EN

Vətən müharibəsinin fəlsəfəsi

XI MƏQALƏ

Biz nail olduqlarımızla kifayətlənməməliyik, biz daim inkişaf etməliyik.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Region dəyişir

Əgər ermənilər və havadarları Azər­baycana təcavüzün başlarına bəla gətirə­cəyini öncədən bilsəydilər, əminəm Qara­bağa ayaq basmazdılar. Onlar son 300 ildə Cənubi Qafqazfa meydan sulayan geosiya­si güclərin ədalətsizliyinin əbədiyyən real­laşacağına çox əmin idilər. Erməni silahlı quldur dəstələri özlərini elə aparırdılar ki, sanki Azərbaycanı dövlət kimi məhv et­məyə haqları və hüquqları vardır. 

Bu özündənrazılıq və yalançı psixolo­ji eyforiya Heydər Əliyevin atəşkəsə nail olması ilə bir anda dağıldı. İlk olaraq bu, ermənilərin müəyyən qədər ağlı başında olanları və türk dövlətçiliyinin real tarixini bilənləri üçün bir işarə idi. Heydər Əliyev atəşkəsə bir neçə döyüşdə işğalçı ermənilə­ri məğlub etməklə nail oldu. Ermənilərə və havadarlarına göstərdi ki, hərbi savaşla qa­lib gələ bilməzsiniz. Məncə, Vətən savaşı həmin psixoloji andan başlayır! Ermənis­tanın və havadarlarının hərbi təcavüzünün gerçək hərb meydanında perspektivsiz ol­duğunu onların siyasi cəhətdən küt və şo­vinist qafalarına yeridirdi. 

Geosiyasi aspektdə bu məqam Cənu­bi Qafqazın region miqyasında geosiyasi “ruhu”nun, məqsədinin və real məqamları­nın yeniləşməsi zamanının ilk ritmləri idi. Bunların fonunda Ulu öndərin “Bakı-Cey­han marşrutu regionun geosiyasi mənzərə­sini dəyişəcək” tezisi çoxlarının ağlını ba­şına yığdı. Aydın görünürdü ki, müstəqil Azərbaycan Respublikası dövləti sistemli, əsaslı və kompleks halda Cənubi Qafqaza yeni geosiyasi, geoiqtisadi, energetik, so­sial, mənəvi-mədəni və ideoloji dinamika gətirir. Bu proses özünün tam yetkin for­masını, məzmununu 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün sürən Vətən savaşında təsdiq etdi. 44 gün Azərbaycan Respublikası dövləti faktiki olaraq şovinist və aqressiv siyasi qafalara “Azərbaycan” ideyasının, konseptinin, konsepsiyasının və azərbaycançılıq məfkurəsinin gücü­nü, ədalətli ruhunu və hüquqa əsaslanan məqsədlərini “başa saldı”! Anlatdı ki, Cə­nubi Qafqaz dəyişir! Bu, tarixi bir hadisə­dir! 

Vətən müharibəsi sülhə yol açdı

II Qarabağ müharibəsinin regiona ver­diyi töhfələri hələ çox öyrənmək lazımdır. Bu, iki aspektdə gərəklidir. Birincisi, Azər­baycan dövlətçiliyinin tarixi mahiyyətinin düzgün anlaşılması üçün. İkincisi, Vətən savaşının hansı mənalarda Cənubi Qafqazı postmüharibə mərhələsinə transfer etdiyi­nin fəlsəfi dərki regionun taleyi baxımın­dan arxivacibdir. 

Birinci aspekt üzrə Vətən müharibəsi­nin əsrlərdir ki, kənar geosiyasi güclərin apardıqları anti-Azərbaycan dövlətçiliyi kampaniyasının iflas nöqtəsi olması dərk edilməlidir. Azərbaycanda real dövlətçili­yin olmadığı, ümumiyyətlə, azərbaycan­lıların dövlət qura bilmədikləri ilə bağlı Qərb və Rusiya təbliğat ruporunun saxta­lığı 44 gündə aydınlaşdı. Sonra isə hətta erməni tarixçilərindən bəziləri də açıq eti­raf etdilər ki, Cənubi Qafqazda müstəqil dövlət quruculuğu yalnız Azərbaycanda baş tutdu. 

Əslində, bu gerçəkliyin ilk etirafı keçən əsrin 90-cı illərinin ikinci yarısında ABŞ-da yaşayan erməni kökənli bir neçə tarixçidən gəlmişdi. Hətta 1997-ci ildə İrə­vanda beynəlxalq konsfransda bu barədə danışan amerikalı erməni tarixçini terror etdilər, onu xalq düşməni adlandırdılar. Lakin II Qarabağ savaşı göstərdi ki, ermə­ni tarixçi haqlıdır və əlavə olaraq hazırda rəsmi İrəvanın əsas tezislərindən biri on­dan ibarətdir ki, Ermənistanda gerçəkdən müstəqil dövlət qursunlar. Bununla erməni tərəfin də etirafı ilə əsrlərdir ki, Azərbay­canla bağlı antidövlətçilik təbliğatı tama­milə çökdü. 

Bu, bir tərəfdən, azərbaycançılığın ide­ya və məfkurə kimi güclü nəzəri-ideoloji potensiala malik olması ilə yanaşı, prak­tiki səmərəsinin yüksək olduğunu təsdiq edir. Digər tərəfdən isə müasir mərhələdə Ümummilli liderin müstəqil dövlət qur­maq üçün hazırladığı kursun real vəziyyətə tam cavab verdiyini göstərir. 

Bunların fonunda II Qarabağ sava­şı Vətən uğrunda aparılan hərəkat kimi Cənubi Qafqazda Azərbaycan Respubli­kasının timsalında, bütövlükdə, regiona yeni geosiyasi, siyasi, iqtisadi, energetik və mədəni dinamika gətirə biləcək dövlət olaraq bərqərar olduğunu aksiom kimi qə­bul etməli oldular. Yəni bu regionda bütün mənalarda xilaskarlığın, əməkdaşlığın, təhlükəsizliyin və inkişafın ilk ünvanı Ba­kıdır! 

Vurğulanan yeni özəlliklər avtomatik olaraq başqa maraqlı məsələni önə çəkir. Vətən savaşı bütövlükdə regionu yeni key­fiyyət mərhələsinə transfer etməkdədir. Onun adı “postmüharibə mərhələsi”dir. Bu anlayışın iki miqyasda anlamı vardır. 

Birinci, səviyyə konkret olaraq Azər­baycanın apardığı Vətən savaşında hərbi əməliyyatların bitdiyinin ifadəsi ilə bağlı­dır. Bu o deməkdir ki, Azərbaycan qarşı­sına qoyduğu milli ideyaya nail olduqdan sonra ordusu ilə kiminləsə savaşa girməyə­cək. Azərbaycan dövlət kimi Vətən sava­şını sona çatdırmışdır. Bu, region üçün mühüm amildir. Çünki Azərbaycan çətin və mürəkkəb müharibədən sonra Cənubi Qafqazda hansısa hərbi toqquşmalara rə­vac verə biləcək təşəbbüsdə bulunmaya­caq. Buradan Vətən savaşının bitməsinin Cənubi Qafqaz miqyasında mənası alınır. 

İkinci, Vətən müharibəsinin sona çat­ması özlüyündə regionda savaşların ol­masına imkan verilməyəcəyini ifadə edir. Bu anlamda II Qarabağ savaşı humanitar məqsədi ilə Cənubi Qafqazda potensial savaşları dayandırdı. Anladılar ki, hərbi toqquşma ilə nəyəsə nail ola bilməyəcək­lər. Buna görə də ən yaxşısı, ümumiyyətlə, müharibə etməməkdir. İndi Ermənistanı silahlandıranlar və revanşizm xülyasına düşən erməni siyasilər və hərbçilər bu ger­çəkliyi çox yaxşı bilirlər. Onlar nə qədər sözdə aqressiv kimi görünsələr də, Azər­baycan Ordusunun zərbələrini bir daha “dadmaq” xülyasına düşməzlər və buna risk etməzlər. Gerçəklik budur! Ermənis­tan hansısa lokal şıltaqlıq edə bilər, lakin dövlət səviyyəsində müharibə etməyə cə­sarəti çatmayacaq. Çünki İrəvanı itirmək­dən bərk qorxurlar. 

Beləliklə, II Qarabağ müharibəsinin və Azərbaycanın müasir mərhələdə Vətən savaşı fəlsəfəsinin regional miqyasda ən böyük əhəmiyyəti savaşları dayandırma­ğa aqressorları inandırması olmuşdur. Bu, azərbaycançılığın regional miqyasda xi­laskar, qurucu və təhlükəsizliyi təmin edən məfkurə olmasının əyani təsdiqidir! Eyni zamanda, postmüharibə mərhələsinin fəl­səfi anlamı üçün zəngin informasiya mən­bəyidir. 

Postmüharibə mərhələsi

Bir hərbi savaşın, bütövlükdə, regionu müharibəsiz tarixi mərhələyə transfer et­məsi, əlbəttə, tarixi olaydır. Azərbaycanın Vətən müharibəsinin regional miqyasda əsas töhfəsi regionu postmüharibə mər­hələsinə keçirməsi ilə bağlıdır. Postmü­haribə mərhələsi özlüyündə geniş məna­ya malikdir. Burada bizi yeni mərhələnin ümumi mahiyyəti fonunda onun qurulması maraqlandırır. 

Vətən savaşı regional miqyasda post­müharibə mərhələsinin təməlini hazırladı. Təməldə üç faktor aparıcı yer tutur: tarixi ədalətin təmini, regionda yaşayan hər bir xalqın milli ləyaqətinin gözlənilməsi və bütün hallarda beynəlxalq hüquq çərçi­vəsində fəaliyyət göstərməyin zəruriliyi. Azərbaycan qələbədən sonra atdığı addım­larla bu kriteriyaları, bütövlükdə, regiona tətbiq etməyin gərəkliyini göstərməkdədir. Onlar faktiki olaraq regionda mövcud olan hər bir dövlətin və xalqın marağına uy­ğundur. Onlar qalıcı sülh, əməkdaşlıq və təhlükəsizliyi təmin etmənin fundament­ləridir. 

Belə alınır ki, Azərbaycan sadəcə regi­onu yeni mərhələyə transfer etmədi, həm də onun əsas memarı oldu. Postmüharibə dövrünün yaradıcısı və qurucusu Azərbay­candır. Əlbəttə, kifayət qədər mürəkkəb vəzifədir. Lakin tarixi sifariş belədir. 

Siyasi-diplomatik mübarizənin yeni mərhələsi

Təəssüf ki, bunu gerçəklik kimi qəbul etməliyik. Vətən müharibəsinin yaratdığı yeni pozitiv ab-havanı korlamaq cəhdlə­ri davam edir. Regionda liderlik uğrunda mübarizə aparanlar “qırmızı xətti” tanımaq istəmirlər. Onlar rəsmi İrəvanın revanşist əhval-ruhiyyəsindən yararlanmaq üçün müxtəlif üsullara əl atırlar. Bununla Cənu­bi Qafqazda yaranmış yeni geosiyasi mən­zərə və baş verməkdə olan tarixi-geosiyasi transformasiya üçün müəyyən risklər mey­dana çıxmışdır. Bu bağlılıqda Azərbaycan dövlətinin fəaliyyəti bütün region üçün strateji əhəmiyyəti olan faktor kimi qəbul edilir. 

Başqa məqamlarla yanaşı, bu gerçək­lik azərbaycançılığın regional və multire­gional miqyaslarda sınağının başlamasını əks etdirir. Öncə, qeyd edək ki, bu tarixi bir sıçrayışdır. Çünki region tarixində ilk dəfədir ki, bir dövlətin müstəqil dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ideolo­ji konsepti regional və multiregional miq­yaslarda praktiki-feili faktor olaraq önə çıxır. Cənubi Qafqaz tarixində buna oxşar hadisə baş verməmişdir. 

Eyni zamanda, bu prosesin əhəmiyyətli tərəfi ondan ibarətdir ki, regional miqyas­da feili fayda verməli olan ideoloji sistem azərbaycançılıqdır. Azərbaycançılıq konk­ret olaraq Azərbaycanın vahid vətən və va­hid müstəqil dövlət quruculuğuna aiddir və onun regional səviyyəyə adekvat proyeksi­yası asan vəzifə deyildir. Xüsusilə, əsrlər­dir ki, ümumiyyətlə, Azərbaycanı ciddiyə almayan kəsimlərin onun regional miqyas­da aparıcı olmasını qəbul etməlidirlər. 

Bunun əsas səbəbi azərbaycançılığın lokal deyil, qlobal miqyasda birləşdirici və inkişafetdirici təməl tezislərə malik ol­masıdır. Azərbaycançılığın gücü buradan qaynaqlanır. O elə bir məfkurədir ki, mil­li inkişafı, bütövlükdə, regional inkişafın stimullaşdırıcısı istiqamətinə yönəldə bi­lir. Azərbaycanın azərbaycançı dövlət və cəmiyyət kimi tərəqqisi birbaşa regional miqyasda inkişafın təməlini yaradır. Bura­da hansısa lokal və ya məhdud milli, etnik məqam yoxdur. Onun təminatı azərbay­cançılığın söykəndiyi başlıca prinsiplərdən qaynaqlanır. Azərbaycançılıq mədəniyyət, ənənə, dil və din faktorlarına əsaslanır. On­lar isə hər bir xalqa aid ola bilər və universal xarakterlidirlər. Regionun hər bir xalqının mədəniyyətini, ənənəsini, dilini və dinini inkişaf etdirməyi təşviq edir. Bu mənada azərbaycanlılıq gürcülük və ya erməniliyin mövcudluğuna nəinki təhlükə deyil, hətta onların stimullaşdırılmasına yol açır. Azər­baycanlılar kimsənin öz adət-ənənəsi və mədəniyyəti çərçivəsində inkişaf etməsinə əngəl olmurlar. Buna bizim ehtiyacımız yoxdur, çünki kifayət qədər güclü millətik! Qonşuların da güclənməsində maraqlıyıq! 

(ardı var) 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Chosen
103
xalqqazeti.az

1Sources