EN

Vüqar Həşimov Memorialının direktoru: Turniri daimi olaraq Şuşada keçirmək istəyirik

Bakı, 6 sentyabr, AZƏRTAC

"Turnir güclü mübarizə şəraitində keçəcək'.

AZƏRTAC xəbər verir ki, bu sözləri şahmat üzrə "Vüqar Həşimov Memorialı-2024"ün direktoru Anar Allahverdiyev yarışa həsr olunmuş mətbuat konfransında deyib.

O, dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: "Çalışacağıq ki, bizə olan etimadı doğruldaq. Superturnirin Şuşada keçirilməsi möhtəşəmdir. Bütün dünyanın gözü orada olacaq. Eyni zamanda, bu, bölgələrdə şahmat idman növünün inkişafına da müsbət təsir edəcək. Turniri daimi olaraq Şuşa şəhərində təşkil etmək istəyirik".

Yarışın baş hakimi Rauf Hacılı mübarizənin iki hissədən ibarət olacağını söyləyib.

Turnirin Təşkilat Komitəsinin rəhbəri, Vüqar Həşimovun atası Qasım Həşimov yarışda iştirak üçün dəvəti qəbul edən şahmatçılara minnətdarlığını bildirib. O, dünya şöhrətli qrosmeyster Maqnus Karlsenə təklif göndərdiklərini, lakin norveçli idmançının səfərinin müəyyən səbəblərə görə alınmadığını deyib. Q.Həşimov yarışın Beynəlxalq Şahmat Federasiyasının təqviminə salındığını əlavə edib.

Qeyd edək ki, yarış Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə sentyabrın 25-30-da təşkil olunacaq. 10 şahmatçının iştirak edəcəyi yarışda ilk 5 yerin sahiblərinə pul mükafatı veriləcək.

Memorialın açılış mərasimi və ilk turun partiyaları sentyabrın 26-da olacaq. Turnir “Şuşa” otelində reallaşacaq.

10-cu dəfə keçiriləcək Vüqar Həşimov Memorialının baş hakimi müstəqil Azərbaycanın ilk çempionatının qalibi Rauf Hacılı olacaq.

 

Chosen
60
azertag.az

1Sources