UEFA Millətlər Liqasının C Liqasının I turunda keçirilən Azərbaycan – İsveç oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Fernandu Santuş jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Oyuna yaxşı başladıq. Hücumda şansımız oldu, təəssüf ki, qolla nəticələndirə bilmədik. Sonra müdafiədə oynadıq. İsveç kifayət qədər güclü komandadır. Arxada maksimum diqqətli olmağa çalışdıq. Müdafiədə olsaq da, hücum üçün şans axtarırdıq və fürsət düşəndə dərhal irəli çıxırdıq. İlk hissənin sonunda şanslarımız oldu, təəssüf ki, dəyərləndirə bilmədik. Penaltidən də yararlana bilmədik. İkinci hissəyə çox yaxşı başladıq. Həm hücumda, həm müdafiədə diqqətli idik. Amma yenə şanslardan yararlana bilmədik. Hazırlıq prosesində verdiyim tapşırıqları yerinə yetirməyə çalışdılar. Ancaq müəyyən səhvlərimiz oldu. İsveç kifayət qədər güclüdür və səhvlərimizdən yararlandılar. 0:3-dən sonra uşaqlar həvəsdən düşmədi və bir qol vurduq.
– Penaltini Ramil Şeydayevin vurması sizin qərarınız idi?
– Mənim qərarım Emin Mahmudovun vurması idi.
– Görmək istədiyinizin neçə faizini bu gün meydanda gördünüz?
– Komandanın hücum fazasından çox xoşum gəldi. Bundan razıyam. Müdafiə ilə bağlı isə 50 faiz istədiklərimi gördüm. Eyni zamanda həm müdafiə, həm hücum qurmağı bacarmalıyıq. Azərbaycan 4, İsveç 20 səhvə yol verdi.
– Daha əvvəl demişdiniz ki, millidəki hər kəs himn, bayraq, bu ölkə üçün vuruşmalıdır. Bu gün heyətdə oyunçuların əksəri himni oxumursa, bu, necə olacaq?
– Sizinlə tam razılaşmıram. Oyunçular yaxşı nəticə üçün canlarını qoydular.
– Qapıçı seçiminizin Mehdi Cənnətovdan yana oldu. Seçimdə nə rol oynadı və razı qaldınız ondan?
– Ümumi götürəndə, razıyam. Bir neçə epizodda seyvlə yadda qaldı.
– Əvəzedilməz oyunçu yoxdur, lakin Emin Mahmudov bu gün ən yaxşılardan olsa da, dəyişdiniz. Bununla nə demək istədiniz?
– Müdafiədə yaxşı idi. Lakin oyunun gedişatına görə onu dəyişməli idim.
– Emin topu alsa da, Ramil sonradan ondan aldı. Cəzalandırmalı olsanız, topu alan Ramili, yoxsa topu verən Emini cəzalandırarsınız?
– Komanda daxili məsələdir. Sabah bunu danışacağıq.
– Bəzi anlarda Mehdi Cənnətov irəlidə olan Renat Dadaşova sürətli ötürmə etmirdi. Bu, sizin tapşırığınız idi ki, temp salınsın?
– Tapşırıq o idi ki, topu daha çox irəli vursun və oyun rəqib meydançasında davam etsin. Bir neçə dəfə gördüm ki, o, topu irəli atır.
Şahin Cəfərov