EN

""Dayan Dincəl" təqdirəlayiq layihədir" - SORĞU

Yol kənarı istirahət yerləri olan “Pit stop” layihəsi “Dayan Dincəl” olaraq dəyişdirilmişdi. Uzaq səfərlərə çıxan turistlər və sərnişinlər müəyyən məsafə qət etdikdən sonra dincəlmək üçün istirahət məkanlarına üz tuturlar. "Yol üstü" layihəsi çərçivəsində fəaliyyətə başlayan "Dayan Dincəl" istirahət məkanları artıq istifadəyə verilib. SİA "Dayan Dincəl" layihəsi haqqında nəqliyyat ekspertləri Aslan Əsədov və Yasin Mustafayevin fikirlərini öyrənib.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev: ""Dayan Dincəl" məntəqələri təkcə Bakı-Astara istiqamətində deyil, Bakı-Qazax, Bakı-Şahdağ istiqamətlərində də inşa edilib. Bunlar demək olar ki, müəyyən aralıqlarla təsis edilib. Bunların əsas məqsədi sərnişinlərin, sürücülərin, ümumiyyətlə, yol hərəkəti iştirakçılarının müəyyən məsafədən bir dincəlmələri, təbii ehtiyaclarını ödəmələri, eyni zamanda alış-veriş etmələri, yemək yemə ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub. Çox gözəl, təqdirəlayiq layihədir. Biz bilirik ki, oradakı bir çox xidmətlər tamamilə pulsuzdur. Bunların təsis edilməsi, ölkədə müəyyən aralıqlarla belə təsislərin quraşdırılması həm yerli əhali, həm də turistlər üçün çox faydalıdır. Layihənin gec istifadəyə verilməsinin səbəbi tamamlama işləri ilə bağlı idi. Düzdür, bəziləri hazır kimi görünürdü. Bəlkə də, içinin avadanlıqları gətirilməmişdi, bəlkə maliyyə çatışmazlığı var idi. Bir müddət ona görə də fəaliyyət göstərmirdi".

Nəqliyyat eksperti Aslan Əsədov: ""Dayan Dincəl" layihəsi yol kənarında uzaq mənzilli, yolsuzluq şəraitində olan ərazilər üçün ümumi olaraq insanların dincəlməsi üçün yaradılıb. "Dayan Dincəl"in əsas məqsədi uzun yola çıxan insanların hər hansı bir qısa müddət ərzində yorğunluğunu çıxarması, özünəxidmət etməsi üçündür. İnsanlar özləri ilə çay, yemək götürə bilərlər. Onu rahat yeyib, dincəlmək, 5-10 dəqiqə müddətində işlərini sahmana salmaq, telefonla danışmaq, yaxud, xırda təmir işi varsa, onu həyata keçirə bilmələri üçündür. "Dayan Dincəl"in funksiyası çox lazımlıdır. Ona görə də, burada heç bir problemin olmayacağını düşünürəm. Bu, təkcə Bakı-Astara istiqamətində deyil, bütün magistrallar boyunca yolsuzluq şəraitində və çətin relyefli ərazilərdə quraşdırılıb. Pulsuz olması insanlara daha yüksək xidmət göstərilməsi mənasına gəlir".

Müəllif: Söylü Ağazadə
Chosen
66
sia.az

1Sources