Azərbaycan yeni siyasi reallıqlar yaratdığı kimi, hüququn aliliyini də təmin etdi
2023-cü ilin sentyabrında baş tutan antiterror tədbirləri 30 ildən artıq davam etmiş haqsızlığa son qoydu. Azərbaycanın suverenliyinin bərpa edilməsi ilə yanaşı, həm də illərlə regionda separatizm yayan cinayətkarlar ədalət mühakiməsi qarşısına çıxarıldılar. Xatırladaq ki, 24 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda separatçı rejimə rəhbərlik etmiş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.
İş məhkəməyə göndərilir...
Yeri gəlmişkən, separatçıların işi ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Belə ki, Baş prokuror Kamran Əliyev KİV-ə açıqlamasında istintaqın yekunlaşdığını və yaxın vaxtlarda materialların məhkəməyə təqdim olunacağını bildirib: “Hazırda cinayət işinin materialları ilə həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmişlər tanış olurlar. Bilirsiniz ki, bu cinayət işində zərərçəkənlər çoxdur. Bütün istintaq-əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyinə uyğun olaraq mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək”.
Azərbaycanın iradəsinə təsir göstərmək olmaz!
Bəli, Azərbaycan son 4 ildə bölgədə yeni siyasi-hərbi reallıqlar formalaşdırdığı, ədaləti bərpa etdiyi kimi, hüququn aliliyini də təmin etmiş oldu. İllərlə xalqımıza qarşı soyqırımı siyasəti yürütmüş, Azərbaycan qanunlarını pozaraq separatçı silahlı dəstə yaratmış və suveren ərazilərimizdə qeyri-qanuni rejim formalaşdırmış, birinci və ikinci Qarabağ müharibələrində bir çox cinayətlərdə həm bilavasitə iştirak etmiş, həm də törədilməsinə əmr vermiş şəxslər bu gün ədalət mühakiməsinə çıxarılır. Cinayətkarın törətdiyi cinayətin məsuliyyətini daşıması təbii haldır - amma, nəzərə almaq lazımdır ki, artıq bir ilə yaxındır davam edən bu proses dövründə ölkəmizə qarşı xəbis planlar hazırlayanlar həm də bu cinayətkarlara “azadlıq” tələb edirdilər. Zaman-zaman Avropanın bəzi təşkilatları, Okampo kimi adını “hüquqşünas” qoyan, amma beynəlxalq hüququn bütün kodekslərini pozmaq üçün fürsət axtaranlar öz şəxsi mənafeləri üçün bu kimi qeyri-qanuni “çağırışlar”edirdilər. Nəticə etibarı ilə, bu çağırışlar, bəzən isə hətta “hədə” formasında səslənən fikirlər heç biri ölkəmizin verdiyi və verəcəyi qərarlara təsir etmir - Azərbaycan Prezidentinin hər zaman ifadə etdiyi kimi, heç bir güc ölkəmizin iradəsinə təsir göstərə bilməz.
Separatçılara “azadlıq” istəyənlərin qaranlıq keçmişi...
Avropa Şurası, Avropa İttifaqı bu kimi təşkilatlarda erməni lobbisinin əlaltılığını həyata keçirən bir sıra “diplomatlar” bu kimi çirkin kampaniyalar vasitəsi ilə nələrəsə nail olacağını düşünürdü - amma zaman göstərdi ki, onlar səhv edir. Azərbaycan Qarabağın azadlığında göstərdiyi iradəni və qətiyyəti davam etdirərək həmin cinayətkarların məhkəmə qarşısında dayanmasını təmin etmiş oldu.
Ötən dövr sübut etdi ki, Qarabağ separatçılarına “azadlıq” tələb edənlər kimlərdir - onların bəziləri korrupsiya faktları ilə saxlanıldı, bəziləri haqda dünyanın aparıcı KİV-lərində ifşaedici məlumatlar açıqlandı, bəzilərinin isə hətta erməni puluna, erməni maliyyəsinə köləlik etdiyi açıq arqumentlərlə üzə çıxdı. Beləliklə, onların kimliyi bütün dünyaya bəyan edilmiş oldu.
Hüquq və ədalət ölkəmiz üçün ən mühüm prioritetlərdəndir
Bu, həm də ölkəmizin hüquqi dövlət prinsiplərinin nə qədər dərin olduğunu göstərir. Azərbaycan bu kimi məsələlərdə heç bir zaman kompromisə, güzəştə getmir - qanun Azərbaycan dövlətində yeganə istinad mənbəyidir. Özünü demokratik cəmiyyət adlandıran, dünya üçün “hüquqi standartlar” formalaşdırdığını iddia edən Qərb isə bu kimi çağırış və “istəklərlə” özünün əsl simasını ortaya qoyur. Okampo kimi “hüquqşünasların”, “məhkəmə təmsilçilərinin” davranışları, bir sıra təşkilatların “demokratik ənənə” adlandırdığı yanaşmalar onların kimliyinin üzərinə işıq salır.
Qərbin zaman-zaman buqələmun donuna bürünərək öz marağı xatirinə hətta beynəlxalq hüququ belə ikinci plana keçirməsinin çox şahidi olmuşuq. Ötən dövrlərdə Qərbin korporativ mənafeyinin qorunmasına yönəlik bir sıra presedentlər formalaşdırılıb - Qarabağ separatçılarına münasibət bunun real misalıdır. Necə ki, separatizmə yanaşmada, terrora baxışda, dini-irqi ayrı-seçkilik məsələsində Qərb məsələləri öz “pəncərəsi”ndə dəyərləndirməyə üstünlük verir, bu dəfə də analoji yola əl atdı. Amma Azərbaycan lazım olan cavabı da verdi, prosedurları da həyata keçirdi. Biz hər zaman bəyan edirik ki, bu kimi yanaşmalar nəinki subyekt olaraq bəzi xalqlara və ya dövlətlərə, ümumilikdə, beynəlxalq qanunvericiliyə və prosedurlara ikili yanaşma, fərqli standart yaradır. Bu isə adını “demokratik dünya” qoymuş, əslində isə korporativ maraqlara xidmət edən Qərb cəmiyyətinin imicinə daha da mənfi təsir göstərir.
P.İSMAYILOV