EN

Qarabağı həyatları bahasına “gizli düşmən”dən təmizləyənlər – FOTO

İşğaldan azad edilmiş ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işləri davam etdirilir. Aparılan minatəmizləmə əməliyyatları zamanı 44 günlük Vətən müharibəsindən indiyədək Qarabağ və Şərqi Zəngəzur ərazisində 160 min hektardan artıq ərazi təmizlənib, 156 mindən çox mina və müxtəlif təyinatlı hərbi sursatlar tapılaraq zərərsizləşdirilib. 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməliyyat rəhbəri Xaliq Zülfüqarov Bizim.Media-ya açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərin mina və müharibənin digər partlayıcı qalıqları ilə ciddi şəkildə çirklənməsi müşayiət edilir: 

“Onların işə düşməsi insanların həyat və ya sağlamlığının itirilməsinə, uzun müddətli ağır psixoloji travmalara gətirib çıxarmasına səbəb olur. Əksər hallarda minaların qurbanları mülki əhali olur. 2020-ci ilin noyabr ayından indiyədək 377 nəfər mülki şəxs mina qurbanı olub. Onlardan 69 nəfər həyatını itirib, 308 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.


X.Zülfüqarov qeyd edib ki, ərazilərin təmizlənməsinə bir sıra amillər çətinlik yaradır: 


“Minaların standartlara uyğun deyil, pərakəndə və qarışıq şəkildə basdırılması, sürpriz və tələlərin qoyulması, əldaqayırma və kustar üsülla hazırlanan partlayıcı qurğular, relyef təsirləri, tikanlı torlar və məftillər, ərazinin metal qırıqları ilə çirklənməsi, yağış və sel sularının təsirindən minaların dərinə düşməsi, taxta və plastik gövdəli minaların deformasiyaya uğrayaraq təhlükəli vəziyyətə gəlməsi minatəmizləmə əməliyyatlarını çətinləşdirən və təhlükə yaradan amillərdəndir”. 


Mülki əhali arasında mina qurbanlarının sayının artması insanlar tərəfindən təhlükənin real olduğunu hələ də anlamadıqlarını ortaya çıxarır.


Qarabağ və Şərqi Zəngəzura qayıdan və qayıtmağa hazırlaşan əhalinin mina və müharibənin digər partlayıcı qalıqlarının yaratdığı risklərdən qorunması, təhlükəsizlik qaydalarına riayət etməsi önəmlidir.

Odur ki, ANAMA tərəfindən əhalinin bu istiqamətdə maariflənməsi də həyata keçirilir. Azyaşlı və yetkinlik yaşına çatmayan uşaqlara sürpriz minalar haqqında məlumat verməklə, həyatlarını xilas etmək olar. Unutmayaq ki, hər bir əşya, oyuncaq və ya suvenirin içərisində ölümcül qurğu quraşdırıla bilər. İşğaldan azad olunmuş ərazilərdə dəfələrlə bu kimi hallara rast gəlinib” – deyə, X.Zülfüqarov bildirib.




Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Chosen
125
18
bizim.media

10Sources