Zərdüşt Əlizadə Təklif edirəm respublika quruluşundan imtina edib keçək şahlıq üsul-idarəsinə İllər keçdikcə ictimai-siyasi hadisələrə daha soyuqqanlı yanaşıram. Zira həmin bu hadisələrin törənmə mühitini, deməli, mənasını daha dəqiq anlayıram. Məhz bu səbəbdən sentyabrın 1-də keçirilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər” mərasimi ətrafında gedən ehtiraslı mübahisələri tam mənasız sayıram.Kimsə namizəd idi, keçmədiyinə qəzəblənib. Kimsə keçsə də, onun xeyrinə atılmış saxta səsləri öz pak qələbəsinə qara ləkə sayıb etiraz edir. Kimsə deputat maaşı və imtiyazları ilə bağlı ülvi arzularının puç olması münasibətilə ictimai ağlaşma təşkil edir. Hansısa pullu adam deputat adının cəmiyyətdə onun məzmunsuz vücuduna əlavə edəcəyi zahiri hörmətdən əbədi məhrum olduğu üçün dərin təəssüf hissini gizlədə bilmir. Sizin fəqir bəndəniz bu mənasız mübahisələrə son qoymaq üçün çox sadə təklif vermək istəyir. Əvvəlcədən deyim ki, bu təklifi rədd etsəniz, əsla rəncidə olmaram, necə ki, bundan əvvəl də 35 ildir bütün təkliflərimi bizim müdrik və bəxtəvər əhali vecinə almayıb. Düz də edib.Məncə, biz dövlətimizin də, Milli Məclisin də, hətta əhalinin adını da dəyişsək, bütün indiki mənasız mübahisələrə son qoyular. Bu təklif keçsə, Azərbaycanda forma ilə məzmun, zahir ilə batin tam üzvi vəhdət təşkil edər. Foto: Meydan TV Parlamentlərə seçkilərdə müxtəlif insanların yarışması son 200-300 ilin meyvəsidir. Əvvəllər belə meyvələr siyasət bağçasında olmazmış. Bəs nə olarmış? Deyim, siz də oxuyub bilin. Götürək, məsələn, dünya parlamentarizminin beşiyi sayılan İngiltərəni. Əlbəttə, Azərbaycan İngiltərə deyil, lakin bizim hakim zümrənin İngiltərəyə saldığı güclü mehri nəzərə alsaq, ondan yaxşısını tapmaq çətindir. Bəli, götürək bizim İngiltərəni.İngiltərə nədir? Krallıq. Bizim nəyimiz İngiltərədən əskikdir? Mən təklif edirəm biz də əhalimizə və milli adət-ənənələrimizə tam yad olan respublika quruluşundan imtina edib keçək krallıq, yəni şahlıq üsul-idarəsinə. Əminəm ki, indi bir dənə tam demokratik ümumxalq referendumu keçirib belə bir sual qoysaq ki, “Azərbaycanının dövlət başçısının vəzifəsinin adını bundan sonra şahənşah qoyulmasına münasibətiniz necədir: hə, ya yox”, əhali hamılıqla bu mərasimdə canla-başla iştirak edib təxminən 95% “hə” deyər. Şübhə yoxdur ki, birinci şahənşahın rəsmi adı “Müzəffər-əd-Din şah” olacaq. Xub, prezident bizdə dönüb olur şahənşah. Bundan hansı nəticə çıxır? Azərbaycan Respublikasının adı dəyişib olur “Azərbaycan Şahlığı”. Çox gözəl, çox pakizə. Fikir verirsinizmi, dərin demokratik islahatlar üçün necə münbit zəmin yaranır? İslahatlar tək taksilərin sayı və avtomobillərin istehsal ili ilə kifayətlənmir, köhnə elektrik sayğaclarının ləğvi və onların yerinə elektron haqq-hesabların zəfər çalması ilə də qurtarmır, islahat gedib çıxır indiki əski, zəmanə və yeni, inşallah, şəraitlə ayaqlaşmayan siyasi qurumların təkmilləşdirilməsinə və hətta dəyişdirilməsinə. Bəli, Milli Məclisin adı dəyişdirilib qoyulur “Lordlar palatası”, daha doğrusu, milli dillə desək, “Zadəganlar Məclisi”. Təbii ki, bu Zadəganlar Məclisinə seçkilər ümumxalq seçkisi ilə deyil, şahənşahın açıq və televiziyada canlı yayımda təntənəli elan edilən təyinatı ilə həyata keçirilir. Bu zaman bir məxluqun ağlına belə gəlməz ki, etiraz edib soruşsun: bu Məclisə niyə məni yox, filankəsi təyin etdilər? Məgər zadəgansan? Soruşmazlarmı ki, “əgər zadəgan deyilsənsə, sən bu Zadəganlar Məclisində nə qələt edirsən?”. Heç bir Avropa təşkilatı bizi tənqid edib Konstitusiyanın pozulmasından danışa bilməyəcək, çünki Konstitusiya özü olmayacaq, təbəənin Konstitusiya nəyinə lazımdır? Təbii ki, zadəgan silkinə təyinatı da Əlahəzrət Şahənşah həyata keçirməlidir. Əvvəl zadəgan silkinə təyinat, sonra isə zadəganların arasından ən ürəyə yatanların Zadəganlar Məclisinə salınması. Əminəm ki, indi cəmiyyətdə tüğyan edən mənasız mübahisələrə birdəfəlik son qoyulacaq. Hamının fikri-zikri parlamentə düşməyə deyil, dövlətə xidmətə, yəni şahənşahın xoşuna gəlməyə, ona yarınmağa yönələcək. Əhalinin adı dəyişib, təbii ki, rəiyyət olacaq. Vətəndaş olacaq “təbəə” və bununla fəxr edəcək. Hakimiyyətə ərzi-halda yazacaqlar “Mən, Əlahəzrət Şahənşahın sadiq təbəəsi”. Əminəm ki, milli tariximizin ənənələrinə uyğun olaraq sovetdən qalma 80-dan yuxarı rayonu ləğv edib, onların yerinə 7 xanlığı bərpa etmək lazımdır. Şahənşah özü xanları təyin edir, çıxarır və dəyişir. Qondarma “icra hakimiyyəti başçısı” adı gedir “raykomun birinci katibi”nin ardınca tarixin zibilliyinə. İslahatlar ildırım sürətilə gedir, Milli Ordu olur Şahənşah Ordusu, polis nəfərləri olurlar Şahənşahın naibləri, Baş nazir olur Sədri-Əzəm, pul vahidinin adı dəyişib olur ya axça, ya dinar. Təklif dəftəri açıqdır, yazıb dövləti çiçəkləndirin.Beynəlxalq aləmdə Azərbaycanın hörməti qalxacaq kəllə-çarxa, bizim dövlət avtomatik gedib duracaq İsveç, Norveç, Niderland, Böyük Britaniya, Lüksemburq və İspaniya kimi krallıqlarla bir sırada. Heç bir Avropa təşkilatı bizi tənqid edib Konstitusiyanın pozulmasından danışa bilməyəcək, çünki Konstitusiya özü olmayacaq, təbəənin Konstitusiya nəyinə lazımdır? Ümid edirəm ki, rəiyyət bu təklifi bəyənib öz ürək sözlərini əlavə etsə, siyasi həyatımızda milli falaqqa-çubuq və milli dar ağacları da yerini tutacaq.Əminəm ki, ReAL Partiyası qalsa, adını dəyişməli olacaq, zira “Respublikaçı Alternativ”dən dövlət quruluşuna qarşı aşkar qiyam qoxusu gələcək. Meydan TV