“Betis”də çıxış edən məşhur ispan yarımmüdafiəçi İsko sol fibula sümüyünün sınığından cərrahi əməliyyat edilib.
Arena.az xatırladır ki, İsko cari ilin may ayında, İspaniya La Liqasının ötən mövsümünün “Las Palmas”la 36-cı tur oyununda (2:2) sınıq zədəsi almışdı.
“İsko Alarkon Madriddə sol fibulasının sınığından cərrahi əməliyyat edilib. Sınıq sahəsi təmizlənərək sümük transplantatı ilə gücləndirilib, osteosintez lövhəsi isə dəyişdirilib. Futbolçu iş yükləmələri olmayan ilkin mərhələyə ehtiyac duyacaq, bundan sonra o, bərpa mərhələsindən keçəcək”, – “Betis”in mətbuat xidməti klubun rəsmi saytı üzərindən bəyanat yayıb.
İsko “Valensiya”nın yetirməsidir. 2011-ci ilin iyulunda “Malaqa”ya transfer edilmiş futbolçu burada parlayaraq, “Real”ın diqqət mərkəzinə düşüb. 2013-cü ilin iyulunda “Kral klubu” İskonu öz heyətinə qatıb. 9 il “Real”da parlaq surətdə çıxış etmiş yarımmüdafiəçi 2022-ci ilin avqustunda madridlilərin düşərgəsini azad agent qismində tərk edərək, “Sevilya”ya keçib. Elə həmin il dekabrın sonlarında futbolçu o vaxt “Sevilya”nın idman direktoru olan Ramon Monçi ilə münaqişə mənzərəsində klubu tərk edib. 7 ay futbolsuz dolaşmış yarımmüdafiəçi “Betis”ə 2023-cü ilin iyulunda azad agent qismində qoşulub. Vurğulayaq ki, “Betis” “Sevilya”nın qatı rəqibidir. “Betis” İsko ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə İsko “Betis”in heyətində bütün yarışlarda 36 oyuna çıxıb, 9 qol vurub, 7 məhsuldar ötürmə verib və aprel ayının ən yaxşı futbolçusu seçilib.
İsko 2013-cü ilin fevralında debüt etdiyi İspaniya yığmasının heyətində 38 oyun keçirib, 12 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib. İsko İspaniyanın U-21 yığması ilə 2013-cü il Avropa Çempionatının qalibi olub.
“Transfermarkt” internet portalı 32 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.