Yaponiya hökuməti Belarusun dövlət televiziyasında casusluqda ittiham olunan yapon vətəndaşı Masatoşi Nakanişi haqqında proqramın yayımlanması ilə əlaqədar Belarusa etiraz etdiyini bildirib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin Baş katibi Yoşimasa Hayaşi məlumat verib.
"Biz proqramın ləğv olunmasını təkidlə xahiş etsək də, təəssüf ki, nəticədə o efirə getdi. Efirdən dərhal sonra biz Belarus XİN-ə etirazımızı bildirdik", - deyə Hayaşi bildirib. Onun sözlərinə görə, Yaponiya tərəfi hesab edir ki, proqramın məzmunu insan hüquqlarını poza bilər.
Çərşənbə günü "Belarus-1" dövlət televiziya kanalı xəbər verib ki, ölkədə Yapon xüsusi xidmət orqanlarının əməkdaşı saxlanılıb. O, Belarusda sosial-siyasi vəziyyət, Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün həyata keçirilməsi, Belarus-Ukrayna sərhədində baş verənlər, habelə hərbi infrastrukturun çəkilişi barədə məlumat toplayırmış.
Nakanişi 2018-ci ildə Belarusa gəlib. O, respublika vətəndaşı ilə saxta nikah bağlayıb, sonra isə bu nikahı pozub. Fransisk Skorina adına Qomel Dövlət Universitetində yapon dili müəllimi kimi işə düzəlib.