Yelisey Sarayından verilən açıqlamada Makronun Mişel Barnierə “Fransızlara xidmət edəcək birləşdirici hökumətin qurulması” ilə bağlı tapşırıq verdiyi bildirilib. Solçu Yeni Xalq Cəbhəsi (NFP) ittifaqının qalib gəldiyi erkən seçkilərdən sonra Fransa prezidenti Emmanuel Makron solçuların vahid namizədindən imtina etdi və keçmiş xarici işlər naziri və keçmiş Avropa İttifaqının (Aİ) Brexit üzrə baş müzakirəçisi, sağ mərkəzçi Mişel Barnieri baş nazir təyin etdi.
Bəyanatda Barnierin baş nazir təyin edilməsinin Makron tərəfindən konstitusiya məsuliyyətlərinə uyğun olaraq “mümkün qədər sabit” və “çoxluğu təmin etmək şansı olan” baş nazir və hökumət üçün apardığı bir sıra məsləhətləşmələrdən sonra edildiyi qeyd edilib.
Mərkəz sağçı respublika ənənəsindən irəli gələn 73 yaşlı Barnier əvvəllər müxtəlif kabinetlərdə çalışıb. 2004–2005-ci illərdə Xarici İşlər Naziri vəzifəsində çalışmış Barnier 2016-2021-ci illərdə Avropa İttifaqının (Aİ) Brexit üzrə Baş müzakirəçisi vəzifəsində çalışıb.
Makron 30 iyun və 7 iyulda keçirilən növbədənkənar ümumi seçkilərdən 2 ay sonra baş naziri təyin edib.
Solçu NFP-nin ən çox mandat qazandığı seçkilərdə heç bir partiya və ya ittifaq 289 millət vəkilinin mütləq əksəriyyətinə çata bilmədi və seçkilər Fransa tarixindəki ən parçalanmış parlament mənzərəsini ortaya qoydu.
Makron ölkəsinin ev sahibliyi etdiyi 2024-cü il Paris Olimpiadası zamanı yeni baş nazir təyin etməyəcəyini və istefa ərizəsini təqdim edən Qabriel Attal hökumətinin bir müddət daha vəzifəsində qalmasını istədiyini bildirib.
Olimpiya Oyunları zamanı dayandırdığı danışıqlara avqustun 23-də başlayan Makron, seçkidə qalib gələn solçu ittifaqın ümumi baş nazir namizədi Lüsi Kastetsi təyin etməkdən imtina edərək, danışıqları davam etdirəcəyini bəyan etmişdi.
Fransada keçirilən növbədənkənar ümumi seçkilərdən sonra Milli Assambleyada ən böyük siyasi qrup 193 deputatla NFP, ikinci yerdə Makronun 166 deputatla hakim koalisiyası və üçüncü sırada isə ifrat sağçı RN 142 deputatla gəlir.
Fransa Konstitusiyasına görə, prezidentin istədiyi şəxsi baş nazir təyin etmək səlahiyyəti var, lakin siyasi ənənələrə görə, baş nazir ən çox səs toplayan partiya və ya alyansdan seçilir.