06 sentyabr 2024-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sanqaçal qəsəbəsində növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda Sanqaçal qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Keçirilmiş səyyar qəbulda 65-ə yaxın qəsəbə sakinləri iştirak etmişdir. Sakinlərdən 11 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir. Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək olan konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin ölkəmizdə qəbul edilməsinin gözlənildiyini bildirərək, qeyd etmişdir ki, həmin ərəfədə ölkəyə səfər edən qonaqların bir çoxu rayonumuza səfər edərək, rayonun tarixi abidələrini, o cümlədən Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu, Karvansarayları, övdanları ziyarət edəcəklər. Bu səbəbdən də rayon ərazisində geniş abadlıq quruculuq işləri aparılmaqdadır. Əhali arasında ekoloji və sanitar normaların riayət olunmasına diqqət yetirilməli, bu istiqamətdə maarifləndirici işlər geniş aparılmalıdır. Bundan əlavə Qərbi Azərbaycan İcmasının işindən geniş söz açdı. Başçı Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyası binasının açılışı olduğunu qeyd edərək bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 200 ildə mərhələli şəkildə öz el-obasından deportasiya edilən azərbaycanlılar, Qərbi Azərbaycanda məhv edilən Azərbaycan irsi barədə həqiqətlərin çatdırılmasına, o cümlədən sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıdış uğrunda aparılan fəaliyyətə yaxından dəstək olmağa istiqamətlidir. Bu işdə əhalinin yaxından iştirak etməsini xahiş edərək, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycan Televiziyasının sosial şəbəkələrdə olan profillərinin izlənilməsi, orada paylaşılan materialların bəyənilməsi və paylaşım edilməsininin vacib olduğunu vurğuladı. Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.