Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfərə gəlib. Üç günlük səfər öz məhsuldarlığı ilə seçilib. Səfər çərçivəsində Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella, İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni, İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri ilə görüşləri keçirilib, paytaxt Roma şəhərində iki ölkə başçılarının iştirakı ilə Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.
Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada iştirak edərək geniş çıxış edib.
Hazırda Bakı–Roma əlaqələri yüksək dinamizmə, oturuşmuş dönməz struktura malikdir. Azərbaycan–İtaliya dövlətlərarası təmasındakı müsbət mənzərəni xarakterizə edən amillər çoxdur. Ən başlıca amil Azərbaycanın dünya siyasətində yeri və rolu ilə bağlıdır. Qətiyyətlə demək olar ki, ölkəmizin uğurlu enerji siyasəti, ümumən beynəlxalq siyasətdəki prinsipiallığa söykənmiş rasionallıq və balanslılığı ölkəmizin qlobal aktora çevrilməsində mühüm halqadır.
Azərbaycan–İtaliya əməkdaşlığı bu halqanın Avropa seqmentinin aktivliyi baxımından nümunədir. Hesab edirik ki, məhz bu nümunəvilik hər iki ölkə üçün son dərəcə müstəsna dəyərdir. Sevindirici haldır ki, Prezident İlham Əliyevin İtaliyaya sayca üçüncü olan səfəri həmin dəyərin həm vurğulanması, onun yeni və daha dolğun səhnələrinin yaşanması ilə əlamətdar oldu.
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri mühüm önəm daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşündə də bu səfərin əhəmiyyəti yüksək dəyərləndirilib, iki ölkə arasında əlaqələrin gündən-günə inkişafının, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın möhkəmlənməsinin xüsusi məmnunluq doğurduğu diqqətə çatdırılıb. Dövlətimizin başçısının İtaliyaya bu səfərinin çox səmərəli olduğu qeyd edilərək, Prezident İlham Əliyevlə İtaliya–Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyində olan məsələlərə dair ətraflı müzakirələr aparıldığı vurğulanıb, iki ölkə arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyi bildirilib. Eyni zamanda, ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin, xüsusilə sənaye, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi, humanitar, mədəni istiqamətlərdə əlaqələrin inkişafı barədə ətraflı fikir mübadiləsi aparılıb. Humanitar-mədəni əlaqələrin inkişafında ADA Universiteti ilə İtaliya universitetləri arasında İtaliya-Azərbaycan Universiteti layihəsinin önəmi xüsusi qeyd olunub.
Bu gün Azərbaycanın İtaliya ilə əməkdaşlığı qarşılıqlı etimad və maraqlar əsasında inkişaf edir. Bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsi kimi diqqət çəkir. Belə bir əməkdaşlığın təməlində isə təbii ki, Azərbaycanın dünya siyasətində tutduğu mövqe, eləcə də ölkəmizin qlobal siyasətdə aktora çevrilməsi amili həlledici rol oynayır.
Azərbaycan rəhbərinin dost ölkədə keçirdiyi görüş və müzakirələrdə təkcə ikitərəfli münasibətlər deyil, Avropa məkanı ilə də münasibətlərin yeni mərhələdə davamı əksini tapdı. Dövlətimizin başçısı Beynəlxalq Çernobbio Forumundakı çıxışında dİtaliya ilə münasibətlərin ümumavropa önəmi daşıdığını vurğuladı: “Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq bəyannamə, təqribən, 10 il əvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Bu, 2020-ci ildən bəri mənim İtaliyaya 3-cü səfərimdir. Prezident Matarella 2018-ci ildə Azərbaycana səfər etmişdir. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir”.
Dövlətimizin başçısının İtaliyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərdə enerji sahəsində ikitərəfli əməkdaşlığın getdikcə möhkəmlənməsi xüsusi məmnunluqla ifadə edilib. Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə, onun hazırda İtaliyanın və Avropa ölkələrinin enerji təhlükəsizliyində roluna toxunulub, TAP-ın ötürücülük qabiliyyətinin artırılması barədə fikir mübadiləsi aparılıb. Dost ölkənin “Eni S.P.A” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi yüksək dəyərləndirilib və bu qurumların üçüncü ölkələrdə birgə layihələrdə iştirakı məsələsi barədə fikirlər səsləndirilib.
İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizi (CQD) və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amil kimi dost ölkə tərəfindən yüksək qiymətləndirilib.
Dövlətimizin başçısı İtaliyaya işgüzar səfəri çərçivəsində Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyadakı çıxışında CQD-nin fəaliyyətini yüksək qiymətləndirərək bu qaz dəhlizinin hazırda 10 ölkənin enerji təhlükəsizliyini gerçəkləşdirdiyini bildirib. Ölkəmizin rəhbəri daha sonra Azərbaycandan İtaliyaya uzanan 3500 kilometrlik CQD-nin bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini vurğulayaraq deyib: “Bu gün 10 ölkə Azərbaycandan qaz alır və bu ölkələrin 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır”.
Qeyd edək ki, CQD Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçərək Azərbaycan qazını İtaliyanın Brindisi sənaye limanındakı son təyinat nöqtəsinə çatdırır. CQD-nin son hissəsi – TAP Azərbaycandan ilk dəfə olaraq təbii qazı İtaliyaya daşıyır.
Hazırda elektrik enerjisi sahəsində də İtaliya şirkətləri əsas tərəfdaşlarımızdır. Məsələn, məşhur “Ansaldo” şirkəti hazırda Mingəçevirdə tikilən 1300 meqavata yaxın gücü olan elektrik stansiyası üçün turbinlərin təchizatçısıdır. İtaliyanın digər şirkətləri, məsələn, “Maire Tecnimont” böyük sənaye sahəsinin podratçısı idi. Həmçinin Azərbaycanın neft emalı zavodunun təmirində ölkəmizə kömək edir. Beləliklə, bu, həqiqətən çox möhkəm və ildən-ilə böyüyən çoxşaxəli təməldir.
Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata keçirilən demokratik proseslər və sosial-iqtisadi islahatlarla yanaşı, uğurlu xarici siyasət dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini respublikamıza yönəldib. Şübhəsiz ki, bütün bunlar beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın daha da güclənməsinə, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayının artmasına, Azərbaycanla Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunun imzalanmasına öz müsbət təsirini göstərib.
Hazırda Azərbaycan regionun yeganə ölkəsidir ki, mürəkkəb geosiyasi şəraitdə müstəqil uğurlu xarici siyasət yürüdərək milli maraqlara söykənən prinsiplərlə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Bunun nəticəsidir ki, dövlətimizin gerçəkləşdirdiyi enerji layihələri, regional inteqrasiyanı sürətləndirən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır.
İsrafil Kərimov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü