EN

İsveç səfiri həsbdə olan fəal Famil Xəlilovun ailəsi ilə görüşüb

Sentyabrın 4-də İsveçin Azərbaycandakı səfiri Tobias Lorenson həbsdə olan ictimai fəal, I qrup əlil Famil Xəlilovun ailə üzvlərini qəbul edib.  

Görüşdə hüquq müdafiəçisi Rüfət Səfərov da iştirak edib.

Səfərov "Facebook" səhifəsində yazıb ki, görüşdə Latviyanın, Estoniyanın Azərbaycandakı səfirliklərinin diplomatları da iştirak edib. 

Görüş İsveçin hüquq müdafiə təşkilatının təşəbbüsü ilə təşkil edilib. 

"Famil Xəlilov ailəsi ilə birlikdə İçveçdən deport olunub və Bakıda həbs edilib. Hazırda o, 22 gündür ki, aclıq aksiyasını davam etdirir", - deyə hüquq müdafiəçisi qeyd edib.

Onun sözlərinə görə, İsveç səfiri hüquq müdafiəçisindən Famil Xəlilovun azadlığa buraxılması üçün hökumətinin nə etməli olduğunu soruşub.

"Mən onların diqqətinə çatdırdım ki, İsveç hökuməti Azərbaycan hökuməti ilə ünsiyyət yaratmalı və Famil Xəlilovun durumunun ağır və faciəli olduğunu diqqətə çatdırmalıdır. Görüş zamanı təsadüfən Famil Xəlilov həyat yoldaşına telefonla zəng etdi. O, isveç hökumətinin onun azadlığı üçün mümkün hərəkətləri edəcəyinə inandığını bildirdi", - deyə Səfərov qeyd edib.

Famil Xəlilov əvvəllər siyasi motivli təqiblərlə əlaqədar həyatı ilə bağlı təhlükə hiss etdiyindən 2015-ci ildə İsveçə mühacirət etməyə məcbur olub.

 8 ilə yaxın həyat yoldaşı və uşaqları ilə orada yaşayıb və ötən il Azərbaycana deport olunub.

Bu il mayın 2-də ona qarşı küllü miqdarda narkotik vasitəni yayma ittihamı irəli sürülüb.

Fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub, lakin həbsin əsl səbəbi onun sosial şəbəkələrdə hökuməti tənqid etməsidir. Əlləri iflic olsa da, o, kompüterdə ayaq  barmaqları ilə yazmağı öyrənib.

Avqustun 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində Xəlilovun işi üzrə hazırlıq iclası başlayıb. 

Mahiyyəti üzrə məhkəmə iclası bu gün, sentyabrın 5-də keçiriləcək.

Xəlilovun qolları hərəkət etmədiyinə görə o, sərbəst şəkildə yeyib-içə bilmir, məhkəmə onu ev dustaqlığına buraxmayıb.


Chosen
66
2
arqument.az

3Sources