EN

Əliyevin mesajı Avropanı qarışdırdı: Bakı onları “qara siyahı”dan nə vaxt çıxaracaq? 

Sentyabrın 6-da Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı AŞPA ilə bağlı mühüm detala toxunub. Ölkə başçısı deyib ki, AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin nümayəndə heyətinin bu təşkilata qayıtmasından sonra ləğv ediləcək.

Prezident həmçinin bu ilin yanvarında AŞPA-da baş verənlərin qırmızı xətti keçdiyini vurğulayıb.

Mövzu ilə bağlı danışan VI çağırış Milli Məclis deputatı Səməd Seyidov AŞPA-nın verdiyi qərarın obyektiv olmadığını bildirib:

“Prezident İlham Əliyev dedi ki, Azərbaycanı Avropa Şurasında sanksiyalara məruz qoyanlar bunun qeyri- obyektiv olduğunu başa düşməlidirlər. Bu, işğaldan azad olunmuş torpaqlarımızın Azərbaycana qaytarılması, suverenliyimiz və ərazi bütövlüyümüzün tam bərpasına görə bizə qarşı mənfi münasibətlərinin nəticəsidir. Bu qərarı gündəmdən çıxarsalar, o zaman biz də həmin o şəxslərin persona non-qrata məsələsinə baxıb, bunu geri götürə bilərik. Əks halda cavabımız obyektiv, reallığı əks etdirəndir və onların törətdiyi işə ən düzgün münasibətdir”.

S.Seyidovun sözlərinə görə, Prezidentin açıqlamalarında ikinci bir məna var:

“Heç kim düşünməsin ki, Azərbaycana qarşı hansısa təzyiq göstərib, əks təzyiqlə rastlaşmayacaq, mənfi münasibət bəsləyəcək, biz isə susacayıq. Fikirləşməsinlər, bizə qarşı ədalətsiz addımlar atılacaq və Bakı bununla barışacaq. Azərbaycan öz mövqeyini artıq beynəlxalq səviyyədə göstərib və bu cür qeyri obyektiv addımlara, qərarlara, qətnamələrə, münasibətə cavab verməyə qadirdir. Bunu hər kəs – həm dövlətlər, həm beynəlxalq təşkilatlar yaxşı bilməlidir! Kim bizimlə normal münasibət qurmaq, ikitərəfli əlaqələri beynəlxalq normalar çərçivəsində təşkil etmək istəyirsə, biz də eyni münasibəti, davranışı göstərməyə hazırıq. Yox, kim bizə qarşı təzyiq siyasətini seçir və düşünürsə ki, bununla Azərbaycanı hansısa formada dəyişdirə biləcək, çox böyük səhvə yol verir. Əksinə, bu cür davranışa, münasibətə Azərbaycan öz cavabını verməyə hazırdır. Necə ki, Avropa Şurasının qəbul etdiyi qeyri obyektiv qətnaməyə cavabımızı verdik”.

Globalinfo.az

Chosen
476
referans.az

1Sources