EN

Vaşinqton Kiyevdən hesabat istəyir  - RƏY

Zelenski ABŞ-yə Ukraynanın "qələbə planı"nı təqdim etməlidir


  Ukrayna ordusunun Kurska hücumu Kreml rəhbərini dalana dirəyib. Bunu Britaniya müdafiə naziri Con Hili deyib. Hili bildirib ki, Rusiyanın Kursk istiqamətində sərhədin bəzi hissələrini müdafiəsiz qoyması Putini dalana dirədi və Ukrayna bu ərazidə öz mövqeyini saxladığı bir vaxtda o, cavab olaraq nə edəcəyinə qərar verir. Ukrayna ordusunun baş komandanı, general Aleksandr Sırski deyib ki, Rusiya Kiyevin gözlənilməz transsərhəd müdaxiləsindən əvvəl Kursk bölgəsindən Ukraynaya yeni hücum planlaşdırırdı. Onun fikrincə, Kursk əməliyyatı uğurla başa çatıb: "Bu, düşmənin hücum təhlükəsini azaldır. Biz onların fəaliyyətinə mane olduq. Biz döyüşü düşmən ərazisinə daşıdıq ki, o, bizim hər gün hiss etdiyimizi hiss etsin". İşğalın səbəblərini izah edən Sırski əməliyyatın əsas məqsədlərini vurğulayıb: "Rusiyanın Kurskdan yeni hücum üçün tramplin kimi istifadə etməsinə mane olmaq; Moskvanın qüvvələrini başqa ərazilərdən yayındırmaq; Təhlükəsizlik zonası yaratmaq və mülki hədəflərin atəşə tutulmasının qarşısını almaq; Əsir götürmək və Ukrayna qoşunlarının və bütövlükdə xalqın mənəviyyatını yüksəltmək". Sırski bildirib ki, Moskva Kursk yaxınlığında on minlərlə hərbçi, o cümlədən ən yaxşı hava hücumu birləşmələri yerləşdirib.
  "Faynənşl Tayms" məlumat yayıb ki, Rusiya lideri Vladimir Putin Ukraynadakı tükəndirici müharibədə hələ də qalib gələ biləcəyinə inanır: "Ukraynanın Rusiya ərazisini işğal etməsindən aylar sonra bir şey aydın oldu: Kreml Putinin hələ də qalib gələcəyinə inandığı müharibəni davam etdirməyə hazırdır. Münaqişənin hansısa hərbi və ya iqtisadi ixtisarla tez bir zamanda həll olunacağına dair ümidlər hələ də özünü doğrultmayıb. İndi Putinin müharibəsi kimi başlayan hadisə getdikcə daha çox Rusiyanın müharibəsinə çevrilir və Kremlin xərclərə məhəl qoymamaq qabiliyyətini gücləndirir". Qeyd olunub ki, Kursk fiaskosu Putini utandırır: "Axı bu, nüvə silahına malik olan Rusiyaya İkinci Dünya müharibəsindən sonra ilk hücumdur, üstəlik, bu, nüvə silahı olmayan dövlət tərəfindən edilib. Ancaq Ukrayna və Qərb rəsmiləri bildirir ki, bunun Putin üçün öz ölkəsində siyasi problemlər yarada biləcəyi ehtimalı azdır". 
NATO-nun baş katibi Yens Stoltenberq Kiyevə tam dəstəyin davam edəcəyini deyib: "NATO Kiyevin Rusiya ərazisindəki hərbi hədəflərə çatmaq imkanı əldə etməsi üçün Ukraynanın uzaqmənzilli raketlərdən istifadəsini ciddi şəkildə müzakirə edir. Ukraynanın bir dövlət kimi yaşayıb-yaşamayacağı Qərbdən asılıdır". 
  Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Ukrayna hökumətindəki istefalar Kursk döyüşlərinin Kiyev administrasiyasında doğurduğu nəticələrdir.

Bu o deməkdir ki, Ukrayna hakimiyyətində Kurska müdaxilə ilə əlaqədar fikir ayrılıqları olub: "İndi məsuliyyəti üzərlərinə götürən qüvvələrlə götürməyənlər arasında gedən mübahisələr kabinetdə istefalara gətirib çıxarır. Ukrayna Kurskda gözləntilərini reallaşdıra bilməyib. Rusiyanı prosesdən güclü çıxaran məsələlərdən biri, Ukraynanın Rusiyanın dərinliklərində yerləşən hərbi obyektlərə, strateji obyektlərə raket zərbələri endirməsinə ABŞ-nin izin verməməsidir. Zelenski ABŞ-yə səfər edəcək. Zelenski Kursk dalanından sonra Ukraynanın şərq cəbhəsində Rusiya qoşunlarının irəliləyişləri fonunda Vaşinqtona hesabat verməlidir. Mümkündür ki, Zelenski ABŞ-yə Ukraynanın "qələbə planı"nı təqdim etmək üçün gedəcək və bu dumanlı perspektivə Ağ Evi inandırmağa çalışacaq...".

Chosen
104
sherg.az

1Sources