Ermənistanda yeni tədris ilindən etibarən “Rus dili” orta məktəblərdə tədrisi vacib olan dillər siyahısından çıxarılaraq, xarici dil statusuna keçiriləcək. Dildə deməsə də, hərəkətləri ilə Rusiyaya qarşı çıxan Ermənistanın məqsədir nədir və Rusiya buna necə reaksiya verəcək?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Türkiyənin Erciyes Universitetinin professoru, ermənişünas alim, politoloq Qafar Çaxmaqlı bildirdi ki, bu, Ermənistanın çoxdan atmaq istədiyi addım idi.
"On il bundan əvvəl Ermənistanda "Təhsil haqqında" qanun qəbul olunub və bu qanuna görə rus dili xarici dil kimi tədris olunmağa başlayıb. Tədrisi rusca olan məktəblər erməni dilli məktəblərə çevrilib. Bu proses ona görə uzanıb ki, dərsə rusca başlayan şagirdlər məktəbi bitirsinlər. Bu il artıq həmin məktəblərin artıq rusca tədris aparmasına ehtiyac qalmayıb. Söhbət bundan gedir. Amma erməni dilli məktəblərdə başqa dillərlə yanaşı rusca dərslər verilməkdədir. Qarabağdan Ermənistana gələn rusdilli məktəblilər də ermənicə oxumağa məcbur edilirlər".
Qafaq Çaxmaqlının sözlərinə görə, Rusiyaya qarşı Ermənistan rəhbərliyinin "sərin" münasibəti təhsil sahəsində özünü büruzə verir:
"Rusiya ötən illərdə də bu münasibətə reaksiyasını vermişdi və Azərbaycanı örnək olaraq müqayisə predmeti kimi dilləndirmişdi. Hesab edirəm ki, Qərb və ABŞ Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və onun təsir gücünü azaltmaq üçün tədris faktorundan da istifadə edəcəkdir. Ermənistan alət rolunu oynamaqda davam edir. Rusiyanın Ermənistanı bəzi addımlardan çəkindirmək üçün siyasi və iqtisadi rıçakları işə düşə bilər. Ermənistan Rusiyadan asılı dövlətdir".
Qeyd edək ki, Ermənistanda rus dili 4-9-cu siniflərdə həftədə üç, yuxarı siniflərdə isə iki dəfə tədris olunacaq.
Türkan İSGƏNDƏRLİ