EN

"Qarabağ Universitetində də erməni dili tədris olunsun" — TƏKLİF

 İsrail məktəbində “İran” fənni tədris olunacaq. Paytaxt Təl-Əviv yaxınlığındakı Xolon şəhərinin “Navon” liseyində şagirdlərə “İran” adlı fənn keçiləcək. “Azad İran”ın yaydığı məlumatda bildirilib ki, şagirdlərə əsas təhsil sahələrindən biri kimi “İran” fənni təklif edilib və 15 əlaçı məktəbli bunu qəbul edib. Tədris zamanı şagirdlərə İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah), Rza Pəhləvi və oğlu Məhəmmədrza şah dövründə baş verən etiraz mitinqləri, İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin siyasəti, ölkədə məzhəb məsələləri, o cümlədən fars dili öyrədiləcək. Həmçinin şagirdlərə İsrailin İranla bağlı təhlükəsizlik və kəşfiyyat məsələləri də dərindən öyrədiləcək.

Tanınmış ermənişünas alim İsmayıl Tanrıverdi Demokrat.az-a açıqlamasında deyib ki, düşmən xalqlar bir-birinin dilini bilməlidirlər:

“Aydın məsələdir ki, iki ölkə arasında düşmənçilik varsa, silahlı münaqişə uzun illərdir davam edirsə, bu ölkələr bir-birinin dilini öyrənməli, bilməlidirlər. İsrail dövləti doğru addım atıb İran fars dilini tədris etməklə. Belə situasiya bizdə də yaranmışdı. 1988-ci ildə bəzi üzdəniraqlar bəyan edirdi ki, erməni kimdir ki biz onların dilini öyrənək. Erməni dilində çox sayda Azərbaycan – türk sözləri var. Həmişə belə olub, indi də belədir. Baxmayaraq ki ermənilər sonradan öz dillərində güclü dəyişikliklər aparıblar. Ermənistandan Dil Komissiyası bu gün də bununla məşğuldur”. 



Azərbaycan məktəblərində Ermənistana aid fənnin tədrisi məsələni də İ.Tanrıverdi münasibət bildirib:

“2012-ci ildəm ölkəmizdə cənab Prezidentin tapşırığı ilə erməni dilinin tədrisinə başladıq. Hərbi məktəblərdə, Bakı Dövlət Universitetində, Azərbaycan Dillər Universitetində erməni dili keçilməyə başladı. Düşmənin dilini bilmək mütləq lazımdır. Düşmənin dilini öyrənmək, məxfi sənədləri izləmək, fikirləri bilmək, hadisələri izləmək təbliğat materialı kimi istifadə etmək üçün vacibdir. Yaxşı olardı ki, Qarabağ Universitetində də erməni dili tədris olunsun”.

Törə Zeynallı
Demokrat.az

Chosen
106
demokrat.az

1Sources