EN

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazandı - YENİLƏNİB

Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.

Korrespondent.az bildirir ki, idmançımız bu dəfə 400 metr məsafəyə qaçışda gümüş mükafat əldə edib.

O, finiş xəttini 55,09 saniyəyə keçib.

Qeyd edək ki, Lamiyə Vəliyeva daha əvvəl 100 metr məsafəyə qaçışda qızıl medal əldə etmişdi.

***10:01

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) bu gün növbəti medalını qazana bilər.

Korrespondent.az xatırladır ki, idmançımız bu dəfə 400 metr məsafədə bacarığını göstərəcək.

Paraatletikada final yarışları Bakı vaxtı ilə saat 12:21-də başlayacaq.

Bu gün Azərbaycanın daha beş təmsilçisi turnirdə çıxış edəcək. Digər paraatlet Orxan Aslanov (T13 kateqoriyası) uzunluğa tullanmada mükafatçılar sırasına düşməyə cəhd göstərəcək.

Paracüdoçulardan Xatirə İsmiyeva (J1 kateqoriyası, +70 kq), Dürsədəf Kərimova (J2 kateqoriyası, +70 kq) və İlham Zəkiyev (J1 kateqoriyası, +90 kq) uğur qazanmağa çalışacaqlar. Mübarizəyə saat 11:30-da start veriləcək.

Paraüzgüçü Raman Saley (S12 kateqoriyası) də növbəti dəfə medal əldə edə bilər. O, 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə yarışacaq. Təsnifat saat 12:47-də olacaq.

Qeyd edək ki, Azərbaycanın aktivində hələlik 7 mükafat var. İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (uzunluğa tullanma) və Lamiyə Vəliyeva (100 metr məsafəyə qaçış) qızıl, Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq) ilə Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək) bürünc medala sahib çıxıblar. Ölkə medal sıralamasında 32-ci pillədə qərarlaşıb. 

Chosen
115
34
korrespondent.az

10Sources