EN

FAO-nun dəstəyi ilə Azərbaycan və Türkiyə bitki sağlamlığı sahəsində səylərini birləşdirir

Hər iki ölkənin mütəxəssisləri bitki sağlamlığı ilə bağlı fövqəladə hazırlıq və idarəetmə prossesini nəzərdən keçirməklə bu sahə ilə bağlı təcrübələrini bölüşüblər

3-5 sentyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) - Türkiyə Tərəfdaşlıq Proqramı (FTTP) çərçivəsində FAO - Mərkəzi Asiya üzrə Subregional Ofisinin nümayəndələri və Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Kənd Təsərrüfatı Araşdırmaları və Qida Nəzarəti Baş İdarəsinin mütəxəssislərindən ibarət nümayəndə heyəti Azərbaycanda bitki sağlamlığı sahəsində inkişafa dəstək vermək məqsədilə ölkəmizə səfər edib.

Səfər zamanı təşkil olunan iki günlük seminarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi (AXA) ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri iştirak edib.

Səfər müddətində mütəxəssislər bir sıra texniki görüşlərdə iştirak etməklə, istixanaları ziyarət edib, təcrübələrini bölüşüb və bitki sağlamlığı ilə bağlı fövqəladə hazırlıq və idarəetmə prosesini nəzərdən keçirib. Bununla yanaşı, FAO-nun Ankara və Bakı ofisinin mütəxəssisləri AQTA-ya bitki sağlamlığı ilə bağlı sənədlərin hazırlanmasında dəstək göstəriblər. Səfər zamanı, xüsusilə tərəvəz virus xəstəliklərinin yayılması ilə bağlı fövqəladə hallarda yerli, sərfəli və sınaqdan keçmiş inkişaf həllərinin təşviqi məqsədilə atılacaq addımlar ilə bağlı bir sıra görüşlər və müzakirələr aparılmışdır.  Qeyd edək ki, bu addımlar Türkiyə təcrübəsinin benefisiar ölkələrdə tətbiq edilməsinə və Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıq modeli vasitəsilə digər layihə və fəaliyyətlərin təsirini artırmağa yönəlmiş Cənub-Cənub Əməkdaşlığı Layihəsi çərçivəsində həyata keçirilir.

Mütəxəssislər, həmçinin institusional strukturların, potensialların, strategiyaların və proqramların qiymətləndirilməsi, fövqəladə halların idarəedilməsi, qarşısının alınması və cavab tədbirləri planları, zərərvericilərin risklərinin analizi və FTPP layihəsi çərçivəsində hazırlanmış buğda pası xəstəliklərinin qarşısının alınması və idarə olunması üzrə Azərbaycanın strateji proqramının və fövqəladə planının nəzərdən keçirilməsi və yoxlanılması ilə bağlı müzakirələr aparıb və təcrübələrini bölüşüb.

İki günlük seminarın açılışında AQTA-nın İdarə Heyətinin rəhbəri Elxan Mikayılov, FAO-nun Azərbaycandakı nümayəndəsinin müavini  Bariz Mehdiyev, Türkiyə Respublikasının Bakıdakı Səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri Hakan Kalender və FAO-nun Türkiyə Ofisinin Kənd Təsərrüfatı üzrə Mütəxəssisi Fazil Düşüncəli çıxış edib. Seminar zamanı Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Qida və Nəzarət Baş İdarəsinin bitki sağlamlığı üzrə mütəxəssisi Hasenem Ertaş, Aqrar Araşdırmalar Baş İdarəsindən Pelin Keleş Öztürk və Ferhan Morca təlim sessiyaları keçirib.

Tədbirin sonunda, iştirakçılar, seminarın və ziyarətlərin Türkiyə və Azərbaycan arasında bitki sağlamlığı və qida təhlükəsizliyi sahəsində gələcək əməkdaşlığa töhfə verəcəyini əminliklə vurğulayıb.

FAO-Türkiyə Tərəfdaşlıq Proqramı

FAO-Türkiyə Tərəfdaşlıq Proqramının məqsədləri qida təhlükəsizliyini təmin etmək, kənd təsərrüfatında yoxsulluğunun azaldılması və davamlı meşə idarəçiliyinə dəstək vermək, səhralaşma ilə mübarizə aparmaq və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan da daxil olmaqla, qarşılıqlı maraq doğuran digər ölkələrdə ekosistemləri qorumaqdır.

2007-ci ildə yaradılmış FAO-Türkiyə Ərzaq və Kənd Təsərrüfatı üzrə Tərəfdaşlıq Proqramının (FTPP) birinci mərhələsi Türkiyə hökumətinin 10 milyon ABŞ dolları məbləğində etimad fondu tərəfindən maliyyələşdirilməklə və Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən icra olunub. 2009-2015-ci illəri əhatə edən proqramın birinci mərhələsi 16 ölkədə 28 layihə həyata keçirib.

2014-cü ildə Türkiyə və FAO FTTP-nin ikinci mərhələsinə və FAO-Türkiyə Meşəçilik Tərəfdaşlıq Proqramının (FTMP) birinci mərhələsinə əlavə olaraq 20 milyon ABŞ dolları məbləğində maliyyə ilə başlamışdır ki, bu da Türkiyənin ümumi töhfəsini 30 milyon ABŞ dollarına çatdırıb.

Chosen
12
1
ikisahil.az

2Sources