Ukrayna Prezidenti Vladimir Zelenski ukraynalı qaçqınların ölkəyə mümkün qayıdışı ilə bağlı açıqlamasında bildirib ki, ərazi bütövlüyümüzü qoruduğumuz kimi, cəmiyyətin də bütövlüyün qorumalıyıq. O qeyd edib ki, öz yurd-yuvasından didərgin düşərək xaricdə sığınacaq tapan milyonlarla insanımız qaçqına çevrilməməlidir. Biz onları Ukrayna cəmiyyətinin bir hissəsi kimi qoruyub saxlamalıyıq, onların geri qaytarılmasını təmin etməliyik. Bura işin müxtəlif komponentləri daxildir. Onun sözlərinə görə, təhlükəsizliyin və iqtisadi artımın təmin edilməsi, Ukraynanın Avropa İttifaqı və azad dünyanın digər aparıcı subyektləri ilə əlaqələrinin bərpası və gələcək inteqrasiyası, Ukraynada və ukraynalı miqrantların qaldığı qabaqcıl ölkələrdə insan hüquqlarının qorunması, sosial və şəxsi azadlıqların bərabərləşdirilməsi, müasir veteranlar siyasətinin yaradılması bu komponentlərə daxildir. Çexiya Ukraynanın çağırış yaşına çatmış kişi vətəndaşlarını geri qayıtmağa məcbur etmək niyyətində deyil.
Ukraynanın Çexiyadakı səfiri Vasili Zvariç isə bildirib ki, Çexiya Ukraynanın çağırış yaşına çatmış kişi vətəndaşlarını geri qayıtmağa məcbur etmək niyyətində deyil. Onun sözlərinə görə, ölkəsinin əsas vəzifəsi bu şəxslərin öz təşəbbüsü ilə orduda xidmət etməsinə nail olmaqdır.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov “Sherg.az”a bildirib ki, Ukrayna ərazisini tərk edən vətəndaşlarla bağlı zaman-zaman fərqli fikirlər səsləndirilir:
“Həmin vətəndaşların əsas hissəsi Çexiya, Polşa, Almaniya və digər ərazilərdə məskunlaşıblar. Sözügedən dövlətlər isə ukraynalılar hesabına məşğulluğu təmin edirlər. Eyni zamanda müxtəlif təkliflərlə ölkə iqtisadiyyatına töhfə vermək üçün Ukrayna vətəndaşlarından yararlanırlar. Sözügedən vətəndaşlar Ukraynaya qayıtmaq istəmirlər və uyğun güzəştlərlə əhatə olunduqlarına görə başqa düşüncə sahibi də deyillər. Bu isə Ukrayna üçün çox çətin problemlər yaradır. Şübhəsiz ki, Zelenskinin vətəndaşları ölkəsinə qaytarması üçün müharibəni dayandırmaq lazımdır. İnsanlar, xüsusilə də qadınlar yaşlılar və uşaqlar təhlükəsizlik mühit tələb edirlər. Amma vətəndaşlar içərisində əvvəldən də Ukraynanı tərk etmək istəyənlərə də rast gəlinir. Ukrayna müharibəsi bu vətəndaşlara Avropaya çıxmaq imkanını formalaşdırdı. Ukrayna vətəndaşlarının əsas məskunlaşdığı ölkələr onlardan öz maraqları üçün istifadə etməyə çalışırlar. Bu da müharibənin sərt, qəbuledilməz simasıdır”.
Qeyd edək ki, hazırda Çexiyada çağırış yaşına çatmış 253 min nəfər Ukrayna vətəndaşı yaşayır. Onların 95 mini 18-65 yaş aralığında olan şəxslərdir.