EN

Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfəri (ŞƏRH)

"İtaliya Azərbaycanla Avropa arasında ticari əlaqələrin genişlənməsində effektiv açar rolunu oynayır".

Qaynarinfo-ya açıqlamasında bunu siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu Azərbayan Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfərini şərh edərkən deyib:  

"Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfəri çox əhəmiyyətlidir. Roma ilə Bakı arasında siyasi və ticari münasibətlər dinamik inkişaf etməkdədir. Müasir dövrdə dünyada, həm də Cənubi Qafqaz regionunda geosiyasi reallıqlar sürətlə dəyişməkdədir. Bu dəyişikliklər fonunda Azərbaycanla İtaliya arasında münasibətlərin, tərəfdaşlığın xarakteri tərəflərin həm siyasi, həm də iqtisadi maraqlarının uğurlu təmini üçün həlledici amil rolunda çıxış edir".

Ekspert qeyd edir ki, Roma və Bakı müxtəlif istiqamətlər üzrə sıx əməkdaşlıq edir: 
 


"Bu enerji sahəsindən tutmuş, müdafiə sahəsinə qədər ən müxtəlif sahələri əhatə edir. Xüsusilə də enerji sahəsində oturuşmuş əməkdaşlıq mövcuddur və sürətlə inkişaf edir. Təkcə ötən il Azərbaycan İtaliyaya TAP vasitəsilə 10 milyard kubmetr miqdarında təbii qaz nəql edib. İtaliya ölkəmizlə Avropa arasında ticari əlaqələrin genişlənməsində effektiv açar rolunu oynayır. İtaliya həm də Azərbaycanda energetika sahəsinin inkişafında yaxından iştirak edir. İtaliyanın məşhur şirkəti "Ansaldo energia” ilə "Azərenerji” arasında razılaşma imzalanıb. Ona əsasən Azərbaycanda yeni inşa edilən elektrik stansiyası 4 qaz trubini ilə təchiz ediləcək. Azərbaycan noyabrda olduqca əhəmiyyətli COP29 tədbirinə ev sahibliyi edəcək. Bu tədbir Roma tərəfindən də ciddi izlənilir. İtaliya hər zaman bu sahədə Bakı ilə yaxından əməkdaşlıq etmək niyyətini nümayiş etdirib”. 

E. Mirbəşiroğlu deyir ki, İtaliya şirkətləri həmçinin Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bərpa-quruculuq işlərində iştirakda da maraqlıdır:

"Ölkəmizdə Azərbaycan-İtaliya Universiteti də fəaliyyət göstərir. Bu isə elm və təhsil sahəsində də iki ölkə arasında yaxın əməkdaşlığın mövcudluğundan xəbər verir. Azərbaycanın multikultural mühiti İtaliya tərəfindən hər zaman rəğbətlə qarşılanıb. Bu baxımdan Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfəri hər iki ölkənin gələcək münasibət və əlaqələrinin daha dinamik inkişaf edərək yeni mərhələyə keçməsini şərtləndirəcək”.  

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev İtaliya lideri Sercio Mattarellanın dəvəti ilə sentyabrın 4-də Romaya işgüzar səfərə gedib.

Rüfət Sultan
Chosen
73
qaynarinfo.az

1Sources