EN

Bu şəxslərə hər ay 150 manat veriləcək - Qərar

Yaşayış yerindən kənarda yerləşən vergi orqanında xidmətə qəbul olunması və ya vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq yaşayış yeri olmayan vergi orqanının vəzifəli şəxsinə və onun ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi Qaydası və məbləği təsdiq edilib.

Milli.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, yaşayış yerindən kənarda yerləşən vergi orqanında xidmətə qəbul olunması və ya vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan vergi orqanının vəzifəli şəxsinə xidmət keçdiyi dövr ərzində müvəqqəti yaşayış sahəsi üçün yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyası hər ay aşağıdakı məbləğlərdə verilir:

- Bakı şəhərində - 150 manat;

- Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda - 100 manat;

- başqa şəhər və rayon mərkəzlərində - 75 manat;

- digər yaşayış məntəqələrində - 55 manat.

Bu Qaydada qeyd olunan vəzifəli şəxsə onun hər bir ailə üzvünə görə həmin bənddə nəzərdə tutulan müvafiq kompensasiyaların 50 faizi məbləğində əlavə pul kompensasiyası verilir.

Bu Qayda ilə müəyyən edilmiş ödənişlər "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Həmçinin, mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi qaydası müəyyənləşib.

Yaşayış yerindən kənarda yerləşən vergi orqanında xidmətə qəbul olunması və ya vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan vergi orqanının vəzifəli şəxsi mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi üçün xidmət etdiyi vergi orqanına ərizə ilə müraciət edərək aşağıdakı sənədləri təqdim edir:

- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ərazi idarələri tərəfindən vergi orqanının vəzifəli şəxsinin xidmət etdiyi müvafiq vergi orqanının yerləşdiyi ərazidə onun və yetkinlik yaşına çatmış ailə üzvlərinin mülkiyyətində mənzilin (yaşayış sahəsinin) olub-olmaması haqqında verilən arayış;

- vergi orqanının vəzifəli şəxsinin mənzil kirayə götürməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilə;

- vergi orqanının vəzifəli şəxsinin və ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin (evli olduğu halda), 15 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin surəti.

Mənzil kirayəsi üçün pul kompensasiyası mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilənin imzalandığı gündən hesablanmaqla, lakin yeni vəzifəyə təyin edilmə günündən tez olmayaraq vergi orqanının vəzifəli şəxsinin xidmət etdiyi vergi orqanının rəhbərinin müvafiq əmrindən sonra verilir.

Bu Qayda ilə müəyyən edilmiş sənədlər 5 hər ildə bir dəfə (ilin sonunda olmaqla) yenidən toplanaraq, vergi orqanının maliyyə strukturuna təqdim edilməlidir. Həmçinin vəzifəli şəxsin ailə tərkibində dəyişikliklər baş verdikdə, bu barədə vəzifəli şəxs tərəfindən rəhbərliyə məruzə edilməli və pul kompensasiyası ilə bağlı müvafiq sənədlər təqdim olunmalıdır (bu Qaydanın 3.4-cü bəndinin tələbləri nəzərə alınmaqla).

Tələb olunan sənədlərin və ya məlumatların "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vergi orqanının vəzifəli şəxsindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vergi orqanının vəzifəli şəxsinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vergi orqanının vəzifəli şəxsi tərəfindən təmin edilir.

Mənzilin kirayəsi üçün pul kompensasiyası vergi orqanının vəzifəli şəxsinin təqdim etdiyi müqavilədə nəzərdə tutulan kirayə haqqı məbləğində, lakin bu Qaydanın ilə müəyyən edilmiş məbləğlərdən artıq olmamaq şərti ilə verilir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xidməti yaşayış sahəsi ilə (digər yaşayış sahəsi ilə) təmin edilmiş vergi orqanının vəzifəli şəxsinə mənzil kirayəsi üçün pul kompensasiyası verilmir.

Təsdiq edilən Qaydada göstərilən maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçiriləcək.

Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Milli.Az

Chosen
26
50
kanal.az

10Sources