EN

Solarium cihazlarının bilmədiyiniz ZƏRƏRLƏRİ - Həkim AÇIQLADI

Son zamanlar solariuma getmək dəb halını alıb. Solarium ultrabənövşəyi (UV) şüalardan istifadə edərək dərini qaraltmaq üçün nəzərdə tutulmuş bir cihazdır. Günəş işığının az olduğu dövrlərdə və ya tez bir zamanda müəyyən qaralma səviyyəsinə çatmaq istəyən insanlar tərəfindən solariuma üstünlük verilir. Sürətli bronzlaşma üçün seçilən ilk üsul olsa da, solariumun bir sıra zərərləri var.

 

Bəs həmin zərərlər hansılardır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim dermatoloq Nigar Abdullayeva bildirib ki, solariumlardan istifadə edən insanlar da özlərini daha yaxşı hiss etmək üçün buna üstünlük verirlər.

 

“Solarium istifadəsinin dəri xərçəngi və erkən yaşlanma kimi zərər və riskləri var. Solariumun zərərlərini və risklərini azaltmaq üçün seans müddətini azaltmaq və qoruyucu eynəklərdən istifadə kimi məsələlərə xüsusi diqqət yetirmək vacibdir. İstifadə tezliyi və seans müddəti nəzərə alınmalı ən vacib amillərdəndir. Seanslar arasında dərinin istirahət etməsi üçün vaxt vacibdir. İki seans arasında ən azı 48 saat olması tövsiyə olunur. Dərini solariuma hazırlamaq üçün istifadə edilən losyonlar mütəmadi olaraq tətbiq edilməlidir. Solariumdan istifadə edərkən gözləri qorumaq üçün xüsusi günəşdən qoruyucu eynək taxmaq önəmlidir. Göz ultrabənövşəyi şüalara çox həssas olduğu üçün bu eynəklərdən istifadə vacibdir”.

 

Həkim qeyd edib ki, 35 yaşından əvvəl solariumdan istifadə bu riskləri daha da artırır.

 

“Bu gün dünyada yüz milyonlarla insan solyari qəbul edir ki, bu da insanları birbaşa xərçəng riski ilə üz-üzə qoyur. Artıq Ümumdünya Səhiyyə Təşkilatı süni ultrabənövşəyi şüaların qəbulu nəticəsində bədxassəli şişlərin yaranma ehtimalının siqaret və alkoqollu içkilər qəbul edənlərlə bərabər səviyyədə olduğunu bəyan edib. Ultrabənövşəyi şüaların təsirinə məruz qalan orqanizm isə xərçəng olmasa belə, müxtəlif fəsadlara məruz qalır. Onu da deyim ki, bədxassəli şişlər orqanizmdə özünü o saat büruzə vermir. Bu xəstəliyin özünü göstərməsi bir neçə il sonraya təsadüf edə bilər. Ancaq gözlərdə qızartı, üz və bədən nahiyəsinin şişməsi kimi hallara şüaların təsirindən dərhal sonra rast gəlinir”.

 

Onun sözlərinə görə, solarium cihazlarından yayılan UVA şüaları dəridəki kollagen və elastin liflərini zədələyərək dəridə qırışlar və incə xəttlər əmələ gətirir:

 

“Solarium cihazlarının həddindən artıq istifadəsi dəridə günəş yanığı kimi yanıqlara, dərinin qurumasına və həssaslığın artmasına səbəb lur. UVA şüaları dəridə melanin istehsalını artırır, bu da dəri ləkələrinə səbəb ola bilər. Bu, insandan insana dəyişə bilər, lakin zaman keçdikcə bu ləkələr daha çox nəzərə çarpa bilər. Solariumun gözlərə zərəri olub-olmaması sualının cavabı birbaşa solarium zamanı qoruyucu eynəklərdən istifadə ilə bağlıdır. Gözlər qorunmazsa, UV şüalarına məruz qalacaqları üçün mümkün risklər var. Solarium zamanı gözlər qorunmazsa, katarakt əmələ gəlmə riski çox yüksəkdir. Bu cihazlardan yayılan şüalar gözün buynuz qişasına zərər verə bilər. Solariumdan sonra dəri mütəmadi olaraq yoxlanılmalıdır. Ləkə kimi dəyişikliklər müşahidə olunarsa, bir dermatoloqa müraciət edilməlidir”.

 

Ülkər Abdurahmanlı

 

Chosen
136
1
sfera.az

2Sources