Bu gün yığmamız Millətlər Liqasının yeni mövsümünün ilk matçında İsveçi qəbul edəcək.
Bilindiyi kimi, baş hakim Balaş Berkedi. “Football-plus.az”ın məlumatına görə, 40 yaşlı referi karyerasına Macarıstanın aşağı liqalarında başlayıb. 2011-ci ildən elita klublarının matçını idarə edən ədalət təmsilçisi 178 matçda 846 sarı, 29 qırmızı vərəqə göstərib. O, ilk dəfə əsas yığmaların matçında meydanda olacaq.
“Fit sahibi”nin karyerasını zəngin saya bilmərik. Düzdü, Berke Çempionlar, Avropa, Konfrans, Gənclər Liqalarıyla yanaşı, 17, 19 və 21 yaşadək futbolçulardan ibarət yığmalar arasında AÇ-nin seçmə mərhələ sınaqlarında iş başında olub. Lakin bu yöndə fəaliyyəti az oyunu əhatə edir. Həmçinin o nə klublarımızın, nə də millilərimiz matçına təyinat alıb.
Ümumiyyətlə, Berke karyerası ərzində idarə etdiyi 321 qarşılaşmada 1430 sarı, 74 qırmızı vərəqə üçün əlini cibinə aparıb.
Ümid edək ki, ölkəmizlə tanışlığı bizim üçün xoş olacaq.
KƏNAN BAHADIR