EN

Ailə Məcəlləsinə uyğun formalaşmayan ailələri hansı sosial bəlalar gözləyir?

Artıq Soltan bəyin məşhur «bir kəllə qənd, 3 manat pul, bir molla» kimi feodal  düşüncəsi ilə yaşamağın vaxtı deyil

Dəfələrlə yazırıq ki, Azərbaycanda ailə institutu ciddi təhlükə ilə üz-üzədir və onun az qala məhvinə çalışan qüvvələr mövcuddur. Təbii ki, bu istiqamətdə ilk növbədə milli dəyərlərimizə tamamilə yad olan teleserialların nümayişləri, televiziyalardakı bir sıra əttökən şou xarakterli verlişləri misal çəkə bilərik. Xüsusən boşanmaların sayının artmasında, ailə-məişət zorakılıqlarının çoxalmasında televiziya və internetin rolunun böyük olması danılmaz həqiqətdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-cü illə müqayisədə 2023-cü ildə ölkədə boşanmaların sayı artıb. Təbii ki, bunun çox ciddi səbəbi məhz ailə institutunun zəifləməsindən irəli gəlir. Ailələrin dağılmasının digər ciddi səbəbi hələ də evlənənlərin rəsmi nikahdan imtina etmələridir. Halbuki, ailə münasibətləri Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq formalaşmalıdır. Ölkəmizdə ailə quranlar bunu nikah müqaviləsi bağlamaqla rəsmiləşdirməlidirlər. Ancaq insanlarımızın bəzilərinin rəsmi nikahlara qeyri-ciddi yanaşmaları onların cahilliyinin bariz nümunəsidir. Hələ də dini kəbinlə kifayətlənən ailələr var ki, onlar uşaqlarına doğum haqqında şəhadətnamə və digər sənədlər düzəldəndə haqlı olaraq ciddi problemlərlə üzləşirlər.

Eyni zamanda, rəsmi nikahı olmayan ailələrin bir çoxunun hüquq və vəzifələri də məhdudlaşır. Onların təhsil almaq, səhiyyə xidmətlərindən və digər sosial xidmətlərdən istifadəsi çətinləşir. Həmçinin güclü cinsin nümayəndəsi olan kişinin zərif nəslin nümayəndəsi üzərində hegemonluğu artır. Belə ki, kişi dini kəbinlə digər qadınla da ailə həyatı qurmaq imkanı qazanır. Bir mühüm faktı da qeyd etmək yerinə düşər ki, rəsmi nikahı olmayan ailələrdə ən çox ziyan çəkən tərəf qadındır. Ona görə ki,  rəsmi nikaha girmədiyi üçün ər evində mülkiyyət hüquqları olmayan zavallıya çevrilir.

Rəsmi nikahın olmaması ciddi sosial gərginliyə də gətirib çıxarır və qohumluq, ictmai münasibətlər daha tez dağılmağa meyilli olur. Ona görə də dövlət orqanları da rəsmi nikahın bağlaması istiqamətində ciddi və əsaslı işlər həyata keçirməlidir. Əkshalda ailələrin möhkəmliyi daim təhlükə altında olacaqdır.

Əslində, rəsmi nikahın deyil, dini kəbinin tərəfdarları olan ailələrdə ciddi komplekslər var. Bu ondan ibarətdir ki, sabah onlar boşansalar ailədən mal-mülk və sairə istəmək imkanları sıfıra bərabər olur. Təbii ki, bu artıq ailə həyatı quranların əvvəlcədən bir-birinə və ailələrinə olan inamsızlıqdan irəli gələn haldır. 

Burada bir məsələyə də ciddi fikir verilməlidir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bununla bağlı xüsusi fətva verərək bildirib ki, dini kəbin ancaq rəsmi  nikah bağlanması haqqında sənəd din xadiminə göstərildikdən sonra kəsilə bilər.  Eyni zamanda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi də bildirib ki, mollaların rəsmi nikah kağızı olmadan kəbin kəsmələri qadağan edilməlidir.

Xüsusilə burada erkən yaşda nikaha girən qızların hüquqlarının müdafiəsi çətin olur. Buna görə də İnzibati Xətalar Məcəlləsində rəsmi nikah sənədi olmadan kəbin kəsən mollalar üçün məsuliyyətin müəyyən edilməsi zərurəti yaranır. Nəzərə almaq lazımdır ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyinin bütün formalarının ləğv edilməsi üzrə Komitəsinin ölkəmizlə bağlı tövsiyələrində də bu, öz əksini tapıb. Təəssüf ki, bu göstərişlərə hələ də bir çox mollalar riayət etmirlər. Onlar bu işdə şəxsi maraqlarını- yəni kəsilən kəbindən qazanclarını ön plana çıxarırlar.

Digər tərəfdən, Azərbaycan dünyəvi dövlətdir. Buna görə də rəsmi nigah ailənin əsas atributu olmalıdır. Buna əməl etməyənlər isə həm cəmiyyətin qınağına tuş gəlməlidirlər, həm də Ailə Məcəlləsinin tələblərini pozduqları üçün onlara inzibati məsulliyət tətbiq olunmalıdır.

Bir mühüm faktı da qeyd etmək yerinə düşər ki, rəsmi nikahı olmayan ailələrdə ən çox ziyan çəkən tərəf qadındır. Ona görə ki, o rəsmi nikaha girmədiyi üçün ər evində mülkiyyət hüquqları olmayan zavallıya çevrilir. Hətta heç boşanma faktı olmasa, belə həyat yoldaşı dünyasını dəyişən xanımlar ərinin mülkünə sahib çıxmaqda ciddi çətinliklərlə üzləşirlər. Ona görə də Azərbaycan ailələri böyük ustad Üzeyir Hacıbəylinin məşhur «Arşın mal alan» filmindəki Soltan bəyin «Bir kəllə qənd, 3 manat pul, bir molla. Vəssalam-şüt tamam» dediyi kimi feodal düşüncəsi ilə yaşamamalıdırlar. Axı indi biz böyük inkişaflar dövrü olan 21-ci əsrdə yaşayırıq.

Elçin Zaman, «İki sahil»

Chosen
157
ikisahil.az

1Sources