Azərbaycanda növbəti seçki məzhəkəsi başa çatdı. Əlbəttə, Prezident İlham Əliyev tərəfindən növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda qərar verilərkən proseslərin bu cür biabırçılıqla sonuclanacağını gözləmirdik. Nəhayət ki, ölkəmizdə demokrtik seçki keçiriləcəyini, Milli Məclisin xalqın iradəsi ilə formalaşacağını düşünürdük. Elə hakimiyyət kuluarlarından da bu cür informasiyalar gəlməkdə idi. Belə iddialar səslənirdi ki, son illər ən azı 70 faizi Rusiyanın nəzarətində olan Milli Məclisimizdə balans bizim, yəni xalqın xeyrinə dəyişəcək.
Üstəlik, heç bir seçki ərəfəsində yaşanmayan hadisələrin də şahidi olmaqdaydıq. Belə ki, ABŞ və Avropadan tez-tez nümayəndələr gəlir, diplomatik korpusların rəhbərləri dövlət rəsmiləri ilə ən yüksək səviyyədə görüşlərdə iştirak edirdi. Təbii ki, belə bir şəraitdə çoxları seçkilərin nisbətən demokratik keçəcəyinə ümid edirdi.
Əslində, 44 günlük Qarabağ savaşından sonra xalq arasında nüfuzunu ciddi şəkildə artıran prezident İlham Əliyevin seçkilərin bu cür total şəkildə saxtalaşdırılmasına heç ehtiyacı da yox idi. Əksinə, 1 sentyabr 2024-cü il parlament seçkiləri Azərbaycan hakimiyyətinin Qərblə münasibətlərinin istiləşməsinə zəmin yaradırdı. Eynilə, növbədənkənar parlament seçkiləri cəmiyyətdə Azərbaycan hakimiyyətinin Rusiyanın təsir dairəsindən çıxaraq, gerçək şəkildə Qərbə inteqrasiya xətti tutacağına az da ola ümidlər formalaşdırmşdı.
Şübhəsiz, bu və digər səbəblər bu sətirlərin müəllifində də seçkilərin demokratik keçiriləcəyi ilə bağlı inam yaratmışdı. Üstəlik, bu inam çox yüksək səviyyədə təsdiq olunmuş, Milli Məclisə seçkilərin şəffaf keçirilməsi üçün ölkə rəhbərliyi tərəfindən ortaya ciddi iradə qoyulduğu bildirilmişdi. Odur ki, biz də “seçki yarışı”na qatılmağa qərar verdik.
Etiraf etməliyik ki, seçicilərin mövcud hakimiyyətə və seçkilərin demokratik keçiriləcəyinə olan ümidlərinin ölməsi işimizi xeyli çətinləşdirdi. Belə ki, insanlar imzatoplama kampaniyasında ayrı-ayrı məmurlara olan qəzəblərini sanki bizdən çıxarmağa çalışırdılar. Təkcə sadə vətəndaşlar deyil, hətta cəmiyyətin az-çox ziyalı kəsimi də imza verməkdən açıq şəkildə imtina edirdi.
Lakin çətinliklə də olsa bu prosesi başa vurub, müvafiq sənədləri 24 saylı Nizami birinci seçki dairəsinə təqdim etdik. Bu dairədən namizədliyi irəli sürülən digər 7 namizədin bircə seçicinin də qapısını döymədən JEK-lərin hesabına “imza” yığdıqları bizə bəlli olsa da, 24 saylı Nizami birinci seçki dairəsi çox absurd bəhanələrlə namizədliyimizi qeydə almaqdan imtina etdi. Bununla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etdik və haqqımızı əldə etdik.
Şübhəsiz, bizi qarşıda çox çətin təşviqat kampaniyası gözləyirdi. İmza kampaniyasında vətəndaşların seçkiyə münasibəti ilə yaxından tanış olduğumuzdan, seçicilərin bizi “gül-çiçəklə” qarşılamayacağından əmin idik. Amma bu prosesin də öhdəsindən layiqincə gəldik.
Belə ki, istər bizim üçün ayrılmış görüş yerlərində, istər də məhəllələrdə və binaların həyətində seçicilərlə çox sayda və kütləvi görüşlər təşkil etdik. Demək olar ki, hər qapını döydük. Daxilimizdəki inamdan irəli gələrək vətəndaşlara bu dəfə seçkilərin şəffaf keçiriləcəyi, Milli Məclisin onların iradəsi ilə formalaşacağı haqda ümid verib, hər kəsi 1 sentyabrda seçki məntəqələrinə gedib səs verməyə çağırdıq. Bir sözlə, təşviqat kampaniyası üçün ayrılan qısa müddət ərzində kiçicik bir komanda ilə çox böyük işlər görməyi bacardıq.
Onu da xüsusi olaraq qeyd etməliyik ki, istər seçki kampaniyasının gedişi zamanl, istər də seçki günü 1 deyil, 7 namizədə qarşı mübarizə apardığımıza əmin olduq. Hansı ki, bu namizədlərin hər birinin görüntü xatirinə siyahıya alınığı bu gün bir daha öz təsdiqini tapmaqdadır. Məsələn, onlar demək olar ki, seçicilərlə görüşə gəlməyə, onlara öz platformalarını elan etməyə ehtiyac duymadılar. Hətta onların məntəqələrdə müşahidəçiləri də olmadı. Həmin namizədlər içərisindən bu gün adı “qalib” kimi göstərilən qondarma deputat isə hansı məhəlləyə gəldisə üzünə tüpürüb qovdular. Təbii ki, bütün bunlar bizim qələbəmizə olan inamı daha da artırırdı. Beləliklə, biz qalib gəldik!
Çox təəssüflə bildiririk ki, səsvermə başlayar-başlamaz seçkinin demokratik keçiriləcəyinə və bu hakimiyyətə olan ümidlərimiz tamamilə alt-üst oldu. Bir daha əmin olduq ki, “qozbeli qəbir düzəldər”. Ən dəhşətlisi isə odur ki, bu seçkilər nəinki saxtalaşdırıldı, bəlkə də 24 saylı Nizami birinci seçki dairəsində hələ indiyədək belə biabırçılıqlar olmamışdı. Hər bir məntəqədə ən azı bir müşahidəçimiz olsa da, vəkillərimiz davamlı olaraq məntəqələri nəzarət altında saxlasa da seçkilər onların gözü qarşısında həyasızcasına saxtalaşdırıldı. Necə deyərlər, tuman altnda bülleten gizlədən kim, büsqalter arasından bülleten çıxaran kim, müşahidəçilərin gözü önündə qutuya topa-topa bülleten atan kim... Demək olar ki, bütün məntəqələrdə “karusel əməliyyatı” keçirilsə də, günün sonunda istər DSK rəhbərliyinə, istər də məntəqə sədrlərinə verilən göstəriş tam olaraq yerinə yetirilməmişdi. Aşkar görünürdü ki, çoxsaylı “karusel əməliyyatları”na rəğmən, seçki bizim qələbəmizlə başa çatmışdı.
Odur ki, bu dəfə “yuxarı”dan gələn təlimatlarla məntəqələrəd elan olunan seçici sayını çox böyük həyasızlıqla protokolda dəfələrlə artıq göstərdiləar. Bu yetməzmiş kimi, bizim səsimizə də hər bir məntəqədə çox ciddi şəkildə ”əl gəzdidərək”, ən azı on dəfə azaltdılar.
Hər dəfə olduğu kimi, bu seçkidə də saxtakarlığın “uğurla başa çatdırılması” üçün xüsusi adamlar ayrılmışdı. Məsələn, icra hakimiyyətinin müxtəlif vəzifəli şəxsləri məktəblərə, poliklinikalara və seçki məntəqlərinin yerləşdiyi digər dövlət qurumlarına təhkim olunmuşdular. Onların hər biri qarşısında xüsusi öhdəlik qoyulmuşdu. Yəni hər biri seçkiyə ən azı 100-200 nəfəri gətirməli və onlar indiki deputatcığazın xeyrinə səs verməli idilər. Təbii ki, bu işdə məktəb direktorlarının, poliklinika rəhbərlərinin, “JEK” müdirlərinin də xüsusi missiyası var idi. Onlar “karusel”in təşkilinə birbaşa cavabdeh idilər. Hansı ki, xüsusi ayrılmış qruplar ən azı 5-6, bəzi hallarda isə daha çox mənətəqədə səs verirdilər. Hətta bu saxtakarları daşımaq üçün çox sayda bahalı avtomobil də ayrılmışdı. Müşahidəçilərimiz və vəkillərimiz bütün bunları aşkara çıxarsa və əlimizdə çoxsaylı təkzibolunmaz faktlar olsa da, seçkinin saxta nəticəsinə təsir etmək indiyədək mümkün olmadı...
Əlbəttə, bu, son deyil! Bizim üçün seçki hələ bitməyib və mübarizəmiz davam edir. Bizə ümid verən odur ki, səsi oğurlanan seçicilər bu mübarizədə hələ də bizimlə birgədir.
İnşallah, bu yolda qələbəyədək davam edəcəyik.
Ülviyyə ŞÜKÜROVA
P.S. Təşviqat kampaniyası zamanı parlament seçkilərinin bu dəfə demokratik keçiləcəyi ilə bağlı vətəndaşlara verdiyim vəd yerinə yetmədiyi üçün onların hər birindən ayrı-ayrılıqda üzr istəyirəm.