1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu gün İtaliyanın Çernobbio şəhərində "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən beynəlxalq forum keçiriləcək.
AZƏRTAC xəbər verir ki, İtaliyaya işgüzar səfəri çərçivəsində Prezident İlham Əliyev forumda əsas qonaq qismində iştirak edəcək.
Sayca 50-ci olacaq Forumun "Gələcək qlobal çağırışlar və onların biznesə təsiri" adlı açılış sessiyasında dövlətimizin başçısının "Yeni geosiyasi vəziyyətdə Azərbaycanın rolu" mövzusunda çıxışı nəzərdə tutulur.
Prezident İlham Əliyevin bu mötəbər Forumda əsas qonaq kimi iştirakı ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir.
Xatırladaq ki, dövlətimizin başçısının 2022-ci ildə keçirilən forumdakı çıxışı və xarici media nümayəndələrinin suallarına verdiyi ətraflı cavablar forum iştirakçılarının böyük marağına səbəb olmuşdu.
Qeyd etməliyik ki, bu nüfuzlu forumun işinə, eyni zamanda, bir sıra dövlət və hökumət başçıları, o cümlədən İtaliya Respublikasının Prezidenti Sercio Mattarella (videokonfrans vasitəsilə), İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni, Ukrayna Prezidenti Volodimir Zelenski, Macarıstanın Baş naziri Viktor Orban, həmçinin senatorlar Lindsey Graham və Ben Cardin, ABŞ Nümayəndələr Palatasının sədri Mayk Conson və digər nüfuzlu şəxslər qatılıblar.
1965-ci ildən fəaliyyət göstərən "The European House - Ambrosetti" İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. O, Mərkəz Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan "The European House - Ambrosetti" İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar, müxtəlif tədbirlər keçirərək italyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına, eyni zamanda, əməkdaşlığın təşviqinə xidmət edir.
"The European House - Ambrosetti", eyni zamanda, İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir göstərmək imkanına malik, ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir.
"The European House - Ambrosetti" müstəqil qurum olsa da, müşahidələr göstərir ki, Çernobbio Forumuna İtaliya hökuməti tərəfindən böyük dəstək göstərilir. "The European House - Ambrosetti", həmçinin İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi ilə sıx əməkdaşlıq edir. Bu qurum bir çox hallarda İtaliya XİN-in iqtisadi beynəlmiləlləşmə ilə bağlı fəaliyyətinə cəlb olunur.
İllik Çernobbio Forumu "The European House - Ambrosetti"nin ən əsas tədbiri hesab edilir. Bu Forum İtaliyada dövlətlərin rəhbər şəxslərinin, rəsmilərinin, İtaliya və Avropanın böyük şirkətlərinin rəhbərlərinin bir araya gəldiyi ən nüfuzlu tədbir hesab edilir. Ənənəvi olaraq sentyabr ayının əvvəlində Komo gölünün sahilində yerləşən "Villa d'Este"də keçirilən Çernobbio Forumu yüksək səviyyəli qonaqlar, beynəlxalq siyasi və iqtisadi səhnənin aparıcı liderləri ilə görüşmək və müzakirələr aparmağa şərait yaradır. Forum zamanı nüfuzlu ekspertlərin töhfəsi ilə biznes ictimaiyyəti və İtaliya üçün aktual olan məsələlərlə bağlı hazırlanmış ən mühüm tədqiqatlar təqdim keçirilir.
Ənənəvi olaraq üç gün davam edən forumun ilk günün adətən əsas qlobal tədbirlərə həsr olunur və müzakirəyə çıxarılan məsələlər əsasən iqtisadi, geosiyasi və elmi-texnoloji xarakter daşıyır. Həmin gün İtaliya üçün xüsusi önəm daşıyan ölkələrin dövlət və hökumət başçıları, həmçinin rəsmi şəxsləri əsas qonaq qismində çıxış edirlər. İkinci gündə isə diqqət daha çox Avropaya yetirilir, Aİ-nin bütün institutların nümayəndələrinin və rəsmilərinin iştirak ilə Aİ-nin qarşılaşdığı ən ümdə məsələlər ətrafında fikir mübadiləsi aparılır. Forumun üçüncü günü isə İtaliyaya həsr olunur və həmin tədbirlərdə ölkənin hökumət, rəsmilərinin, maliyyə və biznes dünyasının nümayəndələrinin iştirakı iştirak edirlər.