EN

Qadın və kişinin üstünlüyü mövzusunda baş yormaq mənasızdır - YAZIÇIDAN AÇIQLAMA

Azərbaycan Şərqdə qadına ilk dəfə səsvermnə hüququ verən dövlətdir. Ölkəmiz bu mövzuda bugünün inkişaf etmiş və inkişaf etməkdə olan bəzi dövlətlərindən daha əvvəl qadınların hüquq və azadlıqlarına öz münasibətini bildirib. Belə ki, İngiltərə və Almaniya 1918, Avstriya və Hollandiya 1919-cu, ABŞ 1920-ci, Fransa 1944-cü, Yunanıstan 1952-ci və İsveçrə 1971-ci ildən etibarən ölkə səviyyəsində qadınlara səsvermə hüququ versə də, ölkəmizdə qadınlar 1917-ci ildə bu hüquqdan istifadə edə bilib.

Bu gün Azərbaycan dövlət səviyyəsində qadınların hüquqlarının qorunmasına, onların ictimai-siyasi həyatda aktivliyinə və sosial bərabərliyinə önəm verir. Dövlətin struktur vəzifələrində, parlamentdə, eləcə də dövlət və özəl sektorda, xidmət sahələrində qadınların bəzən müəyyən faiz göstəricisi ilə üstünlüyü də müşahidə edilir.

Dövlətin yuxarı instansiyalarında və müəyyən xidmət sektorlarında qadınların hüquq və azadlıqlarının qorunmasına baxmayaraq, cəmiyyətdə hələ də bu mövzuda anlaşılmazlıqlar yaşanır. Uzun illərdir ölkə rəhbərliyinin bu istiqamətdə atdığı addımlara rəğmən, sanki əhalinin müəyyən təbəqəsi öz doğrularından başqa həqiqətləri, dünyəviləşməyi qəbul etmək istəmir.

Mövzu ilə əlaqədar Avtosfer.az-a açıqlama verən yazıçı, feminist Aysel Əlizadə deyib ki, qadın hüquq və azadlıqlarının qorunması məsələsində əhalinin reaksiyası daha yavaş idi.

“Əslində son illərdə Azərbaycan kişilərinin bu mövzuda xeyli inkişaf etdiyini görə bilərik. Əvvəllər qadın azadlığına qarşı hüquq pozuntusu olsa, kişilər dərhal öz həmcinslərinə dəstək nümayiş etdirirdilər. Məsələn, ail-məişət zəmnində hansısa qətl olanda, qadına qarşı hansısa zorakılıq aktı olanda Azərbaycanlı kişilər dərhal zorakılıq edilən, yaxud öldürülən qadınla bağlı qeyri-etik fikirlər səsləndirirdilər. İndi isə əksinə, hardasa gender bərabərliyi pozulanda, kimsə öz ritorikasında Konstitusiyanın 25-ci maddəsində qeyd edilən bərabərliyi pozan cümlələrə yol verirsə, indi ona qarşı çıxan, onu dəstəkləməyən kişilərin sayı artıb. Bu çox yaxşı haldır. Bu hüquqi dövlətə çevrilmək deməkdir. Bu müstəqillik mövzusunda atdığımız vacib addımlardan biridir. Doğrudur, yenə də bərabərliyi qəbul etməyənlər var. Lakin əvvəlki dövrlərlə müqayisədə gender bərabərliyini dəstəkləyənlərin sayı xeyli artıb. Azərbaycan tarixinə baxsaq görərik ki, Cümhuriyyətimizin qurucu simaları arasında Azərbaycanda qadına səsvermə hüququ, təhsil və başqa hüquqların verilməsini dəstəkləyən maarifçi kişilərin olduğunu da görərik. Hər xalqın tarixi də belə olmur. İslam dininin sıx yayıldığı coğrafiyadakı hər ölkədə belə kişilər, belə siyasətçilərin olduğunu deyə bilmərik. Bizim isə bütün maarifçi, dövlətçi və mədəni hərəkatlarımız bu bərabərliyin üzərində çalışan, buna cəhd edən insanlardan ibarətdir. Məhəmməd Əmin Rəsulzadənin qadınların təhsil alması, irəli getməsi və bərabərlik haqqında, Yusif Vəzir Çəmənzəminlinin ana və analıq hissi haqqında məqalə və əsərləri var. Üzeyir Hacıbəylinin qadınları teatrda səhnəyə çıxarmağı, ilk dəfə Şövkət Məmmədovaya dəstək olması və onun da Şərqdə ilk operanı yazması bu ölkəə qadın hüquqlarına nə qədər dəyər verildiyinin göstəricisidir. Bütün bunların nəticəsi kimi bu gün qadınlar və kişilər arasında hüquqi sosial bərabərlik ölkənin ali qanununda belə qeyd olunur.

Bəzən dövlət və özəl sektorda işləyən qadınlar bu mövzularda öz şikayətlərini bildirirlər. Bunlar daha çox maaşların bərabər olmaması ilə bağlıdır. Lakin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi bununla əlaqədar açıqlama verərək bildirib ki, bütün istiqamətlərdə maaşların bərabərləşdirilməsinə çalışırlar. Doğrudur, bəzən mövzudan xəbəri olmayan, araşdırma aparmayan adamlar çıxıb fikir bildirir. Amma ən azından dövlət bu məsələləri tənzimləmək üçün çalışır. Ən azından ortada cəhd var.

Bizdə belə hüquq pozuntuları ailədə baş verir. Ailə quldarlığı, məişət quldarlığı ölkənin bütün bölgələrində geniş yayılıb. Biz araşdırma aparsaq görərik ki, Azərbaycanın bölgələrində 10 evdən 9-da evin bütün məişət, fiziki, mənəvi və əxlaqi yükü qadının üzərinə düşür. Hətta elə evlər var ki, kişi burda əxlaqi yükdən tamamilə azaddır. Hətta bəzi yerlərdə kişi əxlaq qaydalarından da azaddır. Yəni kişi istədiyi vaxt gedib kənarda istədiyi işlə məşğul ola bilər, kiminsə qızına sataşa bilər, maşını yolun kənarında saxlayıb başqa qadınla söhbət edə, evlilikdən əlavə həyat yaşaya bilər. İctimai mövzuda qayda pozuntularına hazırda həm kişilər həm də qadınlar mane olurlar. Bir kişi güclü olmaq istəyirsə, o gedib güclü olmağı qarşısına məqsəd qoyur və lider olmaq istəyir. Liderlik keyfiyyətdir, bunun üçün insanlar gecə-gündüz yatmır çalışır, mübarizə aparır və qarşısına hədəf qoyur. Liderlik gedib “feysbukda” vaxt keçirmək deyil. İstənilən adam, kişi, yaxud qadın, liderdirsə, onu bütün ətrafı qəbul edir. Liderlik məsuliyyətdir, çünki sən başqalarının yükünü götürürsən və cavabdehlik daşıyırsan. Heç bir lider, heç bir güc çıxıb deməməlidir ki, siz hamınız zəif olun, mən lider olum. Sadəcə liderlər ağılları və davranışları ilə o qədər üstün olurlar ki, insanlar onun liderliyini qəbul edirlər. Liderin cinsiyyətinin bir önəmi yoxdur.

Aysel Əlizadə onu da qeyd edib ki, qadınlar da indi əvvəlki kimi öz hüquqlarının müdafiəsi məsələsində heç dəı passiv deyillər.

“Bölgələrdə bəzi problemlər var. Qadına qarşı münasibətdə hələ də mənfi nüanslar ortaya çıxır. Qadlna şərt atılması, öz həyatının seçimlərini etmək istəyən qadınlara qarşı ictimai qınaq olması faktları qalmaqdadır.

Nəqliyyat istiqamətində bəzən kişilərin özlərini başqalarından üstün tutması məsələsi də tez-tez şahidi olduğumuz məsələdir. Məsələn, avtomobillə irəlilədiyimiz dördyolun önündə tıxac varsa, heç vaxt soldan irəliləyən avtomobil sürücüləri arasında indiyə qədər qadın sürücünün yolayrıcında, yolun ortasında dayanıb hərəkətə mane olması halı ilə rastlaşmaq mümkün deyil. Harda yöndəmsiz avtomobil saxlayan, parklayan sürücü varsa, çox vaxt kişi sürücü olduğunu görürük. Bəzən deyirlər ki, qadın sürücülər bu məsələdə təcrübəsizdir və s. Ola bilər, lakin bu ondan irəli gəlir ki, əvvəllər qadınların avtomobil sahibi olması, sükan arxasına keçməsi, yolda, şəhərdə avtomobil idarə etməsi ənənəsi yox idi, ona görə də harda ki, qadın yol hərəkəti qaydasını pozurdu, o zaman bar-bar bağırırdılar ki, qadın qayda pozdu, qəzaya səbəb oldu... Amma indi var. Zamanla qadınlar avtomobil idarə etməyi təkmilləşdirdikcə, təcrübələri artdıqca görünür ki, qadınlar istədiklərində maşını çox yaxşı sürür. Əvvəllər qadın sürücülərə qarşı qərəz var idi. Cəmiyyətdə qadın sürücünün arxasında qaranlıq şəxslər axtarılırdı. “Allah bilir bu maşını bu xanıma kim alıb” düşüncəsi formalaşmışdı. Bu mövzuda mübarizə aparıldıqdan sonra artıq qadınlar kişilərlə bərabərhüquqlu sürücü kimi qəbul olunmağa başlayıb. Ümumiyyətlə, qadınların avtomobil idarə etməsi çox müsbət addımdır. Çünki ictimai nəqliyyatda hələ də qadınlara əl atan, bashabasdan istifadə edib sürtüşən, sivilizasiyadan bixəbər, əxlaqı yetişməyən adamlar hələ də var. Ona görə də qadınlar üçün ən təhlükəsiz nəqliyyat özünün fərdi avtomobilinin olmasıdır. Biz qadınlar indi polisin, 102 xidmətinin hesabına ölkədə yaranan qanuniliyin, təhlükəsizliyin fərqini hiss edirik. Demokratiya burda bilinir. Demokratiya ölkəni dəmir qanunlarla idarə edir, məhəlli qanunlarla yox”.

Yazıçı sonda vurğulayıb ki, Azərbaycanda hər kəs ölkədə qanunun aliliyi, hhüqn bərabərliyi uğrunda mübarizə aparmalıdır, kişi üstündür, qadın üstündür mövzuları üstündə baş yormaq mənasızdır.

Ölkənin yollarında qadın və kişi sürücülər arasında diskriminasiya edilib edilməməsi ilə bağlı sualımıza nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, heç bir nəqliyyat növündə qadın və kişi arasında hansısa ayrıseçkilik edilmir və qadınlar istəyərsə, ictimai nəqliyyat sürücüsü kimi də işə götürülə bilərlər.

“Azərbaycanda sürücülərin cinsləri arasında hər hansı fərq qoyulmur. Sürücülərin cinsi ilə bağlı məsələdə ümumiyyətlə hansısa problem mövcud deyil. Problem ümumilikdə sürücü anlayışındadır. Bu gün ölkədə sürücülük mədəniyyəti yoxa çıxıb. Bir sıra sürücülük kurs və məktəbləri artıq formal xarakter daşıyır. Onlar sürücülük mədəniyyətini, sürücülük bacarıqlarını lazımı qaydada öyrətmirlər. Son dövrlərdə cəmiyyətdə belə bir narazılıq yaranıb ki, niyə cərimələrin miqdarı yüksəldilir. Ona görə ki, qəsdən qayda pozan sürücülər var. Məhz belə insanlar magistral yollarda, şəhərin mərkəzində özünü apara bilmir və qəzalara səbəb olurlar. Sürücülük məktəblərinin fəaliyyəti və İnzibati Xətalar Məcəlləsinə yeniliklər edilməlidir. 2019-2023-cü illərə aid dövlət proqramı yarımçıq qalıb, o proqram davam etdirilməlidir. Bunların hamısı edilmədikcə, biz yollarda tam təhlükəsizliyə nail ola bilməyəcəyik”.

Nəqliyyat eksperti sonda onu da qeyd edib ki, ölkənin əqliyyat istiqamətində ən ciddi problemlərindən biri şou-biznes nümayəndələrinin qaydaları kobud şəkildə pozub, üstəlik bu hərəkətinin video-qeydiyyatını aparıb yaymasıdır. Bu insanlar başa düşmürlər ki, onlar öz fanatları var və bu adamlar qadın, yaxud kişi şou-biznes nümayəndəsinin etdiyi qanunsuzluqları təkrarlamağa cəhd edə bilər.

 

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Səfər Əlizadə

Chosen
80
16
avtosfer.az

10Sources