EN

Zəngəzur dəhlizi Türkiyə və Çinin nəqliyyatın şaxələndirilməsi strategiyalarına tam uyğun gəlir-ŞƏRH

Zəngəzur

Bakı, 7 sentyabr, AZƏRTAC

2020-ci ilədək Cənubi Qafqazdakı münaqişə ocağı kilidli, açılmaz qapını xatırladırdı. Bu qapının açılması müxtəlif məsələlərin də həllinə, ən azından həlli ehtimalının yaranmasına gətirib çıxaracaqdı. İkinci Qarabağ müharibəsinin məntiqi nəticəsi kimi regionda natamam qalan bütün suallar öz cavabını tapmalı idi. Bu, təkcə Azərbaycan üçün yox, həm Ermənistan, həm də dünya üçün mühüm önəm daşıyırdı. Artıq Xankəndinin də işğaldan azad edilməsindən sonra region üçün sual doğuran əsas məsələ kimi təkcə Zəngəzur dəhlizi qaldı. Dəhlizin iqtisadi baxımdan region üçün yarada biləcəyi potensialı olduqca böyükdür. Bu barədə qonşu dövlətlərdən də məsələ ilə bağlı müsbət siqnallar alınmışdı. Türkiyə rəsmiləri də Ermənistana dəhlizin açılması ilə bağlı ara-sıra mesajlar göndərib. Son olaraq mart ayında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Zəngəzur dəhlizinin Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi üçün mühüm vasitə ola biləcəyinə işarə etmişdi. Maraqlıdır ki, E.Əmirbəyov həm də Zəngəzur dəhlizinin mövcud olan Orta Dəhlizə alternativ marşrut ola, Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Avropaya birləşdirə biləcəyini vurğulamışdı. Bütün bunlar nəzərə alındıqda Zəngəzur dəhlizinin, əslində, nə dərəcədə qlobal əhəmiyyətə malik olduğunu anlamaq mümkündür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) aparıcı məsləhətçisi Paşa Bayramov söyləyib.

O bildirib ki, bu yaxınlarda Rusiyadakı Çin Sahibkarlar İttifaqının rəhbəri Ç.Liçyun Şərq İqtisadi Forumu çərçivəsində Zəngəzur dəhlizinin açılmasının Çin mallarının daşınması üçün yeni marşrut yaradacağından bəhs edib. Çin bazarının gücü, bölgəyə qazandıra biləcəkləri qlobal əhəmiyyət daşıyır. Hazırda isə öz köhnə doktrinaları ilə ilişib qalan Ermənistan bu vacib tarixi hadisənin irəliləməsində əsas maneədir. Daha əvvəl də Çin Lideri Si Cinpin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın əsas prinsiplərini vurğulamışdı. Azərbaycanın energetika naziri Pərviz Şahbazov beynəlxalq forumların birində bildirmişdi ki, Çindən Avropaya ən qısa yol olan Orta Dəhlizi gücləndirən böyük strateji inkişaf kursu Azərbaycan tərəfindən həyata keçirilib. Azərbaycan Prezidentinin Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik siyasəti yürütməsi bölgədə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə Orta Dəhlizin yeni qollarının inkişafına yol açıb.

İşğaldan azad edilmiş əraziləri, gələcəkdə isə Zəngəzur enerji-nəqliyyat dəhlizini, eləcə də Azərbaycanın qitələri və dənizləri birləşdirən 6 neft-qaz kəməri 2030-cu ilə qədər Çinin meqalayihəsinin birləşməsinin real nümunələridir. Şübhəsizdir ki, Qərb dünyası da bu dəhlizin açılmasını və Çin bazarından faydalanmaq ehtimalını maraqla izləyir. “Bir sıra iqtisadi və ticari araşdırmalar göstərir ki, Çindən Qərbə daşınan malların 93 faizi dəniz nəqliyyatının payına düşür. Dəniz nəqliyyatı isə ən ucuz və ən rahat marşrutdur. Buna baxmayaraq, bu sahədə də bir sıra risklər mövcuddur. Buna səbəb Çindən Qərbə yollanan malların keçdiyi Malakka boğazı kimi ərazidir. Araşdırmalar göstərir ki, Çin ticarətinin 60 faizi Malakka boğazı vasitəsilə həyata keçirilir. Sadəcə, bir boğaz ərazisindən bu qədər asılı qalmaq isə təbii ki, Çini narahat edir, buna görə də onlara alternativ ticarət qolları olduqca maraqlıdır. Burada isə Azərbaycan, Cənubi Qafqaz və onun məntiqi ardıcıllığı kimi Zəngəzur dəhlizinin vacibliyi artır”,- deyə P.Bayramov vurğulayıb.

Zəngəzur dəhlizinin qitələrarası əhəmiyyətinə toxunan ekspert deyib ki, dəhlizin Çinlə Avropa arasında artan yük axını üçün alternativ yaradacağını vurğulamaq lazımdır. Bu marşrut Çindən Türkiyənin şərq bölgələrinə, oradan isə Aralıq dənizi və ya İstanbul boğazları vasitəsilə Avropaya yüklərin daşınmasına şərait yaradacaq. Bu, həm də Türkiyə və Çinin nəqliyyatın şaxələndirilməsi strategiyalarına tam uyğun gəlir. Yaxın gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiyanı da nəzərə alsaq, Zəngəzur dəhlizi Avropa və Asiya bazarları arasında mühüm ticarət marşrutu kimi böyük potensiala malikdir.

 

Chosen
91
azertag.az

1Sources