BMW və “Toyota” hidrogen yanacaq hüceyrəsi texnologiyası sahəsində əməkdaşlıq ediblər.
İndex.az xəbər verir ki, onlar 2028-ci ildə ilk kütləvi istehsal olunan hidrogen avtomobillərini buraxmağa hazırlaşır.
İki avtomobil nəhəngi bu gün imzaladıqları yeni anlaşma memorandumu ilə yeni nəsil sıfır emissiyalı vasitələrin inkişaf prosesini sürətləndirəcək.
BMW-nin hidrogen vasitələrinin inkişafı departamentinin vitse-prezidenti Michael Rath, iki şirkətin ilk növbədə hidrogen yanacaq hüceyrəsi texnologiyasına diqqət yetirəcəyini və bu sahədə birlikdə çalışacağını bildirdi.
BMW öz hidrogen çənlərini inkişaf etdirərkən, “Toyota” və BMW birlikdə hidrogenlə işləyən yanacaq elementlərinin texnologiya səviyyəsini yüksəldəcək. Ancaq onu da qeyd edək ki, iki marka ayrı-ayrılıqda öz modellərini inkişaf etdirəcək və ortaq bir model üzərində işləməyəcək.
“Toyota” və BMW arasında əməkdaşlıq ilə komponentlərin standartlaşdırılması və hidrogen avtomobillərinin xərclərinin azaldılması planlaşdırılır. Onlar həmçinin hidrogen yanacaqdoldurma stansiyalarının sayını artırmaq və geniş istifadə üçün maneələri aradan qaldırmaq üçün birlikdə çalışacaqlar. Əslində bu tərəfdaşlıq ilk dəfə 2012-ci ildə başlayıb.