EN

Müharibənin taleyi dəyişir - Putinin hədəfi bəlli oldu

Rusiyanın Ukrayna ilə münasibətlərdəki mövcud problemlərin sülh yolu ilə nizamlamağa hazır olması barədə məlum ismarışı cəbhədə yaranmış yeni reallıqlarla əlaqəlidir. Digər yandan isə Kremlin müharibə ilə bağlı ilk başdan sərgilədiyi mövqenin bir daha beynəlxalq birliyə çatdırılması ilə əlaqədar amillərlə bağlıdır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Ukraynanın 2014-cü ilin Minsk razılıqlarının şərtlərinə əməl etməkdən boyun qaçırması, NATO-ya üzv olmayacağı ilə əlaqədar özünün dövlət müstəqilliyi aktındakı mövqeyinə əməl etməməsi, Şimal alyansına qoşulmaqla əlaqədar Rusiyanın təhlükəsizliyini təhdid etməsi Kremli Kiyevi bu mövqeyindən çəkindirmək, NATO-nun Rusiya sərhədlərinə qədər irəliləməsinin qarşısını almaq üçün xüsusi təyinatlı hərbi əməliyyatlara başlamaq məcburiyyətində qoyub:

“Türkiyənin vasitəçiliyi ilə Rusiya İstanbul danışıqlarına gedəndə də bir daha mövcud problemlərin sülh yolu ilə nizamlanmasının tərəfdarı olduğunu göstərmişdi. Amma Böyük Britaniyanın sabiq baş naziri Boris Conson o zaman Ukrayna Prezidenti Vladimir Zelenskiyə təzyiq edərək onu danışıqlar aparmaqdan çəkindirə bilmişdi. Bu isə Zelenskinin anqlo-saksların təsiri altında olduğunu və müstəqil qərar qəbul etmək iqtidarında olmadığının göstəricisi oldu. Digər yandan bir daha bəlli oldu ki, Ukraynanı Rusiya ilə məlum müharibəyə özünün qlobal geosiyasi maraqlarına görə məhz Qərb sürükləyib. Bundan sonra Zelenski hətta Rada tərəfindən təsdiq olunmuş xüsusi sənədlə Rusiya ilə sülh danışıqlarını aparmayacağını bəyan etdi. Rəsmi Kiyevi Kurska hücum etməyə sövq etməklə Qərb Ukrayna cəbhəsində öz maraqlarına cavab verməyən bəlli tendensiyaların qarşısını almağa ümid edib, amma buna müyəssər olmadı. Rusiya Ukraynanın Kurska hücumu ilə bağlı Ukrayna cəbhəsində hücum əməliyyatlarını dayandırmadı, əksinə daha da gucləndirdi. Kursdan isə Ukrayna silahlılarının bir müddət sonra Rusiyanın əks zərbələri ilə çıxarılacağı Qərbdə müharibə tərəfdarlarına bəllidir. Ukraynanın canlı qüvvəsi bu müharibənin sonsuz olaraq aparılmasına imkan verməyəcək. Sadəcə Kurska hücumla Qərb və Zelenski iqtidarı Rusıyanı ərazi mübadiləsi adı altında razılığa gəlməyə sövq etmək istəyir ki, bu da Ukraynanın qüvvələrinin tədricən tükənməsi kontekstində anlaşılandır”.

Politoloq qeyd edib ki, artıq Ukraynada siyasi böhranın dərinləşməsi göz qabağındadır:

“Zelenski hökumətinin nazirləri bir-birinin ardınca istefa verirlər. Bu istefalar isə onların yaranmış vəziyyətə görə məsuliyyəti Zelenski ilə bölüşdürmək istəməmələrindən, digər tərəfdən isə müharibə bitəndən sonra onların prezident seçkilərinə qatılmaq istəklərindən irəli gəlir. Qərb isə axırıncı ukraynalıya qədər müharibənin davam etdirilməsi mövqeyindən geri çəkilmir. Rusiyanın usanacaği, iqtisadiyyatının duruş gətirəməyəcəyi, siyasi böhranın dərinləşəcəyi, sosial narazılığın güclənəcəyi və əhalinin Putin hakimiyyətinə qarşı mübarizəyə qalxacağı ilə illüziyalarından imtina etmək istəmir. Bütün bunlar yüz minlərlə insanın qanının axmasına səbəb olur ki, Qərbdə bu müharibəni alovlandırmış dairələri bu faciə qətiyyən maraqlandırmır".

Ekspert bildirib ki, yaranmış şəraitdə nahaq qanın tökülməsinin qarşısını almaq məqsədilə Putinin danışıqlara hazır olması ilə bağlı mövqeyinə düzgün qiymət vermək lazımdır:

“Rusiyanın Çin, Braziliya və ya Hindistanın vasitəçiliyi ilə danışıqlara hazır olması mövqeyi adları sadalanan dövlətlər Rusiya ilə yanaşı Qərbin birqütblü dünya nizamına qarşı çıxan müasir dövrün qlobal səciyyə təşkil edən çağırış və təhdidlərinə münasibətdə Moskvanın baxışlarını bölüşdürən dövlətlərdir. Rusiya ilə onlar etibarlı tərəfdaş və müttəfiqdirlər. BRİKS və ŞƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində Qərbin dünyada hegemonluq cəhdlərinə qarşı birgə çıxış edirlər. Digər tərəfdən Putinin bu müharibədən sonra Qərbdə hazırda iqtidarda olan bəlli siyasi elitalara etibar etməmək haqqı var”.


Müəllif: Əsəd Məmmədəliyev
Chosen
95
teleqraf.com

1Sources