EN

U-20 dünya çempionatı: Xetaq Karsanov finalda

İspaniyanın Pontevedra şəhərində 20 yaşadək güləşçilər arasında təşkil olunmuş U-20 dünya çempionatı davam edir.

Arena.az xəbər verir ki, yarışın 5-ci günündə sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Bu gün millimizin 5 üzvü xalça üzərinə çıxıb.

57 kq-da mübarizə aparan Bəşir Verdiyev təsnifat mərhələsinə təsadüf edən ilk görüşündə Kayo Duarteniyə (Braziliya) 3:14 hesabı ilə uduzub.

Ayxan Abdullazadə (65 kq) ilk görüşündə Daniel Marian Sanduruya (Rumıniya) 12:2 hesabı ilə qalib gəlib. O, daha sonra ermənistanlı rəqibi Arman Musikyanı 12:8 hesabı ilə məğlub edib. Ayxan uğurlu çıxışını 1/4 finalda davam etdirə bilməyib. Pəhləvanımız iranlı Ali Mahmud Xorramdelə 6:9 uduzub. İranlı güləşçi finala yüksəldiyindən Abdullazadə sabah bürünc medal uğrunda təsəlliverici görüşdə güləşəcək.

Ramik Heybətov (70 kq) ilk görüşündə ukraynalı Bohdan Olenyuka 2:3 hesabı ilə məğlub olub.

79 kq-da mübarizə aparan Emin Qocayev ilk olaraq Adilet Nubekoviçi (Qırğızıstan) 15:8 hesabı ilə üstələyib. Güləşçimiz 1/8 finalda Beynəlxalq Bayraq altında çıxış edən Dimitri Lukaşuk ilə bacaqmayıb – 1:3.

1/8 finaldan mübarizəyə başlayan Xetaq Karsanov (97 kq) ilk görüşdə rəqibi Aytenir Maksatova (Qırğızıstan) heç bir şans verməyib – 11:0. Daha sonra Rifat Ereni (Türkiyə) gərgin keçən mübarizədə 2:1 məğlub edən Xetaq yarımfinala yüksəlib. Onun növbəti rəqibi slovakiyalı Adam Jaksik olub. İdmançımız 5:0 hesabı ilə qalib gələrək, finalçı olub. Xetaq sabah həlledici qarşılaşmada ötən il böyüklər arasında dünya çempionu olmuş Rizabek Aitmuxanla (Qazaxıstan) güləşəcək.

Yarışın 5-ci günündə millimizin 1 medal qazanmaq şansı da vardı. Qadınların mübarizəsinin son günündə Günay Qurbanova (62 kq) təsəlliverici görüşdə Çin Taypeyini təmsil edən Yi Li üzərində 8:2 hesablı qələbə qazanıb. O, bürünc medal uğrunda qarşılaşmada meksikalı Melani Ximeneslə bacarmayıb (tuş) və dünya çempionatını 5-ci pillədə başa vurub.

Azərbaycan yığması mundialda 1 gümüş, 2 bürünc medal qazanıb. Yunan-Roma güləşçilərinin mübarizəsində Cocu Səmədov (87 kq) gümüş, Ruslan Nurullayev (72 kq) bürünc medal əldə edib. Nərgiz Səmədova (55 kq) da yarışı üçüncü olaraq tamamlayıb.

U-20 dünya çempionatı sentyabrın 8-də yekunlaşacaq.

Chosen
178
arena.az

1Sources