Pekin, 8 sentyabr, AZƏRTAC
Tarixən imperator saraylarını bəzəyən, şahlara, krallara verilən bahalı hədiyyələr arasında çini qablar xüsusi yer tutub. Su və qaz keçirməyən keramika növü olan bu məhsullar porselen və farfor kimi də tanınır. Farforun Çində ixtira olunması təsadüfi deyildi. Çünki gil materialının ən yaxşı növünü almaq üçün burda zəngin təbii ehtiyatlar var idi. Farfor qablar bütün dünyaya Çindən yayıldığı üçün bir çox ölkədə, o cümlədən Azərbaycanda farfor qablara sonradan çini qablar adı da verilib.
Çində farfor qabların hazırlanmasının tarixi əsrlər əvvələ gedib çıxır. Çinlilər bir çox ixtira və kəşfləri kimi bu qabların hazırlanması texnologiyasını da gizli saxlayırdılar. Bunun nəticəsi idi ki, çini qablar ilk zamanlarda çox da geniş yayılmamışdı. XV əsrdə portuqal tacirlər çini qabları Avropada tanıtmağa başladılar. Bundan sonra Avropada da bu cür qablar hazırlamaq ideyası yarandı. Hətta çini qabların hazırlanması texnologiyasını öyrənmək üçün Çinə missionerlər də göndərilib. Qar kimi ağ, kağız kimi nazik, metal kimi möhkəm olan qabların üzərində dövrünün tanınmış sənətkarlarının çəkdiyi naxış və rəsmlər sayəsində onun şöhrəti dünyaya yayılıb. Çinin müxtəlif əyalətlərində istehsal olunan çini qablar üslubuna görə bir-birindən fərqlənir. Şandon, Ciansu, Hunan və Hebey farfor məktəbləri olduqca məşhurdur. Sözügedən məktəblər ənənəvi üsulla müasirliyi bir araya gətirməyi bacarırlar. Şandon əyalətinin Udi qəsəbəsi balıqqulağından Çini qablar istehsalı üzrə məşhurdur. Xammal olaraq Bohay buxtasında dəniz sahilindən toplanan balıqqulağıdan istifadə olunur. Balıqqulağından hazırlanan çini qablar keyfiyyəti və gözəlliyi ilə digərlərindən xeyli fərqlənir. Elə bu səbəbdən tarixən Çində yüksəkvəzifəli qonaqlara verilən bahalı hədiyyələr arasında balıqqulağından hazırlanan çini qablar da olub.
Çini qabların istehsal prosesi çətin olmaqla yanaşı, həm də zəhmət və vaxt tələb edəndir. Təxminən 1300-1400 dərəcə hərarəti olan sobalarda bişirilən çini qablar uzun hazırlanma mərhələsindən sonra əsl sənət nümunələrinə çevrilir. Çini qabları tez-tez “ağ qızıl” da adlandırırlar. Amma bu, onların təkcə bahalı olmaları ilə deyil, həm də əl işi olmaları ilə bağlıdır.
Hazırda çini qablar yalnız tarixi vətənində deyil, bütün dünyada geniş istehsala malikdir və bazar yüksək rəqabətliliyi ilə seçilir. Bir çox brendlər, eləcə də istehsal firmaları bazarda paya sahib olmaq üçün mübarizə aparırlar. Bununla belə, Çini qablar hazırda da Çin tarixində barıt, kağız, kompas və çap sənəti daxil olmaqla ən böyük kəşflərdən biri hesab olunur. Çinin illik farfor qablar istehsal və ixracı milyardlarla dollar dəyərində qiymətləndirilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin