“Dayanıqlı Gələcək Platforması” Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində açılan ictimai vətəndaş təşəbbüsü pavilyonu olacaq.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Cumhuriyet” qəzetinin “ Green Zone COP29” platformasında pavilyonun qarşıdan gələn açılış mövzusuna həsr olunmuş materialında deyilir.
Nəşr yazır ki, Bakıda BMT-nin noyabr konfransı ərəfəsində “Agriconnect Türkiye” təşkilatından “Dayanıqlı Gələcək Platforması”nın təşkilatçıları bu işlərə töhfə verməyə çalışan tanınmış şirkətlərin, QHT-lərin nümayəndələri və ictimai xadimlərlə görüş keçiriblər.
“Agriconnect Türkiye” şirkətinin nümayəndəsi Həvva Olçum deyib ki, noyabrın 11-dən 24-dək Bakıda “Dayanıqlı Gələcək Platforması” pavilyonunda ekoloji mövzularda çoxsaylı dəyirmi masa və digər tədbirlər keçiriləcək. “COP29-un 11 günü ərzində, o cümlədən su təminatı, enerji, texnologiyalar, dəb, turizm, nəqliyyat və səhiyyə də daxil olmaqla 11 müxtəlif istiqamət üzrə müzakirələr təşkil olunacaq. Məqsədimiz ictimaiyyətin maksimum dərəcədə geniş diqqətini ətraf mühit problemlərinə cəlb etməkdir. Qeyri-hökumət təşkilatlarının nümayəndələrini, tanınmış istehsalçıları, alimləri və ətraf mühit fəallarını bir araya gətirməyi planlaşdırırıq”, - deyə “Agriconnect Türkiye”nin nümayəndəsi pavilyon yaratmaq ideyasına dəstəyinə görə “Trendyol”a təşəkkürünü bildirib.
O vurğulayıb ki, bu gün səyləri birləşdirmək və ekoloji problemləri müzakirə etmək üçün ən doğru zamandır. “Artıq üç ildir biz “Dayanıqlı Gələcək Platforması” çərçivəsində müxtəlif tədbirlər həyata keçiririk, ekoloji sahədə sıx dialoqa və təmaslara çağırırıq”, - deyə Olçum Türkiyə və Azərbaycanın tanınmış simalarının daxil olduğu “Dayanıqlı Gələcəy”in Məşvərət Şurasının yaradılması barədə xatırladıb. “Bu Şura ictimaiyyətə açıqlanacaq hesabatlar hazırlayacaq", - deyə o əmin edib.
“Cümhuriyyət”in materialında, həmçinin “Dayanıqlı Gələcəyin” Məşvərət Şurasının üzvləri Əsli Pasinli və professor Levent Kurnaz, eləcə də Azərbaycan Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) İdarə Heyətinin rəhbəri Nigar Ələsgərovanın Azərbaycanda keçiriləcək COP29 konfransının əhəmiyyəti mövzusunda fikirləri oxuculara çatdırılıb.
Ramin Abdullayev
Ankara
Mənbə: AZƏRTAC