Azərbaycanın beynəlxalq arenada nüfuzu, hətta, deyərdim ki, əvəzedilməzliyi getdikcə daha qabarıq özünü göstərməyə başlayıb. İstər iqtisadi, istərsə də konfliktli məsələlərin həll edilməsi üçün Azərbaycanın potensialı vacib hesab edilir.
Buna görədir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Şimon Stiell İqlim Şəffaflığı üzrə Bakı Qlobal Platformasının işə salınmasını alqışladığını bildirib.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
O, qeyd edib ki, Azərbaycanın beynəlxalq tədbirlərə tək ev sahibliyi etmək yox, həm də bilavasitə problemlərin həlli məsələsində aparıcı dövlətə çevrilməsi bütün dövlətlər tərəfindən ciddi şəkildə qəbul edilir:
"COP29 çərçivəsində Azərbaycanın təşəbbüsü ilə yaradılan İqlim Şəffaflığı üzrə Bakı Qlobal Platforması bu fəaliyyətin nəticəsidir. Azərbaycan regional çərçivədən çıxaraq qlobal oyunçuya çevrilir. Qlobal problemlərin həllinin Azərbaycan üçün prioritet olması, eyni zamanda bu problemlərin dünya ölkələri üçün də prioritet olması gerçəyindən irəli gəlir. Azərbaycanın bu fəaliyyətinin qarşısı on illər Ermənistan işğalı ilə alınmışdı. Bu, bütün dünya ictimaiyyətinin həyatından oğurlanan illərdir. Doğrudur, dünya ictimaiyyəti də Azərbaycanın işğal edilmiş torpaqlarının taleyi məsələsinə biganə oldu. Amma bu, onların özlərinə də ziyan oldu. Problemlər artıq qlobal hal aldı.
Azərbaycan torpaqlarını azad edən kimi dünyanın qlobal problemləri ilə məşğul olmağa başladı. Keçmişin biganəliyinə baxımdan dünyanın qlobal problemlərini öz problemi kimi həll etdi. Dünya ictimaiyyəti də indi bunu daha yaxşı başa düşməyə başladı. Görünən odur ki, onların peşmançılığının nəticəsidir ki, Azərbaycanın ətrafında sıx birləşiblər. Amma Azərbaycan keçmişdə ona qarşı olunun biganəlikləri unudub daha qlobal problemləri özünə prioritet seçir. Bu da Azərbaycanın böyüklüyündən xəbər verir".
Cavid