EN

“Əgər hər məktəb dörd geyim formasından birini seçəcəksə, bunun nəyi vahid forma olur?” —Nadir İsrafilov

Bu günlərdə valideynlər məktəbli forması almaq üçün axtarışdadırlar. Şagird yerdəyişməsi əsasında övladının məktəbini dəyişən valideynlər isə yeni forma almalıdırlar. Çünki Nazirlər Kabinetinin 2022-ci il tarixli qərarına əsasən, ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilsə də müvafiq qərarda 4 nümunə geyim forması göstərilir. Hər məktəbin 4 formadan birini seçmək səlahiyyəti var. Hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası tərəfindən seçilən müvafiq geyim forması ən azı 3 tədris ili dəyişilməz qalmalıdır Deməli, məktəb 3 ildən sonra yeni formaya keçidlə bağlı qərar verməkdə sərbəstdir. Bu da bir çox valideynin narazılığına səbəb olur.  

Təhsil eksperti Nadir İsrafilovun fikrincə, əgər söhbət vahid məktəbli formasından gedirsə, tələblərdə vahidlik prinsipi gözlənilməlidir. N.İsrafilov Demokrat.az-a açıqlamasında hələ də, vahid məktəbli formasına keçidlə bağlı müəyyən problemlərin yaşandığını deyib. 

“Vahid məktəbli forması sovet dönəmində də olub, müstəqillik əldə etdiyimiz ilk dövrlərdə də. Sovet dönəmindən bu yana artıq neçə onillikdir ki, hər yeni tədris ili ərəfəsində valideynlər məktəb bazarlığına başlayarkən məktəbli forması ilə bağlı müəyyən problemlərlə üzləşirlər. Məktəbli formalarında hansı dəyişikliklərin ediləcəyi gündəmin başlıca mövzularından birinə çevrilmiş olur. Onu da əlavə edim ki, hələ müstəqilliyimizin ilk illərində vahid məktəbli formasına keçidlə bağli Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanmışdı. Ancaq nədənsə, əmrin məzmun və mahiyyəti qaldı bir kənarda, əvəzində özfəaliyyətlər başladı”. 

Ekspert qeyd edib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi sənədə əsasən hər bir məktəbdə vahid formanın olması əks olunub, ancaq məktəbli formasının hansı formada olması ilə bağlı qərar məktəbin pedaqoji şurasının və valideynlər komitəsinin ortaq qərarı ilə müəyyənlışdiriləcəyi nəzərdə tutulub: 

“Bu da mübahisə obyekti olmaya bilməz. Hər şeydən əvvəl ona görə ki, bu yanaşmada məktəbli forması ilə bağlı vahidlik prinsipi pozulacaq, ümumi rəyə gəlməkdə problemlər yaranacaq. Əgər məsələnin qoyuluşu ölkə üzrə vahid formanın tətbiq edilməsinə yönəlibsə, hər məktəbin müstəqil seçimi müxtəliflik yaradar ki, bu da artıq ayrılıqda götürülən məktəbin forması hesab edilə bilər. Əgər təhsildə bütün ölkə üzrə vahid dövlət standartları tətbiq olunursa, belə bir standartlar nəyə görə məktəbli formasına da şamil edilməməlidir? Digər tərəfdən il ərzində bir məktəbdən digərinə xeyli sayda şagird yerdəyişmələri edilirsə, onda bir forma digəri ilə əvəz edilməlidir?”

N.İsrafilov vurğulayıb ki, geyim formasını məktəbin Nizamnaməsinin öhdəsinə buraxmaq olmaz:

“Əgər hər məktəb 4 fərqli eskizdən birini seçəcəksə, bunun nəyi vahid forma olur? Məgər polis, prokuror, hakim, vəkil, və s digər peşə sahiblərinin formalarında ayrı-ayrılıqda eskiz müxtəlifliyi var? Yasamal rayon polisi bir rəngdə Nəsimi polisi başqa rəngdə -necə təsir bağışlayar? Olmazmı ki, respublikanın bütün məktəbləri üçün digər peşə sahiblərində olduğu kimi, ümumi rəy nəzərə alınaraq vahid standartlar əsasında vahid formada və vahid rəngdə geyim tətbiq edilsin.  Bir də ki, il ərzində Respublika üzrə rayon daxili, şəhər daxili və rayonlar, şəhərlər arası bir məktəbdən digər məktəbə yüzlərlə, minlərlə yerdəyişmələr həyata keçirilir. Belə çıxır ki, bir cür formalı məktəbdən digər formalı məktəbə keçən şagirdə yeni forma alınmalıdır? Geyim forması dəstinin məktəbin Pedaqoji Şurasının qərarı ilə müəyyən olunması və ən azı 3 tədris ili ərzində dəyişilməz olaraq tətbiq edilməsi ilə də bağlı müəyyən nüanslar da qaçılmazdır. Düşünürəm ki, bu məsələni məktəbin Nizamnaməsinin öhdəsinə buraxmaq olmaz”. . 

N.İsrafilov hesab edir ki, təhsildə də vahid standartlar tətbiq edilməlidir:

“Hər məktəbin müstəqil seçimi müxtəliflik yaradır ki, bu da artıq ayrılıqda götürülən məktəbin forması hesab edilə bilər. Əgər təhsildə bütün ölkə üzrə vahid dövlət standartları tətbiq olunursa, belə bir standartlar nəyə görə məktəbli formasına da şamil edilməməlidir? Fərqlənmək istəyənlər isə yaxalarına məktəbin loqosunu, emblemini vura bilərlər... 

Bu il vəziyyət hansı istiqamətə yönələcək, bunu zaman göstərəcək. Hələ ki, reallıq ondan ibarətdir ki, hər valideynin yeni forma almağa imkanı yoxdur. İmkanı olanların bir çoxu narahatlıq və narazılıqlarını gizlətmirlər.  Məktəbli formalarının materialının sintetik olması və bunun uşaqların sağlamlığını ciddi risk altında qoyması barədə fikirlərlər də səsləndirilir. Ölkəyə mənşəyi məlum olmayan, keyfiyyətsiz məktəbli formalarının gətirilməsinin qarşısını almaq tələbi irəli sürənlər də var”.

Törə Zeynallı
Demokrat.az
Chosen
160
demokrat.az

1Sources