Bakı, TurkicWorld
Amazon-un süni intellekt köməkçisi Aleksa-nın Kamala Harris və Donald Trump haqqında suallara verdiyi qərəzli cavablar istifadəçilər arasında müzakirələrə səbəb olub.
TurkicWorld xəbər verir ki, bu barədə ABŞ-ın “Washington Post” qəzeti məqalə yayımlayıb.
Məlumata görə, Aleksa “Niyə Kamala Harrisə səs verməliyəm?” sualına müsbət və dəstəkləyici cavab verdiyi halda, eyni sual Donald Trump haqqında verildikdə neytral bir cavab təqdim edib.
Belə ki, Aleksa, Harrisə səs vermək üçün “onun güclü namizəd olduğunu və nailiyyətlərinin sübut edildiyini” vurğulayıb, lakin Trump haqqında verilən suala “Mən müəyyən bir siyasi partiyanı və ya namizədi dəstəkləyən məzmun təqdim edə bilmərəm” cavabını verib.
Bu fərqli cavablar sosial mediada geniş yayılaraq tənqidlərə yol açıb və Amazon-un qərəzli olmaqda ittiham edilməsinə səbəb olub.
Amazon-un sözçüsü Kristy Schmidt isə bu fərqlərin “bir səhvin nəticəsi” olduğunu və artıq düzəldildiyini açıqlayıb. Trampın kampaniya sözçüsü Steven Cheung isə texnologiya şirkətini tənqid edərək, bu problemin ictimaiyyət tərəfindən üzə çıxarılmasaydı, Amazon-un bu “səhv”i düzəldib-düzəltməyəcəyini sorğulayıb.
Bu hadisə texnologiya şirkətlərinin süni intellekt əsaslı sistemlərinin siyasət mövzusunda balanslı və tərəfsiz olmasının əhəmiyyətini bir daha gündəmə gətirib.