EN

İran niyə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır? – Tehranın fiaskoya uğrayacaq PLANLARI

“Zəngəzur dəhlizinin açılması Azərbaycanla yanaşı, region ölkələrinin maraqlarına uyğundur. Eyni zamanda, bu, Böyük Britaniya, Mərkəzi Asiya respublikaları və Çinə qədər strateji əhəmiyyət daşıyan bir layihədir. Yəni sadalanan ölkələrin hamısı bu dəhlizin açılmasında maraqlıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əli Zülfüqaroğlu deyib.

Siyasi təhlilçi son günlər Tehran administrasiyasının Zəngəzur dəhlizin açılması ilə bağlı səsləndirdiyi anti-Azərbaycan bəyanatına münasibət bildirib.

Onun sözlərinə görə, burada Rusiyanın marağı ondan ibarətdir ki, əgər Moskva bəyanatında yer alan müddəalara istinad olunarsa, o zaman Zəngəzur dəhlizinin açılmasından sonra onun təhlükəsizliyini Rusiya sərhəd qoşunları həyata keçirəcək:

“O zaman isə Rusiya dəhlizdən iqtisadi imkanlarının artırılması, eləcə də strateji üstünlük əldə etməsi üçün sözügedən dəhlizlə bağlı yekun mövqeyini ortaya qoyacaq. Amma buna baxmayaraq, İran tərəfi çalışır ki, Zəngəzur dəhlizi açılmasın”.

Mütəxəssisin qənaətinə görə, İranın Zəngəzur dəhlizinin açılmasına qarşı olmasının bir neçə səbəbləri mövcuddur:

“Səbəblərin başında İranın Ermənistana təsir imkanlarının azalması, Azərbaycanın daha da güclənməsi və türk dünyasının birləşməsi faktoru dayanır. Tehran hesab edir ki, türk dünyasının birləşməsi, Türkiyə-Azərbaycan birliyinin daha da irəliyə getməsi, eləcə də türk dünyasını birləşdirən Zəngəzur dəhlizinin istifadəyə başlaması İranın təhlükəsizliyini təhdid edəcək. Lakin bu, kökündən yanlış bir məsələdir. Ona görə ki, Azərbaycan Ermənistandan fərqli olaraq İranla qonşuluq münasibətlərini həmişə yüksək səviyyədə saxlamaqda maraqlı olub və dəfələrlə rəsmi Bakı bununla bağlı addımlar atıb”.

O, bildirib ki, bu gün biz İranın daxilində müəyyən mühafizəkar qanadın içərisində olan qrupların Zəngəzur dəhlizinə, o cümlədən İran-Azərbaycan münasibətlərinin normallaşmasına qarşı fəaliyyət yürütdüyünü müşahidə edirik:

“Eləcə də İranda Qərblə İran arasındakı münasibətlərin normallaşmasına qarşı güclər mövcuddur. Yəni İranın daxili mənzərəsinə və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra baş verən hadisələrə baxsaq, bunu daha aydın müşahidə edə bilərik”.

Siyasi ekspert əmindir ki, Zəngəzur dəhlizinin açılması zaman alan bir məsələdir, amma gec-tez bu dəhliz açılacaq:

“İran həmçinin onu da hesab edir ki, adıçəkilən kommunikasiya xətləri açılarsa, o, bölgədən təcrid olunacaq və onun iqtisadi imkanlarını aşağı salacaq. Ancaq Azərbaycan tərəfi İranın bu arqumentini neytrallaşdırmaq üçün İrandan Naxçıvana nəqliyyat dəhlizin açılması üçün müqavilə bağladı. Lakin göründüyü kimi, Tehran hakimiyyəti öz absurd iddialarından əl çəkmir. İstənilən halda, İkinci Qarabağ müharibəsində olduğu kimi, bu dəfə də İranın planlarının fiaskoya uğrayacağını müşahidə edəcəyik.

Zəngəzur dəhlizinin açılması və Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunması beynəlxalq hüququn normalarına tamamilə uyğundur və İran heç bir halda buna əngəl ola bilməz. Biz zaman keçdikcə, Azərbaycanın bu istiqamətdə daha təsirli və effektiv addımlar atacağının şahidi olacağıq. Qısacası, heç bir güc bunun qarşısını ala bilməz Zəngəzur dəhlizi gec-tez öz fəaliyyətinə başlayacaq”.

Rafi Müslümov

Chosen
147
50
yenicag.az

10Sources