EN

Masallıdan olan idmançı paralimpiya üçüncüsüdür

Masallıdan olan idmançı paralimpiya üçüncüsüdür

 

22 yaşlı paraüzgüçümüz, paralimpiya, ikiqat dünya və Avropa çempionu Vəli İsrafilov Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medala sahiblənib.
O, SB13 kateqoriyasında 100 metr məsafəyə brass üzmə üsulunda 1:05:35 nəticə ilə üçüncü pillədə qərarlaşıb.
Məlumat üçün bildirək ki, əslən Masallı rayonundan (Köhnə Alvadı kəndi) olan Vəli Rəşadət oğlu İsrafilov 2008-ci il ildə Masallı şəhər “Dəfinə” məktəb-liseyinin 1-ci sinfinə daxil olub, orta təhsilini B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbində davam etdirərək 11-ci sinfi bitirib. Azərbaycan Dövlət Neft və Sənaye Univeristetinin Elektrotexnika və Energetika fakültəsini bitirib.
Vəli İsrafilov uşaqlıq illərindən idmanın üzgüçülük növü ilə məşğul olmağa başlayıb. 10 yaşında ikən dəfələrlə Bakı şəhərində keçirilən birinciliklərin qalibi adına layiq görülüb və Milli komanda məşqçilərinin rəğbətini qazanıb. 12 yaşında artıq idman ustalığına namizəd olan Vəli Milli komandaya cəlb edilib. Serbiya, Slovakiya, Macarıstan, Türkiyə, Gürcüstan, İsrail və s. ölkələrdə keçirilən yarışlarda Azərbaycan Respublikasının üçrəngli bayrağını dəfələrlə uca zirvələrdə dalğalandırıb.
Sloveniyanın Kranj şəhərində kecirilən üzgüçülük üzrə Beynəlxalq turnirdə (25-26 mart, 2017) Vəli İsrafilov yeniyetmələr arasında 200 metr brass üzrə qızıl, böyüklər arasında 200 və 100 metr brass üzrə bürünc medallara layiq görülüb. O, bu təsnifat yarışlarında şəxsi rekordlarını təzələyib. Bununla da 614 bal toplayaraq 4-cü İslam Həmrəyliyi Oyunlarına, eləcə də kecirilən yeniyetmələrin Avropa festivalına (27 iyun-2 iyul, 2017), İsraildə düzənlənən Avropa çempionatına (23 iyul-28 iyul, 2017) vəsiqəni təmin edib. Vəli IV İslam Həmrəylik Oyunlarında iştrak edən ən kiçik yaşlı idmançı olub. Bu yarışlarda yarımfinala qədər yüksəlib və sonda 11-ci yerdə qərarlaşıb.
Birləşmiş Krallığın paytaxtı London şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanan idmançımız brass üsulu ilə mübarizə apararaq 100 metr məsafəni 1 dəqiqə 6 saniyəyə qət edərək üçüncü yeri tutub. Portuqaliyanın Madeyra şəhərində keçirilən böyüklər arasında üzgüçülük idman növü üzrə Avropa çempionatının (2021) qızıl medalına sahib olan Vəli 100 metr məsafədə “brass” növündə 1:04.80 nəticə göstərərək bütün rəqiblərini geridə qoymuşdu. Bununla da idmançımız lisenziya xalları toplayaraq “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına qatılma şansını artırmışdı. Vəli 15 yaşında idman ustası normativini doldurub. O, Milli Olimpiya komandası ilə yanaşı həm də Milli Paralimpiya komandasının üzvüdür.
V.İsrafilov “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. O, 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 1 dəqiqə 04.86 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb və paralimpiya rekorduna imza atıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Vəli İsrafilov XVI Tokio Yay Paralimpiya Oyunlarında qazandığı yüksək nailiyyətə və Azərbaycan idmanının inkişafında xidmətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
V.İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən paraüzgüçülük üzrə dünya çempionatınının qızıl medalını qazanıb.
Vəli ölkəmizin ən gənc paralimpiya çempionudur.

 

Akif AĞAYEV

Chosen
68
qht.az

1Sources