Hüquqşünas Səhiyyə, Elm və Təhsil nazirlikləri və Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərini mənimsəyənlərin niyə azadlıqda qalmasından danışdı - korrupsiya cinayətlərinə qarşı Sinqapur nümunəsi...
Səhiyyə, Elm və Təhsil nazirlikləri və Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərinin mənimsənilməsi faktları haqda ötən sayımızda məlumat vermişdik. Yada salaq ki, 80 şirkətə rəhbərlik edən Rüfət Kərimovun bir neçə ay davam edən istintaqı daha böyük yeyinti faktları üzə çıxarıb.
Müəyyən edilib ki, dövlət qurumları tərəfindən Rüfət Kərimovun şirkətlərinə tikinti materiallarının alınması, su ilə təmin etmə və digər xidmətlər adı ilə 3 milyon manat pul köçürülüb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayətdə iştirak edən şəxsləri tək-tək istintaqa cəlb edib. Onların arasında Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Rəşad Qasımov, Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli internat məktəbinin direktoru Vəfa Seidova, Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi internat məktəbinin direktoru Dilarə Məşədiyeva, “Sanator-Kurort Reabilitasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru Mürsəlov Mürsəlov, Səhiyyə Nazirliyinin “Professor Gindes adına respulika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası” Publik Hüquqi Şəxsinin direktoru Rəşid Bədəlov, Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mühasibi Seymur Şirinzadə, Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnsitutunun direktor müavini Əzizağa Nəcəfov, Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev muzeyinin direktoru Gülbəniz Babaxanlı, Azərbaycan Dövlət Akademik və Opera Teatrının direktor müavini Yuriy Babayev, Abşeron rayonu İcra Hakimiyyəti başçısının Pirəkəşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Naftalan Şəhər bələdiyyəsinin sədri də var.
Adları qeyd olunan şəxslər hamısı hazırda bir neçə ağır cinayətdə ittiham olunan Rüfət Kərimovla cinayətkar əlaqəyə giriblər. Qurumlar dövlət vəsaiti hesabına görüləcək işlər üçün ayrılmış pulları Kərimovun şirkətlərinə köçürüb. Razılaşıblar ki, həmin pulla heç bir xidmət göstərilməyəcək, sadəcə, şirkət malların qiymətini daha artıq göstərəcək. Artıq vəsait də müxtəlif yollarla dövr edilərək geri qaytarılacaq. Mənimsənilən puldan hər dəfə şirkətlərə faiz ödənilib. Məsələn, Dövlət Akademik Opera və Balet Teatrına parça və bəzək əşyalarının alınması üçün 92 min manat pul ödənməli imiş. Amma direktor müavini bunu bilə-bilə şirkət rəhbərindən bu məbləğə əlavə 27 min manat da göstərilməsini istəyib. Həmin pul nağdlaşdırılaraq mənimsənilib.
Antikorrupsiya idarəsi tərəfindən dövlətə dəymiş ziyan onların hamısına tam ödətdirilib. Bundan əlavə, onlar vurduqları ziyanın 25 faizi qədər Baş Prokurorluğun depozit hesabına ödəniş ediblər. Bu əsasla başlanmış cinayət işlərinə ayrı-ayrılıqda bəraətverici əsaslar olmadan xitam verilib. Yəni ortada suç var, amma cəza yoxdur...
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, ən müxtəlif qurumlarda, nazirliklərdə əyri yollara əl atan məmurların qandallanması olduqca vacibdir: “Zaman-zaman qanunsuzluq edənlər öz cəzalarını alırlar. Kimliyindən asılı olmayaraq iş yerində korrupsiyaya, rüşvətə yol verirsə, əvvəl-axır onlar cəzasını alacaq. Səhiyyə, Elm və Təhsil nazirlikləri və Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərinin mənimsənilməsi faktlarının üzə çıxarılması da bunu sübut edir. Ümid var ki, daha böyük yeyintilərin olduğu sahələrdə də belə əməliyyatlar keçiriləcək. Dövlət büdcəsindən milyonlar oğurlayanların qoluna nəhayət ki, qandal vurulacaq”.
Natiq Ələsgərov deyib ki, qanunun sərt üzü tam şəkildə korrupsiyaya bulaşmış məmurlara tətbiq olunmalıdır: “Korrupsiya sistemdir, rüşvət onun bir elementidir. Korrupsiya daha geniş anlam daşıyır. Məsələn, 5 manat da, 50 manat da, 5-10 milyon da rüşvət sayılır. Amma bu rüşvətin arxasında korrupsiya sistemi duranda - bu yığır ona, o yığır özündən böyüyə verir, yuxarıdakı vəzifəsindən sui-istifadə edərək dövlətin deyil, özünün və ya qohum-əqrəbasının maraqları üçün qərarlar qəbul edir, dövlətin büdcəsindən ayrılan maliyyəni özünün şəxsi maraqlarına uyğun sərf edir. Azərbaycanda korrupsiya sistemi məhv olmalıdır ki, ölkə sağlamlaşsın. Bu gün ölkədəki rüşvətxorluğu doğuran da elə həmin korrupsiyadır. Korrupsiyaya qarşı mübarizə aparılmalıdır, amma bu mübarizə dərinləşməsə istənilən nəticəni verməz. Rüfət Kərimov kimdir? O, hansı şirkətlərin sahibidir? İcra başçıları, nazir müavinləri, bələdiyyə sədrləri və digər məmurlar həbs olunur, onların iş yeri ilə bağlı rəsmi açıqlama verilir. Rüfət Kərimovla bağlı isə belə məlumatlara rast gəlmədik”.
Natiq Ələsgərov
Natiq Ələsgərov deyib ki, Rüfət Kərimovla kiçik məmurların cinayət əlaqəsinə girməsinin qarşısının alınması üçün effektiv yollar var: “Müstəqilliyini əldə etməsinin ilk illərində Sinqapurda korrupsiya adi bir hal olaraq cəmiyyətin bütün təbəqələrinə nüfuz eləmişdi.
Mübarizəni tənzimləyən qanun həddindən artıq zəif idi, korrupsiya cinayətlərinin əksəriyyəti qanunun fəaliyyət dairəsindən kənarda qalırdı, qanunverici orqanların əməkdaşlarının isə öz işlərini effektiv görə bilmələri üçün kifayət qədər səlahiyyətləri yox idi. Üstəlik, məmurların böyük qisminin korrupsiyada əli olduğundan cinayətlərini sübut edəcək dəlillər tapmaq da həddindən artıq çətin idi. Son dərəcə az maaş alan dövlət məmurları öz vəzifələrindən şəxsi məqsədlərlə istifadə edirlər. Bunların nəticəsində rüşvət maddi gəlir əldə etməyin yeganə üsuluna çevrilmişdi. Ölkənin böhran vəziyyətində olduğunu anlayan hökumət cəmiyyətdə korrupsiyanı sosial yasaq halına gətirən aşkar və dürüst mühit yaratmaq qərarına gəldi. Antikorrupsiya strategiyası müəyyənləşdi. Təklif olunan strategiyanın müəllifləri inanırdılar ki, milli inkişaf üçün korrupsiyanı nəzarətə almaq həddindən artıq vacibdir. Korrupsiya əleyhinə qanunların praktikada icrasında korrupsiya hallarının araşdırılması üzrə büro fəaliyyət göstərirdi. Hökumət büronu korrupsiya əleyhinə universal agentliyə çevirdi. Agentliyin əsas funksiyası korrupsiya hallarının araşdırılması olsa da, sözügedən halla bağlı digər cinayət işləri üzrə də istintaq aparmaq səlahiyyətinə malikdir. Büro avtoritar metodlarla işləyir. Onun korrupsiyada şübhəli bilinən şəxsləri qanuni əsaslar olduğu halda məhkəmə qərarı olmadan tutmaq və axtarış aparmaq ixtiyarı var. Büro, sadəcə, şübhəli şəxsi yox, onun qohumlarını, himayədarlarını da istintaqa cəlb edə, onların istənilən bank hesablarını, maliyyə yazışmaları və s. yoxlaya, şahidləri istintaqa çağıra, istintaq zamanı üzə çıxan istənilən qanun pozuntusunu araşdıra, statusundan, inancından, vəzifəsindən asılı olmayaraq istənilən vətəndaşı məhkəməyə verə bilər və bu zaman yüksək rütbəli dövlət məmurlarına da güzəşt edilmir.
Baş nazirin ofisinə bağlı olan agentliyə birbaşa dövlət başçısına tabe olan direktor rəhbərlik edir. Beləcə, agentlik polis və digər hökumət orqanlarından ayrı fəaliyyət göstərir, nazirlər və yüksək vəzifəli digər məmurlar da daxil olmaqla bütün bürokratiyadan siyasi və funksional şəkildə azaddır. Hazırda Sinqapur sərt avtoritar dövlətdir, korrupsiyanın yoxluğu, iqtisadi azadlıq və inkişaf səviyyəsinə görə dünya reytinqlərinə başçılıq edir. Azərbaycan hökuməti də bu hazır modeldən istifadə edə bilər".
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”