EN

"Nazirlər Kabinetinin dəyişməsi Ukraynanı gücləndirə bilər" - AÇIQLAMA

Ukrayna parlamenti Nazirlər Kabinetini yeniləyib. Ukrayna Prezidenti Vladimir Zelenski xüsusən də xarici işlər naziri Dmitri Kulebanın istefasının səbəbini onun lazımı qədər gücə sahib olmamasında görüb.

Kabinetin yeni nümayəndələrinin Ukrayna-Rusiya müharibəsinə hansı təsirləri ola bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əli Mustafa dedi ki, Nazirlər Kabinetinin yenilənməsi Ukraynada yaxşı istiqamətdə dəyişikliklərə səbəb ola bilər.

"Xarici İşlər Nazirliyinin yenilənməsi, əslində Ukraynanın indiki ağır dönəmində çox ciddi bir mərhələdən keçdiyi bir məqamda, yəqin ki, faydalı olacaqdır. Ümumiyyətlə, burada bütün nazirlərin üzərinə vəzifə düşür. Amma xarici işlər naziri vəzifəsi daha çətindir. Çünki dünyanın əksər dövlətləri ilə daim əlaqədə, təmasda olmalıdır, Ukraynanın ehtiyaclarını, problemlərini çatdırmalıdır, müzakirə etməlidir. Təbii ki, kommunikasiya çox önəmlidir və bu, həm də elə edilməlidir ki, müttəfiqlər arasında gərginliklər yaşanmasın, problemlər olmasın. Bütün hallarda kabinetin yenilənməsi Ukrayna hökumətinin iş fəaliyyətini artıracaq".

Politoloqun sözlərinə görə, nazirlərin istefasında Zelenski bilavasitə rol oynayıb.

"Bu ilin may ayında prezident Zelenskinin səlahiyyət müddəti bitib. Amma müharibə getdiyinə görə onlar yeni prezident seçkiləri keçirmədi. Yəqin ki, bu, ayrı məsələdir, ayrı mövzudur. Amma hökumətin yenilənməsi məsələsi əslində Ukraynada xeyli vaxt gündəmdə idi. Düzdür, orada bütövlükdə kabinet yenilənmədi, bir neçə nazirlərin dəyişməsindən söhbət gedir. Təbii ki, cəmiyyətə onların ərizə, yəni özlərinin istefa verməsi kimi təqdim olundu. Amma böyük ehtimalla prezidentin təşəbbüsü olub. Yəqin ki, onun istəyini nəzərə alaraq onlar istefa ərizəsini təqdim ediblər. Düzü, belə bir təsəvvür var, belə bir yanaşma var ki, ümumiyyətlə, bu komanda yorulubdur, Ukrayna çox ağır bir rejimdə müharibə edir, vuruşur, çalışır. Yəni belə bir şəraitdə, əlbəttə, nazir vəzifəsi kifayət qədər məsuliyyətli bir vəzifədir. Mümkündür ki, həqiqətən onların bir hissəsi yorulub, bir hissəsi ola bilsin bu və ya digər şəraitdən çətinliklərlə bağlı öz üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirə bilmirlər. Amma bütün hallarda prezident Zelenski onların hamısına təşəkkür etdi və xidmətlərini qeyd etməklə onların daha enerjili, daha çevik insanlarının əvəzlənməsinin vacibliyini də qeyd edib".

Əli Mustafa qeyd etdi ki, bu yeniliyin Ukrayna-Rusiya müharibəsinə təsiri çox olmayacaq:

"Ukrayna-Rusiya münasibətlərini diplomatiya, kommunikasiya mərhələsi ilə həll etmək çətindir. Yalnız hərbi uğurlar tərəflərdən birinin çox ciddi hərbi uğur qazandığı şəraitdə danışıqlar mümkün olar. Yəni yeni nazirlər öz işlərini daha yaxşı qursa, Ukraynanın uğur qazanma şansı artar və yaxud da əksinə olarsa, yenə o halda da Rusiya tərəfi güclənər. Yəni bütün hallarda tərəflərdən birinin olduqca güclənməsi danışıqları tezləşdirə bilər".

Türkan İSGƏNDƏRLİ

Chosen
115
redaktor.az

1Sources