Sentyabrın 1-i Milli Məclisə növbədənkənar parlament seçkiləri keçirilib. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. İlkin nəticələrə uyğun olaraq dairələr üzrə lider namizədlər müəyyənləşib.
Belə ki, namizədlərin çoxu Azərbaycanın bölgələrini Milli Məclisdə təmsil edəcək. Onlar Milli Məclisin plenar və komitə iclaslarında iştirak etmək məcburiyyətindədirlər. Bəzi namizədlər var ki, onların Bakıda daimi qalacaq yeri və mülkiyyəti yoxdur.
Belə olan halda deputatların evlə təmin olunma məsələsi ortaya çıxır.
“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, onlar xidməti mənzillə təmin olunacaqlar.
Belə ki, Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir.
Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında daimi yaşayan və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan deputatın mənzil şəraiti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır.
Bundan başqa, deputatın daimi yaşadığı yer telefonla təchiz edilir.