EN

Yenilənən “Gəncə”: legionerlərin transferi yekunlaşıb

Ardıcıl 3-cü mövsüm Azərbaycan Basketbol Liqasında iştirak edəcək “Gəncə” klubunda köklü dəyişikliklər həyata keçirilir. Komandaya yeni baş məşqçi təyin olunub, yaxın vaxtlarda heyətə əcnəbi və yerli oyunçular cəlb ediləcək.

Komandada ötənilki heyətdə yer alan və müqaviləsi başa çatan oyunçuların çoxu ilə yollar ayrılıb. “Gəncə” 6 əcnəbi və 4 yerli oyunçu ilə yeni müqavilə bağlamayıb. Həmçinin baş məşqçi Bedri Meriçlə də anlaşma yenilənməyib.

Komandanın “sükanı arxasına” yeni çalışdırıcı gətirilib. 1 illik müqavilə bağlanan türkiyəli mütəxəssis Halil Atlı qarşıdakı mövsümdə gəncəlilərin uğurları üçün çalışacaq.

Yeni baş məşqçi həm liqada, həm kubokda iddialı olacaqlarını deyir: “Gəncə” ilk mövsüm kubok qazanan bir komandadır. Daha sonra pley-offda oynayıb. Keçən mövsüm bir az hədəflərinin gerisində qalıb. Liqanı ən yüksək nöqtədə bitirmək istəyirik. Sonrakı mərhələlərdə rəqiblərimizə görə hazırlaşıb, liqanı ən yaxşı şəkildə tamamlamaq arzusundayıq. Kubok da çox vacibdir. Mövsümün ortasında müəyyən bir vaxtda oynanacaq. Kubokda da ən yaxşı şəkildə Gəncəni təmsil etmək istəyirik”.

Çalışdırıcı transferlərdən də danışıb. Heyətdə görmək istədikləri oyunçuların böyük qismi ilə anlaşdıqlarını bildirən məşqçi, Azərbaycan milli komandasının formasını geyinən, adını açıqlamadığı 2 yerli oyunçunun heyətdə yer alacağını söyləyib.

Halil Atlı əcnəbi basketbolçuların keçidini də həll etdiklərini ifadə edib: “Deyə bilərəm ki, transferlərimizin bir çoxunu tamamlamışıq. Bunu yaxın zamanda sosial mediamız vasitəsilə açıqlayacağıq. Bu il keçən mövsümə nisbətən üst səviyyə liqalarda oynayan əcnəbiləri seçdik. Xaricilərin çoxu Amerika vətəndaşıdır. Son bir transferimiz də var ki, onunla danışığımız gedir. Həmin basketbolçu kanadalı ola bilər”.

BƏHRUZ MUSAYEV, GƏNCƏ

Chosen
149
futbolinfo.az

1Sources