Bu gün ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları (İKT), onların ölkənin inkişafında hansı rol oynaması əsas müzakirə predmetlərindən biri olaraq qalır.
Əslində, informasiya-kommunikasiya texnologiyalarının insan həyatına və cəmiyyətə təsiri göstərir ki, o, qlobal və dönməz xarakter daşıyır və bu, son nəticədə müasir sivilizasiyanı yeni inkişaf mərhələsinə daxil edir. Elə bu fonda son illər ölkəmizdə İKT-nin istifadəsi və inkişafında əsl bum müşahidə olunur. Azərbaycan hökuməti bu sahənin mühüm rolunu dərk edərək kompüterləşdirmə və informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət edir.
Rəqəmsallaşma istiqamətində görülən işlər məmnunluqla qarşılanır
Bu gün ölkəmizdə müasir telekommunikasiya infrastrukturunun və internetin milli seqmentinin inkişafı üçün zəruri addımlar atılır. Eyni zamanda ölkədə kompüterləşmənin daha sürətlə getməsi, yerli sənayenin inkişafı və proqram məhsullarının ixracı, milli informasiya ehtiyatlarının formalaşdırılması və istifadəsi də xüsusi diqqət mərkəzində yer alır.
Bunlarla yanaşı, yüksək ixtisaslı insan resurslarının hazırlanması, qanunvericiliyin təkmilləşdirilməsi, informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində də ölkəmizdə mühüm işlər görülüb. Beləliklə, ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində ciddi nəticələr əldə edilib. Hazırda respublikada rəqəmsal iqtisadiyyatın fəal inkişafı, o cümlədən müasir informasiya-kommunikasiya texnologiyalarının bütün sektorlarda və sahələrdə, ilk növbədə, dövlət idarəçiliyində, təhsildə, səhiyyədə və kənd təsərrüfatında geniş tətbiqi üçün kompleks tədbirlər həyata keçirilir. “Elektron hökumət” sisteminin təkmilləşdirilməsini, proqram məhsulları və informasiya texnologiyalarının daxili bazarının daha da inkişaf etdirilməsini, respublikanın bütün regionlarında İT parkların təşkilini nəzərdə tutan çoxsaylı prioritet layihənin icrasına başlanılması da böyük uğurdur. O dafaktdır ki, rəqəmsal iqtisadiyyat müvafiq infrastruktur tələb edir. Buna görə də Azərbaycan telekommunikasiya şəbəkəsinin mərhələli modernləşdirilməsini həyata keçirir. Bu gün fiber optik şəbəkələrin genişləndirilməsinə bu fonda ayrıca diqqət olunur. Bunun sayəsində genişzolaqlı əhatə dairəsi xeyli artıb. Mobil şəbəkə də müasirləşdirilir, əhalinin məskunlaşdığı ərazilərin əksər hissəsi mobil internet rabitəsi ilə əhatə olunur, nəticədə mobil rabitə abunəçilərinin sayı sürətlə artır. Həmçinin 5G texnologiyasının inkişafı istiqamətində də işlər aparılır. Dövlət və təsərrüfat idarəetmə orqanlarının işinin təkmilləşdirilməsi, hakimiyyət orqanları ilə əhali arasında səmərəli qarşılıqlı əlaqə mexanizminin formalaşdırılması üçün rəqəmsal texnologiyalardan istifadə prioritet istiqamətlərdəndir. Bu vəzifələr elektron hökumət sisteminin inkişafı vasitəsilə həyata keçirilir. Bu, lazımi sənədləri əldə edərkən vətəndaşların vaxtına və puluna qənaət edir, eyni zamanda dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinə müsbət təsir göstərir. Ümumiyyətlə, dövlət qurumlarının rəqəmsallaşması istiqamətində Azərbaycanda bir neçə ildir işlər gedir. Bütün dövlət qurumları paraleldə öz ənənəvi xidmətlərini rəqəmsal müstəviyə keçirirlər və demək olar ki, Azərbaycanda bir çox xidmət artıq onlayn olaraq tərtib olunub. İnsanlar bir neçə seçim ilə rəqəmsal imza əldə edirlər, burada biometrik imza, ASAN imza, SİMA, Mərkəzi Bankın yaratdığı və digər imza növləri var ki, insanlara seçim haqqı verilib. Bununla da insanlar rəqəmsal imza ilə öz xidmətlərini dövlətdən əldə edə bilirlər.Ümumi Elektron hökumət konsepsiyasına uyğun olaraq qurumlararası məlumat mübadiləsi ilə də daha təkmil hala gəlib. Proses hazırda uğurla davam edir.
Azərbaycanda yüksək texnoloji bazanın formalaşdırılması istiqamətində sistemli iş aparılır
Özəl sektorun fəal iştirakı olmadan bazarın tam inkişafı mümkün deyil və Azərbaycan rəhbərliyi İT sahibkarlığını dəstəkləyir.
İnformasiya-kommunikasiya texnologiyaları sahəsində xidmətlərin həcmi sürətlə artır. Bu bazarın inkişafının ən mühüm göstəricilərindən biri İT məhsul və xidmətlərinin ixracının artmasıdır. Burada Azərbaycan artıq böyük uğur əldə edib. Ümumiyyətlə, ötən illər ərzində ölkədə internetin, mobil rabitənin və digər sahələrin inkişafı, daxili iqtisadiyyatın müasirləşdirilməsi üçün yüksək texnoloji bazanın formalaşdırılması istiqamətində sistemli iş aparılıb. Hazırda ölkədə telekommunikasiya texnologiyalarının, şəbəkələrinin və rabitə infrastrukturunun inkişafı stasionar və mobil genişzolaqlı çıxış sisteminin genişləndirilməsi, məlumatların və səs trafikinin kommutasiya mərkəzlərinin sayının artması, magistral xətlərin müasirləşdirilməsi, o cümlədən telekommunikasiya texnologiyalarının inkişafı ilə səciyyələnir. Eyni zamanda multimedia xidmətlərinin inkişafı üçün infrastrukturun yaradılması üçün də zəruri işlər görülür. İdarəetmə və istehsal proseslərində İKT və proqram məhsullarından istifadə iqtisadiyyat sahələrinin və yerli sənayenin inkişafında böyük rol oynayır. Proqram məhsullarının milli bazarının inkişafına xüsusi diqqət yetirilir. Beləliklə, yerli İT sənayesi uğurla inkişaf edir, birgə müəssisələr yaradılır, yeni proqram təminatı layihələri hazırlanır və həyata keçirilir, internet getdikcə daha çox yer tutur. Bu istiqamətdə aparılan ardıcıl işlər Azərbaycanda informasiya cəmiyyətinin daha da inkişafına, qlobal informasiya məkanına inteqrasiyasına xidmət edir. Burada nəzərə alınmalıdır ki, son zamanlar beynəlxalq əlaqələrin genişlənməsi şəraitində informasiyalaşdırma prosesi cəmiyyətin inkişafında getdikcə daha mühüm yer tutur. İnformasiya texnologiyaları, onların inkişaf dərəcəsi və praktiki istifadəsi, eləcə də onları dəstəkləyən telekommunikasiya infrastrukturu ayrı-ayrı ölkənin ardıcıl yüksək inkişaf templərini və onun iqtisadi inkişafa inteqrasiyasının səmərəliliyini təmin edən iqtisadi tərəqqinin ən mühüm amillərinə çevrilir. Yeni texnologiyaların iqtisadi artıma töhfəsi istehsal vasitələrinin keyfiyyətcə təkmilləşdirilməsi, kapitalın və əmək məhsuldarlığının artmasına, yenidənqurma effektinin formalaşmasına səbəb olan ənənəvi texnologiyaların dəyişməsi ilə müəyyən edilir. Eyni zamanda, İKT əvvəlki ənənəvi texnologiyalarla müqayisədə bir sıra xüsusiyyətlərinə görə fərqlənir, buna görə də onların iqtisadi artıma və milli iqtisadiyyatın inkişafına təsiri keyfiyyətcə fərqli xarakter daşıyır.
Ramil QULİYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.