Ermənistan oktyabrın 20-də Kazanda keçiriləcək BRİCS sammitində iştirak edəcək. Bu o deməkdir ki, Paşinyan Rusiyaya səfər edəcək və ölkə prezidenti ilə görüşmək imkanı əldə edəcək.Kazan sammitində Azərbaycan da təmsil olunacaq. Lakin Bakı təkcə BRİCS tədbirində iştirakla kifayətlənmir, həm də təşkilata üzvlük üçün müraciət edib. Azərbaycanın ardınca yaxın zamanlarda Ermənistanın da quruma ən azı müşahidəçi statusu almaq üçün müraciət etməsi mümkündür. Çünki bunu Hindistan istəyə bilər. Bu, BRİCS-də yeganə ölkədir ki, Azərbaycanın təşkilata üzvlük məsələsinə o qədər də isti münasibət bəsləmir. Odur ki, Dehli Bakıya alternativ olaraq İrəvanı BRİCS-ə üzv və ya müşahidəçi statusu almağa sövq edə bilər.Oxşar proses ŞƏT kontekstində də müşahidə olunub. Azərbaycanla yanaşı Ermənistan da ŞƏT-də statusunun artırılması üçün müraciət edib. Lakin bilirsinizmi Azərbaycanla Ermənistan arasında əsas fərq hansıdır?Azərbaycan öz strategiyası çərçivəsində şüurlu şəkildə BRİCS və Asiya strukturlarında iştirakını artırır. Amma Ermənistan bu addımları könülsüz, tərəfdaş ölkələrin təklifi ilə atır və onlardan imtina edə bilmir. Ermənistan iqtidarı öz düşüncəsi ilə Qərbdədir. Lakin İrəvan Çinlə münasibətlərə görə ŞƏT-ə, Hindistana görə BRİCS-ə qatılmağa, Rusiyaya görə KTMT və AİB-də qalmağa, İrana görə 3+3 formatında iştirak etməyə məcburdur.Vəziyyətin absurdluğu da buradadır: Ermənistan üzünü Qərbə çevirdiyini elan etsə də, Avrasiya və Asiya strukturlarında iştirakını getdikcə daha da dərinləşdirir.Azərbaycanın BRİKS-ə üzv olmaq və ŞƏT-də statusunu artırmaq niyyətinə qarşı Qərbdə hansı emosiya tufanının yaşandığı, Ermənistanın BRICS sammitində iştirakını elan etməsindən sonra isə bunun əksinə olaraq necə sakitliyin hökm sürdüyü diqqət çəkir.Ermənistanın himayədar ölkələrdən belə asılılığı yalnız Azərbaycanla qarşıdurma nəticəsində formalaşıb. Bu, 2020-ci ildən sonrakı təcavüzün və dağıdıcı fəaliyyətin qiymətidir.Məhz buna görə Ermənistan üçün optimal çıxış yolu neytral ölkə olmaqdır ki, havadarları ondan əl çəksinlər. Yalnız bundan sonra İrəvan sözündən çıxa bilmədiyi tərəfdaşlarının iradəsi ilə hərəkət etmək məcburiyyətindən yaxa qurtaracaq və beynəlxalq münasibətlərdə qarşıdurma vəziyyətində olan iki qütb arasında qalmayacaq.