Avropa Çempionatında sərgilədiyi uğurlu performansdan sonra dünən Türkiyə yığmasının Millətlər Liqası macərası başladı.
B Liqasının 4-cü qrupunda yer alan qardaş ölkə ilk matçını Kardiffdə Uelsə qarşı keçirdi. Bu komandalar AÇ-2024-ün də seçmə mərhələsində eyni qrupa düşmüşdülər. Həmin vaxt Türkiyə evdə qələbə qazanmışdısa, səfərdən bərabərliklə dönmüşdü. Elə bu dəfə də ''ay-ulduzlular'' Kardiffdə yaxşı təsir bağışlamayaraq yalnız qolsuz bərabərliklə kifayətlənməli oldular.
Türkiyə bu turnirdə topa ən az sahib olduğu (33,2 faiz), ən az məhsuldar ötürmə verdiyi (233), qapıya və ''çərçivə''yə ən az zərbə endirdiyi (uyğun olaraq 5 və 1) matçını keçirdi. Amma ədalət naminə Vinçentso Montellanın komandasının son yarım saatı azlıqda keçirdiyini bildirək.
Belə ki, Barış Alpər Yılmaz 62-ci dəqiqədə ikinci sarı vərəqə almaqla meydandan qovuldu. İstedadlı futbolçu sentyabrın 9-da İslandiyaya qarşı ev oyunu öncəsi də cəzalı duruma düşdü. Uels indiyə qədər Türkiyənin səfərdə ən azı 5 dəfə qarşılaşıb məğlub edə bilmədiyi 5 ölkədən biridi. Qardaş ölkə bu rəqibə qarşı səfərdə keçirdiyi 5 oyundan 2 heç-heçə, 3 məğlubiyyətlə ayrılıb. Türkiyə üçün yeganə müsbət məqam qapını toxunulmaz saxlamaq oldu. Çünki komanda son 6 oyunun hamısında qol buraxmışdı.
ƏLİ