EN

Erməni məktəblərində rus dili siyahıdan silindi...

Image

Məhərrəm Zülfüqarlı: “Ermənistan rus dili ilə əlaqələri tamamilə üzür”

Ermənistanda yeni tədris ilindən etibarən "Rus dili" orta məktəblərdə tədrisi vacib olan baza dilləri siyahısından çıxarılaraq xarici dil statusuna keçiriləcək.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

Dəyişikliklər yeni tətbiq olunan təhsil standartlarına uyğun olaraq həyata keçiriləcək. Bu çərçivədə, orta ümumtəhsil məktəblərində rus dilinin dərs saatları azaldılacaq. 4-9-cu siniflərdə rus dili həftədə üç dəfə, yuxarı siniflərdə isə iki dəfə tədris ediləcək.

Beləliklə, Ermənistandan Rusiyaya daha bir zərbə vuruldu. Halbuki, iki il bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda rəsmi səfərdə olanda bu ölkənin rəhbərliyi, rəsmi qurumları vəd edirdilər ki, rus dilinin səviyyəsi artırılacaq, rusdilli məktəblərin sayı çoxaldılacaq. Amma göründüyü kimi, Ermənistan vədini yerinə yetirmədi və rus dilinin statusunu bu şəkildə aşağı saldı. 

“Bu da, sözsüz ki, Putin hakimiyyətinin Paşinyana olan münasibətini daha da kəskinləşdirəcək”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a şərhində bildirdi ki, Ermənistanın atdığı bu addım gözlənilən idi. “Bu, Paşinyan rejiminin Rusiya ilə əlaqələri kəsməklə bağlı atdığı növbəti addımdır. Çünki hələ Ermənistanın Rusiya ilə münasibətinin yaxşı olduğu vaxtlarda belə orada rus məktəbləri kütləvi şəkildə ləğv olunmuşdu. Bizdən fərqli olaraq, Gürcüstanda və Ermənistanda rus dilinə münasibət tamamilə başqadır. İndi isə Qərbə inteqrasiya edən Paşinyan əsasən Fransa və digər Qərb ölkələri ilə əlaqə yaradır. Bu da o deməkdir ki, Ermənistan rus dili ilə əlaqələri tamamilə üzür. 

Tarixdə müxtəlif imperiyalara həmişə xəyanət edən ermənilər bu dəfə də  Rusiya Federasiyasına xəyanət edir. Bunun da növbəti nümunəsi rus dilinin baza təhsilindən çıxarılmasıdır”-deyə M.Zülfüqarlı bildirdi.

Professor Zülfüqarlının fikrincə, ümumiyyətlə, gələcəkdə Qərbə inteqrasiya edən ölkələrin mütləq əksəriyyəti dünya dili kimi əsasən ingilis dilini götürürlər. Bununla yanaşı, M.Zülfüqarlı hesab edir ki, Paşinyan hökumətinin rus dilinə münasibəti Putin hökumətinin qıcıqlanmasına, narazılığına səbəb olacaq: “Bu, Rusiyanın Qafqazda, xüsusən bu ölkədə əlaqələrini sarsıtmağa, Putin rejiminin təsirlərini Ermənistanın daxilindən tamamilə silib atmağa xidmət edir. Yəqin bundan sonra rus bazalarının Ermənistandan çıxarılması məsələsi baş verəcək. Rusiya buna necə reaksiya verəcək, gələcəkdə bunlar yenidən Ermənistanı Rusiyanın təsiri altına sala biləcək, bilməyəcək, bu hələ sual olaraq qalır. Amma bir məsələ aydındır ki, nə qədər Paşinyan hakimiyyətdədir, Ermənistan Rusiyadan sürətlə uzaqlaşmaqda davam edəcək. Ermənistan hökumətinin antirusiya mövqeyinin göstəricilərindən biri də rus dilinin baza təhsilindən çıxarılmasıdır. Ermənistan artıq Rusiya ilə əlaqələri kəsməkdə davam etdiyinə görə bu addımı atır. Bu da, sözsüz ki, Putin hakimiyyətinin Paşinyana olan münasibətini daha da kəskinləşdirəcək. İnanmıram ki, Rusiya Paşinyanın bu qərarına reaksiyasız qalacaq. 

Biz də bir Qafqaz ölkəsi kimi bu prosesləri izləməli və bundan nəticə çıxarmalıyıq”-deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA

 






Chosen
145
baki-xeber.com

1Sources