynayan “Ludoqorets”in müdafiəçisi Edvin Kurtuluşa və yaxud “Selta”nın üzvü Karl Starfeltə şans verəcək. Digər mərkəz müdafiəçisi kimi isə “Atalanta”nın futbolçusu İsak Hien meydana çıxacaq. Təbii ki, bu oyunçuların perspektivini müzakirə etməyə dəyməz. Amma onların bir-biri ilə hələ də tam anlaşa bilməməsi və müəyyən mənada mövqe səhvləri işimizi asanlaşdıra bilər.
Sağ cinahda Polşanın “Poqon” klubundan Linus Valkvist, əks tərəfdə “Anderlext”dən Viktor Auqistinson mübarizə aparacaq. Amma Tomasson 4 müdafiəçidən vaz keçib 3-lü sistemə də keçə bilər. Danimarka yığmasına 1:2 hesabı ilə məğlub olduqları matçda 3 mərkəz müdafiəçisi ilə oynamışdılar.
Yarımmüdafiə xəttində də yetərincə sürprizlə qarşılaşa bilərik. Böyük ehtimalla ortada dağıdıcılıq funskiyasını “İpsviç”də çıxış edən Yens Kayuste həyata keçirəcək. Onun yanına Tomassonun gəlişindən sonra şans qazanan AİK-in orta xətt oyunçusu Anton Salestros təhkim olunacaq. Etiraf edək ki, bu iki orta xətt oyunçusu döyüşkənliyi ilə seçilsə də, potensialları məhduddur.
Bizi narahat edən məqam cinahlar olmalıdır. Forsberqin yoxluğu işimizə yaraya bilər, amma “Mançester Yunayted”dən “Nottingem Forest”ə keçən Antoni Elanqa ilə “Tottenhem”in aparıcı fiqurlarından olan Deyan Kuluşevskini necə saxlayacağımız maraq doğurur. Doğrudur, bu iki futbolçuya ötən noyabrda Bakıda göz açmağa imkan vermədik. Amma bu dəfə onların gözünün odunu almaq heç də asan olmayacaq.
Hücumun sivri ucunda isə “Nyukasl”ın vuran ayağı Aleksander İsak yetərincə əsəblərimizlə oynayacaq. Hələ hazırda Avropanın nəhəng klublarının ələ keçirmək istədiyi Viktor Gökereşi döyüşə atsalar, nə olacağını deyə bilmərik.
Bəs, qonaqlara qarşı necə oynayaq? Müdafiə olunarkən əsasən cinahları bağlamalıyıq. Doğrudur, bunu yazmaqdan asan heç nə yoxdur, tətbiq etmək çox çətindir. Amma nəsə əldə etmək istəyiriksə, qarmağı həmin tərəfə atmalıyıq. Standart vəziyyətlər və hava toplarından danışmağa dəyməz. Cinahlarda özlərini suda balıq kimi hiss edirlərsə, hava toplarında göydə quş kimi hərəkət edirlər. Hə, bir də uzaqdan zərbələrə çox üstünlük verirlər. Tomassonun gəlişindən sonra bu yöndə çox “artırıblar”.
O ki, qaldı necə hücum edəcəyimizə, mümkün qədər müdafiənin arxasına çox top atmalıyıq. Geri qayıdanda ciddi problemlər yaşayırlar. Son olaraq Serbiya millisi ilə oyunda dəfələrlə belə problemlə üzləşdilər. Həmin oyundan söz düşmüşkən, serblər onları cinahlardan çox narahat edirdi. Biz bacaracağıqmı? Görək, müdafiə futboluna üstünlük verən Santuş futbolçularımızı oyuna necə kökləyəcək? Bizə də maraqlıdır…
AZƏRBAYCAN – İSVEÇ: TARİXİ RƏQABƏT
1. 02.09.2000. Bakı. Dünya Çempionatının seçmə mərhələsi. Azərbaycan – İsveç 0:1
2. 07.10.2001. Stokholm. Dünya Çempionatının seçmə mərhələsi. İsveç – Azərbaycan 3:0
3. 27.03.2023. Stokholm. Avropa Çempionatının seçmə mərhələsi. İsveç – Azərbaycan 5:0
4. 16.11.2023. Bakı. Avropa Çempionatının seçmə mərhələsi. Azərbaycan – İsveç 3:0
AĞA