EN

Qərbə qarşı demarş: Cinsi azlıqlarla bağlı sərt qanun - "Azərbaycanda da..."

Gürcüstanda LGBT təbliğatını qadağan edən qanun layihələri paketi ikinci oxunuşda qəbul olunub. Yeni qanun layihəsinə əsasən, eynicinslilərin nikahı, cinsiyyətinin dəyişdirilməsi üçün tibbi prosedurlar, uşaqların qeyri-heteroseksual şəxslər tərəfindən övladlığa götürülməsi, LGBT-nin təhsil müəssisələrində və mediada təbliği qadağan olunur.

Bu qanuna Azərbaycanda zərurət varmı?

Hüquqşünas Fərhad Mehdiyev Teleqraf.com-un müvafiq qanunun Azərbaycanda da qəbul edilməsinə zərurət olub-olmaması ilə bağlı sualına belə cavab verib:

"Azərbaycanda buna ehtiyac olub-olmadığını deyə bilmərəm. Bu barədə hökumət özü qərar verəcək. Amma hazırda Gürcüstanda hökumət bir az Avropadan üz çevirmək siyasəti güdür. Hətta LGBT bir tərəfə Mixail Saakaşvilinin partiyasını belə qadağan etmək istəyirlər. Məsələ belədir. Gürcüstanda bir az Avropa İttifaqından ayrılma siyasəti ortaya qoyulur. Artıq cəmiyyətdə LGBT üzvlərinin sayı nisbəti çox artır. Bu da demokratik balansı pozur, demokratik təhlükə yaradırsa və yaxud cəmiyyətin üzvləri arasında qarşıdurmaya səbəb olursa, onunla bağlı tənzimləmə aparmaq olar. Bunlar hökumətin verəcəyi qərardır”.

Azərbaycanda LGBT göstəricilərinə gəlincə, Fərhad Mehdiyevin fikrincə, bu göstəriciləri Sosial Tədqiqatlar Mərkəzi ölçməlidir. Ondan sonra dataya baxıb fikir bildirmək olar.

Məsələ ilə bağlı ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli bildirib ki, Azərbaycanda ictimai qınaq və cəmiyyətin reaksiyası LGBT-yə qarşı yüksək səviyyədədir:

“Ümumiyyətlə burada xüsusi bir qanunvericilik bazasının yaradılmasına o mənada ehtiyac yoxdur ki, bunun təbliğatı ilə onsuz da açıq, publik məkanda məşğul olanlar demək olar yoxdur. Gürcüstanda bu niyə belə müzakirəyə səbəb oldu? Orada təbliğata cəhdlər oldu. Paradlar keçirmək istədilər, müəyyən evlər rəngləndi, təşkilatlar yaradıldı, müəyyən media qurumlarında bunun təbliğatı ilə bağlı işlər görüldü və gürcü kilsəsi buna ciddi etiraz etdi. Gürcü kilsəsinin Gürcüstan cəmiyyətində kifayət qədər güclü nüfuzu var. Hətta bütün siyasi partiyalarda müxalifət və ya iqtidar, fərq etməz Gürcüstan kilsəsi ilə münasibətləri korlamaqdan qorxur və çəkinirlər. Çünki onların çox böyük nüfuzu var. Eyni zamanda kilsə ilə hansısa bir fikir ayrılığına getsələr, seçkilərdə ciddi təsirlənərlər. Ona görə də siyasi partiyalar qərara gəldilər ki, kilsənin də tələblərini yerinə yetirmək üçün belə bir qanun layihəsi hazırlanıb qəbul edilsin. Bu qanun layihəsinə görə, media və publik məkanda LGBT təbliğatı qadağan olunacaq. Bu o demək deyil ki, LGBT mənsublarının cəzalandırılması və yaxud təqib olunması SSRİ dönəmindəki kimi qanunda nəzərdə tutulmur. Sadəcə media, televiziya, radio və publik məkanda bunun təbliğatının aparılmasına müəyyən qadağalar gətirilir".

Natiq Cəfərli Azərbaycanda buna ehtiyacın olduğunu düşünmür: "Çünki bizdə onsuz da publik məkanda bu təbliğatla məşğul olmaq istəsələr, ictimai linçlə qarşılaşırlar. İctimai rəy o qədər kəskindir ki, heç bunun təbliğatını aparmağa cürət eləməzlər. Ona görə də bunun ayrıca bir qanun kimi qəbul olunması əksinə bu məsələnin cəmiyyətdə aktuallaşmasına və müzakirəsinə səbəb ola bilər. Bir sözlə, dəlinin yadına daş salmaq məsələsinə dönər. Ona görə də düşünmürəm ki, Azərbaycanda bunun üçün ayrıca qanun layihəsinə ehtiyac var”.


Müəllif: Əsəd Məmmədəliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
68
teleqraf.com

1Sources